Daşkənddə Novruz bayramı münasibətilə şənlik keçirilib

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Novruz bayramı münasibətilə bayram şənliyi keçirib.

Mədəniyyət Mərkəzinin həyətində baş tutan bayram tədbirində səfirliyimizin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bu münasibətlə iştirakçıları təbrik edib, Novruz bayramının tarixi haqqında məlumat verib. O bildirib ki, 2010-cu ildə Azərbaycan, Albaniya, Türkiyə, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.

A.Marifli deyib ki, Novruz bayramı ta qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır.

Yunus Rəcəbi adına Milli Musiqi Sənəti İnstitutunun rektoru, professor Eldor Şermanov və Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun rəisi Mi̇razam Xamrayev Novruzun Özbəkistanda da yüksək səviyyədə qeyd olunduğunu bildiriblər. Deyilib ki, Novruz bayramının beş min il yaşı var. Böyük şair və mütəfəkkirlər Nizami Gəncəvi, İbn Sina, Rudəki, Sədi, Hafiz və başqaları əsərlərində Novruzun  İslamdan xeyli əvvəl yarandığını qeyd ediblər.

Sonra ölkəmizdən  dəvət olunmuş Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Fəxri Kazım-Nicat və Kamran Məmmədəliyev, Özbəkistanın əməkdar artistləri İlyos Arabov və Mоhiçehra Şamuratova, xalq mahnıları və təsniflərimizi, özbək mahnılarını, AMM-nin “Qarabağ zəfəri” rəqs ansamblının üzvlərin  milli rəqslərimizi, mərkəzin “Xarı bülbül” teatr truppası Azərbaycan klassik komediyalarından parçalar ifa ediblər.

Bayram şənliyi ilə əlaqədar tədbir iştirakçılarına Novruz şirniyyatları paylanıb.

Sonda Novruzun simvolu olan tonqal çatılıb, bayraam iştirakçıları tonqal ətrafında rəqs ediblər. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 















Sosial həyat