Nə köçkünük, nə də qonaq...

post-img

Xoş bir payız səhərinin təravətli havası Xocalı rayonunun Ballıca kəndinə yeni nəfəs verir. Dağların arxasından qalxan günəş Qırxqıza doğru irəlilədikcə, həyətlərdən örüşə tələsən qoyun-quzuların, inəklərin mələşməsi eşidilir, əkilib-becərilən torpaq yenidən canlanır. Bir vaxtlar erməni quldurlarının tapdağı altında əzilən bu kənddə indi həyat qaynayır. Qarabağda Böyük Qayıdışın ilk ünvanlarından olan Ballıca illər sonra yenidən əsl sahiblərinin yaşayış məskəninə çevrilir.

Artıq 7-ci aydır məcburi köçkünlük həyatı ilə vidalaşaraq Ballıcaya qayıtmış Abdullayevlər ailəsi də sevinclə, qürurla doğma yurdlarında yaşayır, öz halal zəhmətləri ilə dolanır, sabaha ümidlə baxırlar. Ailənin başçısı, 67 yaşlı Südabə Abdullayeva üçün bu torpaq sadəcə ev, yurd deyil, bir ömür boyu ürəyində daşıdığı Vətəndir. Gülümsəyərək deyir ki, bura bizim nəfəs yerimiz, ömrümüzün yeni novrağıdır.

Əsasən heyvandarlıqla məşğul olan ailənin təxminən 30 baş mal-qarası var. Süddən yağ, pendir, qaymaq, qatıq hazırlayıb satır, öz təbirlərincə, yaxşı da yaşayırlar. Həyətdə toyuq-gücə də az deyil. Qəfil bir qonaqları gəlsə, kəsməyə çolpaları, səhər bişirməyə yumurtaları var. Yəni dolanışıq üçün hər şey öz əllərinin zəhmətindən doğur. Zəhmətlə yaşamaq isə qürurvericidir.

Südabə xanım elə bu yerlərdə doğulub. Qayğısız uşaqlığı, xoşbəxt gəncliyi Xocalının Daşbulaq, Kosalar kəndlərində keçib. Ötən əsrin 90-cı illərində torpaqlarımıza göz dikmiş erməni quldurlarının qanlı cinayətlərindən baş götürüb qaçmağa məcbur olublar. Köçkünlük vaxtı onlara Ucar, Gəncə, Oğuz qucaq açıb. 4 övladı, 11 nəvəsi var. Həyat yoldaşı Sahib Qarabağ həsrəti ilə dünyasını dəyişib. Onlar zaman-zaman çox şey itirsələr də, doğma yurda dönmək ümidlərini, inamlarını qoruyub saxlayıblar.

İndi oğullarından biri – Səyavuşun ailəsi və 3 nəvəsi ilə Ballıcaya qayıtmış Südabə Abdullayeva bu torpağı dirçəltməyə özünü borclu sayır. Deyir ki, əgər belə sevgi ilə, sevinclə geri qayıdıb yaşamasaydıq, nə bu torpaq, nə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın müqəddəs ruhlar bizi bağışlayardı.

Səyavuş da səhərdən axşama qədər təsərrüfatla, evlərinin qayğıları ilə məşğul olur. “Bu torpaqda yaşamaq üçün gərək torpağı hiss edəsən, hər daşına, hər ağacına can verəsən”, – deyən Səyavuş üçün Ballıca indi keçmişin xatirəsi deyil, gələcəyin ümididir.

Məskunlaşmanın başlamasından keçən qısa vaxtda kəndin siması tamamilə dəyişib. Bir vaxtlar dağıdılmış evlər indi insan nəfəsi ilə hərarətlənir, susqun olan həyətlərdən tüstü qalxır, uşaqlar küçələrdə deyib-gülüb oynayırlar. Bir sözlə, hər yerdə canlanma var. Yolu bu kənddən düşən hər kəs burada həyatın necə sürətlə bərpa olunduğuna şahidlik edə bilər. Ballıcanın digər sakinləri kimi, Abdullayevlər də öz zəhmətləri ilə bu torpağı yenidən dirildiblər. Ən əsası da odur ki, daha onlardan heç biri Ballıcada nə köçkün, nə də qonaq deyil – öz evlərində, öz torpaqlarında, öz alın tərləri ilə yaşayırlar.

Südabə xanım sonda baxışlarını uzaqlara dikib sakitcə deyir: “İllər sonra bu torpağa qayıdıb yenidən yaşamaqdan, burada çörək bişirməkdən, süd sağmaqdan, torpaqla təmasda olmaqdan böyük xoşbəxtlik yoxdur. Dövlətimiz var olsun, bizim üçün hər cür şərait yaradılıb. 3 otaqlı, təmirli evlə təmin olunmuşuq. Qazımız, suyumuz, işığımız daimidir. İnternet çəkilib, yollar asfaltlanıb. Daha başqa nə arzulaya bilərik?”.

Səyavuş da anasının sözlərini başı ilə təsdiq edir: “Biz həm sevinirik, həm də qürur duyuruq. Çünki Ballıca yenidən xoş günlərini yaşayır. Bu gün Ballıca təkcə bir kənd deyil, qayıdışın, dirçəlişin, səbrin və Vətən sevgisinin adıdır”.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı



Sosial həyat