İsveçin Uppsala şəhərində “İsveç Tələbə və Məzunlar Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “İsveçdə tələbə və məzunların V yığıncağı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsveçin müxtəlif şəhərlərindən azərbaycanlı tələbə və məzunlar iştirak ediblər. Yığıncağın əsas məqsədi İsveçdə təhsil alan və təhsilini başa vuran gənclər arasında əlaqələri genişləndirmək, sosiallaşmaq və akademik müzakirələr aparmaqdır.
Proqram iştirakçıların Uppsala şəhərində tarixi gəzinti və muzey səfəri ilə başlayıb. Onlar Skandinaviyanın ən qədim universiteti, İsveçin ən hündür katedralı və həmçinin şəhərin 1600 illik tarixi ilə tanış olublar.
Şəhər gəzintisindən sonra İctimai Birliyin İdarə Heyətinin rəhbəri Gülgün Fərziyeva və heyət üzvləri Nərmin Abbasova və Məftun Qafarov təşkilatın tarixi, həyata keçirdiyi layihələr və üzvlük üstünlükləri barədə məlumat verib. Birliyin həmtəsisçisi Rahil Məmmədov təşkilatın dövlətimizin gənclər siyasətinə uyğun olaraq verdiyi töhfələrdən danışıb və gəncləri bu prosesdə fəal iştirak etməyə çağırıb.
“Savadlı və potensiallı gənclərin könüllü olaraq bir araya gələrək cəmiyyətimizə qatqı verməsi onların gələcək peşəkar fəaliyyətlərində əzmkar və zəhmətkeş bir kadr olaraq formalaşacağından xəbər verir”, - R. Məmmədov qeyd edib.
2020-ci ildə əsası qoyulan və 2021-ci ildən etibarən yeni istiqamətlər əsasında formalaşdırılmış təşkilatın üzvləri arasında birliyin gücləndirilməsi, akademik savadlılığın artırılması və daha böyük hədəflərə doğru irəliləməsi 2030-cu ilə qədər təşkilatın əsas strategiyası kimi müəyyən edilib.
Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov çıxışında İsveçdə təhsil alan gənclərin uğurlu fəaliyyətlərini və dövlətimizin gənclər üçün yaratdığı xaricdə təhsil imkanlarını yüksək qiymətləndirib. O, Azərbaycanın beynəlxalq tədbirlərdə əldə etdiyi uğurları vurğulayaraq, gənclərin bu istiqamətlərdə daha fəal iştirak edəcəyinə ümid etdiyini qeyd edib.
“İsveçdə təhsil alan və təhsilini başa vurmuş gənclərin birlik nümayiş etdirərək dövlətimizin gənclər siyasətinə uyğun töhfələr verməsi təqdirəlayiqdir. Bu baxımdan daha konstruktiv və məqsədyönlü fəaliyyətlərin həyata keçirilməsi zəruridir”, - deyə səfir vurğulayıb. O, həmçinin xaricdə təhsillə bağlı dövlət proqramının əhəmiyyətini ön plana çəkərək, yüzlərlə gəncin ittifaqın aparıcı ali təhsil müəssisələrinə göndərildiyini xatırladıb. Səfir əlavə edib ki, bu platforma xaricdə təhsil alan tələbələrimizin Vətənlə əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır.
Tədbirin akademik hissəsi çərçivəsində “Xəzər Dənizi Regionunda İqlim Fəaliyyəti və Ekoloji Davamlılıq - İsveçin Təbiəti Qoruma Təcrübəsi Kontekstində” (“Climate Action and Environmental Sustainability in the Caspian Sea Region Through the Lens of Swedish Nature Preservation Experience”) mövzusu müzakirəyə çıxarılaraq təşkilatın illik fəaliyyət planının əsası müəyyən edilib.
Müzakirələr zamanı Lund Universitetində “Environmental Studies and Sustainability Sciences” ixtisası üzrə magistr təhsili alan Həmidəxanım Hüseynova da çıxış edib. O, Xəzər dənizindəki ekoloji böhran mövzusuna toxunaraq problemin regiona ümumi təsirləri və Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında vurğuladığı məqamlar haqqında danışdı.
Çıxışlardan sonra isveçli rejissor Mikael Silkeberqin “History of Folk Jazz from West to East” adlı sənədli filmi nümayiş olunub. Daha sonra tədbir iştirakçıları Azərbaycanla İsveçin tarixi və mədəniyyətinə həsr edilmiş viktorinada iştirak ediblər. İntellektual oyunun qalibləri təşkilat tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, “İsveç Tələbə və Məzunlar Şəbəkəsi Azərbaycan” İctimai Birliyi İsveçdə təhsil alan və təhsilini başa vuran azərbaycanlıları bir araya gətirmək, onların maraq və əlaqələrini genişləndirmək, eləcə də təhsil, elm, biznes, texnologiya, davamlı inkişaf və mədəniyyət sahələrində layihələr təşkil etmək məqsədi daşıyan, həm Azərbaycanda, həm də İsveçdə fəaliyyət göstərən qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır.








