Noyabrın 7-də AMEA Rəyasət Heyəti və Azad Həmkarlar Təşkilatının birgə təşəbbüsü ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
XQ xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq 8 Noyabr – Zəfər Gününün Azərbaycanın dövlətçilik tarixində ən parlaq səhifələrdən biri olduğunu vurğulayıb, milli qürur günü münasibətilə Akademiya əməkdaşlarını təbrik edib.
Zəfər Gününün beşinci ildönümünün ölkəmizdə təntənəli şəkildə qeyd edildiyini söyləyən akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən noyabrın 8-də Bakı şəhərində dost və qardaş ölkələrin dövlət başçılarının iştirakı ilə möhtəşəm hərbi paradın keçiriləcəyini bildirib. O, hərbi paradda AMEA-nın da təmsil olunacağını diqqətə çatdırıb.
AMEA rəhbəri vurğulayıb ki, son min ildə ölkə tarixində azərbaycançılıq baxımından Qarabağ Zəfəri ilə müqayisə edilə biləcək daha böyük tarixi hadisə göstərmək mümkün deyildir. Ali Baş Komandan İlham Əliyev Qarabağda qazanılan şanlı Zəfərlə min illik tariximizin yeni səhifələrini yaradıb və güclü sərkərdə kimi adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirib.
“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf strategiyası uğurla davam etdirilir”, - deyən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan hazırda inkişaf etmiş güclü dövlətlərdən birinə çevrilib, özünün hərbi sənaye kompleksini yarada bilib, Prezident İlham Əliyevin hakimiyyəti dövründə vətənpərvər, güclü və milli ruhda tərbiyə almış gənc nəsil yetişib. O, Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin həm ərazi bütövlüyünün, həm də suverenliyinin tam bərpa edildiyini vurğulayıb. Qeyd edib ki, bu gün müstəqil və qüdrətli Azərbaycanın üçrəngli Bayrağı bütün ərazilərimizdə qürurla dalğalanır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, xalqımız bu ili ölkəmizdə əlamətdar və tarixi bir mərhələ kimi qarşılayır. Bu qərar həm rəmzi, həm də məzmun baxımından böyük önəm daşıyır. Çünki bu il Azərbaycan həm ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının sevincini yaşayır, həm də müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun 30-cu ildönümünü qeyd edir.
AMEA rəhbəri Prezident İlham Əliyevin vurğulayıb ki, dövlət başçısının Akademiyanın 80 illik yubiley mərasimindəki parlaq nitqi, qarşıya qoyduğu prioritetlər Zəfər tariximizin daha dərindən öyrənilməsi, mənimsənilməsi, dünyaya çatdırılması, elmi əsaslarla işlənib hazırlanması baxımından Azərbaycan alimləri üzərində məsul vəzifələrin olduğunu göstərir. O, ölkə rəhbərinin çağırışlarından irəli gələrək AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institutların alimləri ilə birgə geniş fikir mübadiləsinin aparıldığını, dövlət başçısının Azərbaycan elminin qarşısına qoyduğu mühüm vəzifələrin və səsləndirdiyi təkliflərin mərhələli şəkildə müzakirə edildiyini söyləyib. Alim Qarabağ Zəfərini şərəflə, məsuliyyətlə, dəqiq elmi əsaslarla tədqiq etməyin həmin vəzifələr içərisində duran əsas müddəalardan biri olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Prezident İlham Əliyevə AMEA-nın 80 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına, həmin mərasimdə iştirakına, proqram xarakterli parlaq nitqinə və “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Sərəncamına görə bir daha dərin minnətdarlığını bildirib. O, dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycan müstəqilliyinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi yollarında uğurlar arzulayıb.
Daha sonra Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi professor Mais Əmrahov “27 sentyabrdan başlanan 44 günlük Zəfər yürüşü”, Folklor İnstitutunun direktoru fil.e.d., dos. Hikmət Quliyev “Folklorda qəhrəmanlıq modeli və Ali Baş Komandanın sərkərdəlik missiyası”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi fil.e.d., dos. Mərziyyə Nəcəfova “Qələbə mövzusunun poeziyada əksi”, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi f.ü.f.d. Şölət Zeynalov “Vətən müharibəsi qələbəsinin fəlsəfəsi və yaxın gələcəyin perspektivləri”, Memarlıq və İncəsənət İnstitutunun elmi katibi s.ü.f.d. Ramil Quliyev ”Xaricdə yaşayan Azərbaycan rəssamlarının yaradıcılığında “Zəfər” mövzusu“ və I və II Qarabağ Müharibəsi iştirakçısı, qazi, Müharibə veteranı Garay Əsədov “Ömrümə yazılan Qarabağ dastanı” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə tarixi Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqın birliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və ölkənin iqtisadi qüdrəti sayəsində qazanıldığını vurğulanıb. Qeyd olunub ki, Şuşanın geri alınması ilə 2020-ci il noyabrın 8-i Zəfər Günü kimi tarixə düşüb. Bu Zəfər Azərbaycan dövlətçiliyinin dayaqlarını daha da möhkəmləndirib, Konstitusiyamızda təsbit olunmuş suverenlik prinsipinin real siyasi və hərbi təminatını yaradıb.
Çıxışlarda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa, quruculuq və reinteqrasiya işlərindən, Azərbaycan alimlərinin Qarabağla bağlı apardığı tədqiqatlarından bəhs olunub.
Tədbirdə Qarabağ qazisi, Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin böyük elmi işçisi fil.ü.f.d. Fəridə Hicran çıxış edərək bildirib ki, Zəfəri bizə yaşadan şəhidlərin fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayır və qazilərə dərin ehtiram göstərilir.

