“Bodenştedt oğrudurmu, doğrudurmu?”

post-img

Dekabrın 5-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Məti Osmanoğlunun “Bodenştedt oğrudurmu, doğrudurmu?” kitabının müzakirəsi keçirilib. 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə baş tutan mərasimdə Akademiyanın müxtəlif institutlarınım əməkdaşları, ziyalılar, ictimai xadimlər, BDU-nun professor-müəllim heyəti,  tələbələr və KİV mənsubları iştirak ediblər. 

AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev mərasimi açaraq kitabla bağlı təəssüratlarını bölüşüb. O, həmçinin son dövrlərdə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən kompleks islahatlardan, elmi tədqiqatlarda yeni yanaşmaların irəli sürülməsindən, müstəqillik və azərbaycançılıq mövqeyinin möhkəmlənməsindən, eləcə də humanitar-sosial elmlər sahəsində əldə olunan mühüm nəticələrdən bəhs edib.

Hikmət Quliyev əsərdə Fridrix Martin fon Bodenştedtin Tiflisdən İrəvana səfərinin həm folklorşünaslıq, həm tarixşünaslıq, həm də diplomatiya baxımından əhatəli təsvir olunduğunu bildirib. Qeyd edib ki, müəllif ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığı kontekstində kollektiv və kommunikativ yaddaş anlayışlarını tətbiq edərək səfərin mədəni kodlarını şərh edib.

Direktor vurğulayıb ki, Məti Osmanoğlu kitabda XIX əsrdə bölgədə Azərbaycan dilinin kommunikativ və sosial-mədəni dominantlığını faktlarla əsaslandırıb. Müəllif Bodenştedtin İrəvanda iştirak etdiyi ziyafətdə nağılçı-aşığın Azərbaycan dilində danışmasını, “Allahverdi”, “yaxşı yol” kimi ifadələrin gürcü və erməni mühitində də işlənməsini bu dilin mədəni nüfuzunun göstəricisi kimi dəyərləndirib. O, sözügedən ifadələrin bu gün də Gürcüstandakı məclislərdə istifadə olunmasını həmin mədəni ənənənin təsir gücünü göstərən fakt olduğunu diqqətə çatdırıb.

“Məti Osmanoğlu nəzəri məsələləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, bölgədə hətta gürcü və erməni məclislərində belə dominant dil Azərbaycan dilidir. Bodenştedtin də təsvirlərindən aydın görünür ki, İrəvandakı məclislərdə dominant dil Azərbaycan dilidir. Bu fakt yalnız dilin istifadəsi ilə məhdudlaşmır, onun arxasında geniş tarixi-mədəni təcrübə və emosional-mənəvi  təsir dayanır,” – deyə Hikmət Quliyev əlavə edib.

O, həmçinin qeyd edib ki, kitabda Bodenştedtin Qafqaz və Azərbaycanla bağlı əsərlərində çar Rusiyasının bölgədəki işğalçılıq siyasətinə münasibəti də araşdırılıb. 

Hikmət Quliyev yeni nəşri Azərbaycan ədəbiyyatı, folklorşünaslığı, elmi-ictimai fikrinə dəyərli töhfə kimi dəyərləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra kitabın elmi redaktoru, BDU-nun Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov çıxış edərək kitabla bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, kitab uzun illərdir Azərbaycanda “şeir oğrusu” kimi tanınan alman yazıçısı Fridrix fon Bodenştedtin şəxsiyyəti ilə bağlı fərqli yanaşma və sual ortaya qoyur. 

Bodenştedtin təxminən iki il ərzində Azərbaycanda olduğunu söyləyən Elçin Məmmədov onun həmin müddətdə dilimizi lazımi səviyyədə öyrəndiyini və Azərbaycan ədiblərinin əsərlərini öz anladığı formada alman dilinə çevirdiyini bildirib.

O, Bodenştedtin Mirzə Şəfi ilə münasibətlərindən də bəhs edərək, alman yazarının Qafqaz xalqlarının tarixi, dili, mədəniyyəti ilə bağlı tədqiqatlarının önəminə toxunub. Qeyd edib ki, Bodenştedt Qafqaz gerçəkliklərinə şair kimi deyil, həm də tarixçi və siyasi şərhçi mövqeyindən yanaşıb. Onun Qafqazla bağlı irəli sürdüyü ən mühüm tezislərdən biri bu coğrafiyada məskunlaşmış türk etnosunu Qafqazın ən qədim aborigen etnoslarından biri kimi təqdim etməsidir. 

Elçin Məmmədov bildirib ki, tənqidə və tərifə açıq olan bu nəşr gələcəkdə yeni tədqiqatlar üçün geniş imkanlar açacaq. Mövzunun müxtəlif aspektlərdən yenidən araşdırılması, həmçinin Azərbaycanda Bodenştedtin tanıdılmasına dair yeni baxışların formalaşması böyük əhəmiyyət kəsb edir. 

Dekan çıxışının sonunda kitabın Azərbaycan–Almaniya ədəbi əlaqələri nöqteyi-nəzərindən önəmini vurğulayıb, bugünkü müzakirənin həm elmi, həm də nəzəri baxımdan faydalı olduğunu söyləyib.

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çıxış edərək kitabda bir əsrdən çoxdur cəmiyyəti düşündürən “Bodenştedt oğrudurmu?” mövzusunun ətraflı şərh olunduğunu bildirib. O, nəşrin Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən də maraqla qarşılandığını deyib. Qeyd edib ki, böyük zəhmət hesabına ərsəyə gələn bu kitab bir sıra sirlərin üstünün açılmasına rəvac verə və gələcək tədqiqatlara işıq sala bilər.

Aygün Bağırlı müqayisəli məsələlərin yer aldığı kitabın Azərbaycan ədəbiyyatşünaslıq və tarixşünaslıq elmi üçün mötəbər mənbə olduğunu vurğulayıb.

Daha sonra Folklor İnstitutunun şöbə müdiri professor Seyfəddin Rzasoy, Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Şahbaz Musayev, BDU-nun Türkologiya fakültəsinin kafedra müdiri professor Məhərrəm Məmmədli, Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, dosent Leyla Məmmədova, Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli, Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru Səfa Qarayev, Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Bədirxan Əhmədli, Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, dosent Mətanət Abbasova, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıbzadə və Odlar Yurdu Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Rüstəm Kamal çıxış edərək kitabın elmi əhəmiyyətini, yanaşmaların yeniliyini və Azərbaycan ədəbiyyatşünaslığındakı yerini yüksək qiymətləndiriblər. Çıxış edənlər kitabın yalnız tarixi-akademik araşdırma deyil, həm də unudulmuş yaddaşın dirçəldilməsi, mədəni-mənəvi köklərin bərpası cəhdi olduğunu vurğulayıblar.

Tədbirin sonunda Məti Osmanoğlu çıxış edərək təşkilatçılara minnətdarlığını ifadə edib. Qeyd edib ki, bu müzakirə yalnız kitabın təqdimatı deyil, həm də yaddaşın, mədəniyyətin və elmi düşüncənin bir araya gəldiyi mühüm bir platformadır.

Qeyd edək ki, kitabda XIX əsrdə Avropada Qafqazın, o cümlədən Azərbaycanın tarixi, siyasi vəziyyəti və mədəniyyəti ilə bağlı silsilə əsərlər nəşr etdirmiş Fridrix Martin fon Bodenştedtin yaradıcılığında Rusiyanın Qafqazdakı işğal siyasəti, eləcə də Azərbaycan mövzusu araşdırılıb. Mətnlərin alman dilindən tərcüməsində müasir rəqəmsal dil texnologiyalarının istifadə edilib.

Qabil YUSİFOĞLU
XQ

 



Elm