AMEA Naxçıvan Bölməsində “8 Noyabr - Zəfər bayramı” mövzusunda elmi konfrans keçirilib

post-img

AMEA Naxçıvan Bölməsində “8 Noyabr - Zəfər bayramı” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əməkdaşları Zəfər bayramı münasibətilə təbrik edib,  Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə 8 Noyabr gününün “Zəfər Günü” kimi qeyd olunmasının böyük tarixi və mənəvi əhəmiyyətini vurğulayıb.

Akademik qeyd edib ki, Azərbaycan torpaqları üzərində ərazi iddialarının kökləri XIX əsrin əvvəllərində imzalanan Türkmənçay və Gülüstan müqavilələrinə qədər uzanır. Həmin müqavilələr nəticəsində Cənubi Qafqaz Rusiya imperiyasının tərkibinə qatılmış, Azərbaycanın tarixi torpaqları süni şəkildə bölünmüş, bununla da bölgədə demoqrafik və siyasi tarazlıq pozulmuşdur. Bu dövrdən etibarən ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi prosesi başlanmış və gələcək münaqişələrin təməli qoyulmuşdur.

İsmayıl Hacıyev daha sonra 1918–1920-ci illər dövrünə diqqət çəkərək, Azərbaycan Xalq Cümhuriyyəti və onun qonşu dövlətlərlə münasibətlərindən danışıb. O, 1918-ci il Batum sülh müqaviləsini xatırladaraq, həmin sənədin regionda Azərbaycanın dövlət maraqlarının beynəlxalq səviyyədə tanınması baxımından mühüm hadisə olduğunu bildirib.

Nitqində akademik Araz-Türk Respublikasının yaranmasını da xüsusi qeyd edib. O, 1918–1919-cu illərdə Cənubi Azərbaycanın bir hissəsində fəaliyyət göstərmiş bu siyasi qurumun milli azadlıq ideyalarının daşıyıcısı kimi Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynadığını vurğulayıb.

İsmayıl Hacıyev XX əsrin əvvəllərində ermənilərin Azərbaycanın qərb torpaqlarına — Zəngəzur, Göyçə, Qarabağ bölgələrinə ərazi iddialarını xatırladaraq, Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi barədə qəbul edilən qərarın gələcəkdə faciəvi nəticələrə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, həmin qərar tarixi ədalətsizliyin və bölgədə gərginliyin başlanğıc nöqtələrindən biri idi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını xüsusi vurğulayan akademik bildirib ki, məhz onun uzaqgörən siyasəti nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, ordu quruculuğu bərpa edildi və 1994-cü ildə atəşkəs sazişi imzalandı. Bu, Azərbaycan dövlətçiliyinin qorunması və gələcək inkişaf üçün möhkəm təməl yaratdı.

2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə — iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoydu.  

Akademik 2016-cı ilin Aprel döyüşlərini və Lələtəpə əməliyyatını qeyd edərək həmin hadisələrin ordumuzun gücünü və xalqın milli birliyini nümayiş etdirdiyini, bu mərhələnin 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini şərtləndirdiyini vurğulayıb. 

Akademik, həmçinin Vaşinqtonda aparılan danışıqlar barədə ətraflı söz açaraq, bu gün Azərbaycanın regionda sülh və təhlükəsizlik siyasətinin aparıcı qüvvəyə çevrildiyini qeyd edib. O, çıxışının sonunda vurğulayıb ki, bu Zəfər xalqın birliyi, dövlətin gücü və ordunun rəşadətinin təntənəsidir.

Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Müzəffər Ali Baş Komandan İlham Əliyev və Vətən müharibəsi”, həmin institutun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyeva “İkinci Qarabağ müharibəsində xalq–dövlət–ordu birliyi”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Diplomatiyadan müharibəyə: Azərbaycanın səbir siyasəti və dönüş nöqtəsi” mövzularında çıxış ediblər. 

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Payızlı zəfərlərin poetik vəsfi” mövzusunda məruzə edərək birinci Qarabağ müharibəsindən sonra ədəbiyyatda formalaşan “Qarabağ mövzusu”nun ikinci Qarabağ müharibəsindən sonra da daha güclü və çoxşaxəli şəkildə davam etdiyini bildirib. 

Tədbirin sonunda Elxan Məmmədovun təqdimatında İlqar Fəhminin “Balaca kişilər” adlı şeiri slayd vasitəsilə səsləndirilib.

Səbuhi HƏSƏNOV
XQ





Elm