Martın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
Baş Prokurorluqdan XQ-yə verilən məlumata görə, iclası Azərbaycan Respublikasının Baş prokuroru, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev açaraq ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib, çıxışında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini də vurğulayıb.
Çıxış zamanı qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunub, Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyub.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu, həyata keçirilən genişmiqyaslı beynəlxalq əməkdaşlıq və regionda sabitlik və inkişafın təmin olunmasına yönəlmiş siyasətin əhəmiyyəti xüsusi vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə sosial, humanitar və mədəni sahələrdə həyata keçirilən çoxşaxəli layihə və təşəbbüslər ölkəmizin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və beynəlxalq humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq hüquq tətbiqi təcrübəsində aktual olan bir sıra məsələlər müzakirə edilib. Müzakirələr zamanı cinayət və inzibati qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər, istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklər, eləcə də məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində yaranan problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Belə ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə müəyyən edilən və yol-nəqliyyat hadisəsi yerindən qaçmadan bəhs edən norma, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev ifadənin yerində yoxlanılması istintaq hərəkətinin sübutetmə prosesində əhəmiyyəti və bu istintaq hərəkətinin yerinə yetirilməsi zamanı qarşıya çıxan çətinliklər, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində korrupsiya xarakterli, lakin cinayət tərkibi yaratmayan əməllər üçün dəqiq normalar və sanksiyaların təsbit edilməsinə dair məsələlər, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində ortaya çıxan problemlər barədə çıxış edib.
Qeyd olunanlardan əlavə, iclasda cinayət təqibi sahəsində mövcud problemlərin elmi və praktiki baxımdan araşdırılmasına həsr olunmuş “Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı aparılan cinayət təqibinin xüsusiyyətləri və mövcud problemlər” və “Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri” adlı metodik vəsaitlər təqdim olunub, Şura üzvləri tərəfindən həmin vəsaitlərin hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və hüquq mühafizə orqanlarının fəaliyyətində praktiki əhəmiyyət daşıdığı vurğulanıb.
İclas çərçivəsində gündəlikdə duran digər aktual məsələlər üzrə də fikir mübadiləsi aparılıb, Şura üzvləri tərəfindən bir sıra təkliflər irəli sürülüb.
İclasın sonunda Elmi-Məsləhət Şurasının sədri yekun nitqi ilə çıxış edərək aparılmış müzakirələrin hüquq sisteminin inkişafına və qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

