Moderna və Merck-in xərçəng əleyhinə vaksininin sınaqları: Melanoma xəstələri üçün yeni ümid
"Moderna" və "Merck" əczaçılıq şirkətləri tərəfindən hazırlanmış eksperimental dəri xərçəngi vaksini beşillik klinik sınaqların nəticələrinə görə ümidverici nəticələr nümayiş etdirib. Əldə edilən məlumatlar yayılmış melanoma xəstələrində güclü və davamlı anti-şiş effektini, həmçinin sağ qalma göstəricilərinin yaxşılaşdığını göstərir.
Hazırda klinik sınaqların 2-ci mərhələsində olan bu terapiya "Moderna"nın fərdiləşdirilmiş mRNT texnologiyasını (intisimeran autogene) "Merck"in immunoterapiya preparatı olan Keytruda ilə birləşdirir. "Euronews"un məlumatına görə, bu yanaşmalar birlikdə tətbiq edildikdə, cərrahi əməliyyat keçirmiş yüksək riskli melanoma xəstələrində xərçəngin təkrarlanma və ya ölüm riskini, yalnız Keytruda ilə aparılan monoterapiya ilə müqayisədə 49 faiz azaldıb.
"Moderna"nın baş vitse-prezidenti Kayl Holen bildirib: "mRNT-nin xərçəng müalicəsindəki potensialını göstərən bu cür ruhlandırıcı nəticələr sayəsində onkoloji platformamıza investisiya qoymağa davam edirik".
mRNT texnologiyası immun hüceyrələrinə xərçəngin unikal markerlərini tanımağı öyrətməklə fəaliyyət göstərir, Keytruda isə şişlərin immun sistemindən gizlənmək üçün istifadə etdiyi PD-1 zülallarını bloklayır. Bu, immun cavabda əsas rol oynayan T-hüceyrələrinə şişlərə daha effektiv hücum etməyə imkan verir.
İndi "Moderna" və "Merck" terapiyanın faydasını daha çox sayda pasiyent üzərində təsdiqləmək üçün klinik sınaqların sonuncu – üçüncü mərhələsinin nəticələrini gözləyirlər. Yeni terapiya cərrahi yolla xaric edildikdən sonra belə yayıla bilən agressiv dəri xərçəngi formasına — yüksək riskli melanomaya qarşı yönəlib.
Dəri xərçənginin ən təhlükəli forması olan melanoma melanin istehsal edən hüceyrələrin nəzarətsiz böyüməsi ilə xarakterizə olunur. Son onilliklərdə bu xəstəliyə yoluxma halları artmaqdadır: 2022-ci ildə dünyada 330 mindən çox yeni melanoma halı aşkar edilib. Avropa İttifaqı ölkələrində hər il təxminən 15 700 nəfərə yüksək riskli melanoma diaqnozu qoyulur ki, bu da bütün melanoma hallarının 15 faizini təşkil edir; adətən xəstəlik 3-cü və 4-cü mərhələlərdə aşkar olunur.
Bənzər mRNT vaksinləri "BioNTech" və "Roche" şirkətləri tərəfindən də hazırlanır; onların hamısı klinik sınaqların ilkin mərhələlərindədir. Bundan əlavə, "Moderna" və "Merck" eyni texnologiyanı ağciyər xərçəngi, sidik kisəsi xərçəngi və böyrək xərçənginin ən çox yayılmış forması olan böyrək hüceyrəli karsinoma tədqiqatlarında da sınaqdan keçirirlər.

