Ölməz ekran əsərləri

post-img

(əvvəli qəzetin 15, 25 və 28 noyabr tarixli saylarında)

Azərbaycan kinematoqrafiyasında öz yeri olan 2 filmin – “Alma almaya bənzər”in və “Tütək səsi”nin çəkilişindən 50 il keçir. Hər iki genişekranlı kino əsəri zamanında tamaşaçı auditoriyasının böyük rəğbətini qazanıb, bu gün də maraqla baxılır.

“Alma almaya bənzər”

Tanınmış rejissor Arif Babayev bu kinolentə qədər “Uşaqlığın son gecəsi” və “Gün keçdi” kimi bədii filmləri ilə öz sözünü deyə bilmişdi, sonra isə “Arxadan vurulan zərbə” və “Birisigün gecəyarısı”nı çəkəcəkdi. Adı məşhur xalq mahnısından götürülmüş yubilyar lirik kinokomediya isə onun zirvə yolunun yumorla zəngin mühüm mərhələsini təşkil edir. Ssenari müəllifi Alla Axundovadır.

Filmin baş qəhrəmanı Nadir baba (Hüseynağa Sadıqov) ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da, biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyir. Nəhayət, gərgin əmək və təcrübələr sayəsində buna nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllim (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud telefonçu (Suğra Bağırzadə) mehriban və diqqətli olur, 7 qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində isə, nəhayət, oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.

“Alma almaya bənzər”də Fazil Salayev, Hacıbaba Bağırov, Ramiz Əzizbəyli, Tələt Rəhmanov, Arif Mədətov, Nadir Əsgərov və başqaları rol alıblar. Hər biri də filmə özünəməxsus kolorit qatıb. Çəkilişlər əsasən Qubanın alma bağlarında gerçəkləşib. Montaj və səsləndirmə də daxil olmaqla proseslər yarım ilədək davam edib.

Filmdə Hacıbaba Bağırovun rolu (Məmmədəli) böyük olmasa da, onun sözləri dillər əzbəridir: “İstəyirsən, sənin üçün bazarı bağlatdırım” və ya “İstəyirsən, sənin üçün texnikuma girim, necədir sənin üçün?”.

Hazırda Azərbaycan Dövlət Film Fondunun direktoru olan Cəmil Quliyev bu filmdə Bakıdakı 40 nömrəli məktəbin şagirdləri ilə bərabər Kərimov roluna çəkiləndə 12 yaşı vardı. İstedadlı debütü onun gələcək həyat yolunu müəyyənləşdirib və bir neçə il sonra Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil olaraq orada kinorejissor ixtisasına yiyələnib. Bu, sehrli almaların təkcə kinoda deyil, real həyatda da uğura yol açdığına bir misaldır.

Film haqqında əhatəli məqalə müəllifi olan Ulduzə Qaraqızı yazır ki, maraqlı epizodlardan biri müəllimin təkidi ilə Kərimovun alma yediyi səhnədir. O, almanı yeyib qurtardıqdan sonra Ayşə müəllimin danlağına səbəb olur: “Sən almanın tumlarını da yemisən?”. Əslində isə alma Nadir babanın yetişdirdiyi yeni növdən olduğuna görə, çəyirdəksiz idi və qış vaxtı sinif çəkilişlərinin aparıldığı kinostudiya pavilyonuna məhz Qubadan gətirilmişdi. Özü də 2 dəfə. Əvvəlcə gətirilənləri kimsə “həzmi-rabe”dən keçirdiyi üçün yenidən Qubaya “alıcı” ezam olunubmuş.

O vaxt hazırlanıb təhvil verilən “Alma almaya bənzər” filmi Moskva sınağından da uğurla keçərək 1-ci kateqoriyaya layiq görülüb.

“Tütək səsi”

Rejissor Rasim Ocaqovun xoş təəssüratı ilə ürəklərdə ocaq yandırdığı 50 yaşlı “Tütək səsi” bədii filmi isə yazıçı-ssenarist İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərlərinin motivləri əsasında ekranlaşdırılıb.

Dramatik janrda olan kinopovestin hadisələri İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Ekran əsərində real həyat, məhəbbət, sarsıntı və müəyyən qədər də sevinc ovqatı var.

Rasim Ocaqovun “Qatır Məmməd”dən sonra 2-ci tammetrajlı bədii filmi olan “Tütək səsi”nin natura çəkilişləri Qusarın Xuray, Əniğ, Urva və digər kəndlərində gerçəkləşib. Kütləvi səhnələrdə 500 nəfərə yaxın kənd sakininin iştirakı, real portret planlar əhvalata sənədli ton gətirir. Rejissor Cəbrayıl rolunda Qatır Məmməd obrazına çəkdiyi Şahmar Ələkbərovu görmək istəyirdi. Amma çəkilişlər başlananda aktyor möhkəm xəstələnir. Ona görə Rasim Ocaqov Moldovan aktyor Mixail Volontiri rola dəvət edir. Şahmar Ələkbərov yalnız həmin personajı səsləndirməklə kifayətlənib.

Digər obrazları Məmmədrza Şeyxzamanov (İsfəndiyar kişi), Yusif Vəliyev (Qılınc Qurban), Liva Eliava (Sayalı), Səfurə İbrahimova (İsmət), Ötkəm İsgəndərov (Nuru), Şükufə Yusifova (Tutu), Sadıq Hüseynov (Rza), Məmmədsadıq Nuriyev (Səlim), Şamil Süleymanov (Cümrü) və başqaları canlandırıblar. Tapdıq rolunun ifaçısı isə uzun müddət AzTV-də və dövlət qulluğunda rəhbər vəzifələrdə çalışmış Əməkdar jurnalist Akif Əli olub. Seyrçilər onu “Arxadan vurulan zərbə” filmindəki Fazil rolundan da yaxşı tanıyırlar.

Akif Əlinin dedikləri: “Tütək səsi” mənim taleyimdə dərin iz buraxıb. Ssenarinin, rejissorun və yaradıcı kollektivin sanbalına görə film çox güclüdür, həm də büsbütün Azərbaycan xarakterlidir. Çox məqamdan söz aça bilərəm, amma ən maraqlı olan oradakı yaradıcı qrup və ərsəyə gələn baxımlı bir filmdir”.

...Muxtarın cəbhədən “qara kağız”ı gəlir. Bu, onun həyat yoldaşı Sayalını hələ gənc yaşlarından sevən Cəbrayıla, bir növ, yol açır və onlar evlənirlər. Amma camaat bunu həzm edə bilmir, əsgər ailəsinə “sataşdığı” üçün onu kənddən qovmaq istəyirlər. Sayalının oğlu Tapdıq evdən gedir, Cümrüdə anasına qarşı güclü nifrət yaranır. O, ağlını itirir və elə hey dama çıxıb yanıqlı-yanıqlı tütək çalır. Eləcə də xəstələnib ölür.

Həmin rolun ifaçısı Şamil Süleyman çəkilişlərdən 30 il sonra Nabranda dincələrkən süd-qatıq aldığı qonşu ondan pul götürməyib. Bir gün də süd üçün gedəndə həyət qapısında balaca bir uşaq ona deyib: “Cümrü əmi, atam dedi ki, siz gəlməyin, özümüz süd-qatığı sizin evə gətirərik”. Məlum olub ki, filmdə Cümrünün tütək çaldığı epizod Qusarda həmin adamın evinin damında çəkilibmiş...

Bu da deyilir ki, Cəbrayılla Sayalının evinin qarşısındakı səhnənin çəkilişi milis maşınlarının nəzarəti altında baş tutub. Kənd camaatına elə gəlib ki, aktyor, doğrudan da, əsgər namusuna sataşıb. Ona görə M.Volontiri döymək istəyiblər. Ləngərli “Ürfani” (“Ruhani”) klassik aşıq havasının ifaçısı isə Aşıq Hüseyn Saraclı idi. Yeri gəlmişkən, “Tütək səsi”nin bəstəkarı Aqşin Əlizadədir. Filmin musiqisi süjet xəttinin dinamikası ilə üst-üstə düşür, filmdəki hadisə və xarakterlərin açılmasına kömək edir.

Filmin sonunda poçtalyon Milli kəndə əsgər gəldiyini xəbər verir. Kim bilir, bəlkə də bu, hamının həlak olmuş bildiyi Muxtar idi. Kinolentin baxışından gəlinən nəticə: Heç nəyə tam əmin olmadan addım atmayın, yanlışlıq baş verər.

(ardı var)

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət