Prokurorluq xəbərləri

post-img

Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar” mövzusunda mühazirə təşkil olunub.

Görüşü Milli Aviasiya Akademiyasının birinci prorektoru, professor Ədalət Səmədov açaraq, akademiyanın rektoru, akademik Arif Paşayevin salamlarını çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

Baş prokuror Kamran Əliyev qeyd edib ki, 2021-ci ildən etibarən Baş Prokurorluqla Milli Aviasiya Akademiyası arasında qurulan əməkdaşlıq əlaqələri bu gün uğurla davam edir və yeni məzmunla zənginləşir. Baş prokuror daha sonra “Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar” mövzusunda mühazirə oxuyaraq, rəqəmsallaşmanın hüquq sahəsində yaratdığı imkanlar və qarşıya çıxan çağırışlar barədə geniş məlumat verib.

Mühazirə zamanı rəqəmsallaşma ilə əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanaraq müzakirə olunması üçün aidiyyəti üzrə göndərilmiş Qanun layihəsi təqdim edilərək, layihədə Cinayət-Prosessual Məcəlləsinə elektron formada sübutların toplanması, kompüter məlumatlarının sübut kimi qəbul edilməsi və mühafizəsi, kompüter sisteminə baxış, axtarış və götürülməsi, elektron cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi, eləcə də digər əlavə və dəyişikliklərin təklif olunduğu bildirilib.

Vurğulanıb ki, bu təkliflər müasir texnologiyaların hüquq-mühafizə fəaliyyətinə tətbiqinin genişləndirilməsi və effektivliyinin artırılmasını hədəfləyir.

Mühazirə zamanı, həmçinin 2023-cü ilin aprel ayından tətbiq olunan “Elektron Prokurorluq” informasiya sisteminin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

***

Aprelin 18-də Baş prokuror Kamran Əliyevin iştirakı ilə Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

Əvvəlcə inzibati binada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub, Ümummilli liderin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra iştirakçılar yeni inzibati binada yaradılan müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş rahat və funksional infrastrukturla tanış olublar.

Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğı, hüquq-mühafizə sisteminin inkişafı istiqamətində atılan mühüm addımların bariz nümunəsidir. Qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür.

Sonda Baş prokuror Kamran Əliyev kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

XQ



Son xəbərlər