Martın 18-də Milli Kitabxanada AMEA-nın müxbir üzvü, görkəmli ədəbiyyatşünas alim və Nizamişünaslıq sahəsində tanınmış tədqiqatçı, professor Nüşabə Araslının anadan olmasının 85 illik yubileyi münasıbətilə “Professor Nüşabə Araslı” adlı kitab şərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə alimin əsərləri, həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən ədəbiyyatlar sərgilənir.
Nüşabə Həmid qızı Araslı 1941-ci il martın 25-də Bakı şəhərində anadan olub. İlk təhsilini 1947–1957-ci illərdə alıb, 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars dili ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub.
Elmi fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) Əlyazmalar Fondunda kiçik elmi işçi kimi başlayıb. 1966-cı ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub, 1969-cu ildə “Arif Ərdəbili və onun "Fərhadnamə poeması" mövzusunda namizədlik, 1988-ci ildə “Nizami və türk ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb.
Nüşabə Araslı 1969-cu ildən etibarən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”, “Nizamişünaslıq” və “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbələrində kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2014-cü ildən etibarən həmin institutun Nizamişünaslıq şöbəsinə rəhbərlik edir.
Professor Nüşabə Araslı uzun illər Azərbaycan ədəbiyyatının, xüsusilə Nizami Gəncəvinin yaradıcılığının araşdırılması ilə məşğul olub, bu sahədə mühüm elmi əsərlər yazaraq Azərbaycan ədəbiyyatşünaslığının inkişafına dəyərli töhfələr verib.
Alimin elmi fəaliyyətinin əsas istiqamətləri qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik poeziyanın Şərq xalqları ədəbiyyatları ilə qarşılıqlı əlaqələri və tipologiyası, “Kitabi-Dədə Qorqud” abidəsi, eləcə də Xaqani, Arif Ərdəbili, Nəsimi, Xətai, Füzuli kimi sənətkarların ədəbi irsinin tədqiqini əhatə edir.
Nüşabə Araslı elm sahəsindəki xidmətlərinə görə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
Alim 2010-cu ildə professor elmi adını alıb. AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı 2 may 2017-ci il qərarına əsasən, AMEA-nın müxbir üzvü seçilib.

