Hazırda xarici siyasətimizin Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş prioritetlərindən biri Qərbi Azərbaycana qayıdışdır, onun hüquqi əsaslarıdır, hüquqi bazanın genişləndirilməsidir və qlobal ictimai rəyə maksimum informasiya ötürməkdən ibarətdir ki, Qərbi Azərbaycan ərazisi azərbaycanlıların torpaqlarıdır, ata-baba yurdumuzdur və Qərbi Azərbaycandan etnik təmizləmə siyasətinə məruz qalmış 300 mindən çox azərbaycanlının hüquqları hələ də tapdalanmaqdadır. Ona görə də vaxtaşırı beynəlxalq konfransların keçirilməsi, bu həqiqətlərin dünyaya çatdırılması aktual çağırış kimi gündəmdə durur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib. Deputat bildirib ki, Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə bu gün keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda konfrans aktual məsələyə həsr edilib.
Hikmət Babaoğlu diqqətə çatdırıb ki, bu konfrans, eyni zamanda, tarixi kontekstdə erməni uydurmaları və yalanlarının ifşa olunmasına xidmət edir.
“Tarixi həqiqətlərin ortaya çıxarılması daimi bir prosesdir. Ona görə də Azərbaycanda bu istiqamət üzrə aparılan tədqiqatların belə konfranslarda təqdim olunması həm elmi məzmun və mahiyyət etibarilə, həm də bugünkü siyasi çağırışlar və hüquqi məqsədlər üçün olduqca əhəmiyyətlidir”, - deyə deputat qeyd edib.
Müsahibimiz onu da bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əksini tapan müddəalar, o cümlədən, dinc yolla, ləyaqətlə qayıtmaq, Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarının, onların təhlükəsizliyinin təmin olunması – bütün bunların heç biri hüquqdan kənar deyil. Bu müddəaların həm beynəlxalq hüquqda, həm də milli hüquqda əsasları var.
“Ona görə də hüquqi yolların nəzərdən keçirilməsi, millət olaraq ictimai yaddaşımızın yenilənməsi, Qərbi Azərbaycana qayıdışın realizə olunması üçün bu cür konfransların keçirilməsi olduqca əhəmiyyətlidir. Düşünürəm ki, konfrans öz qarşısına qoyduğu məqsədə çatacaq.
Qərbi Azərbaycan İcmasının öz torpaqlarına qayıtması ilə bağlı 10-dan çox müraciəti BMT Baş Assambleyasının rəsmi sənədi kimi bu günə qədər yayımlanıb. Belə elmi konfranslarda da bu məqsədin nə qədər doğru olduğu bir daha ortaya çıxır”, - deyə Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Hikmət Babaoğlu bildirib.