Bu gün, 2025-ci il mayın 25-i dünya futbol tarixində ən parlaq şəxsiyyətlərdən biri azərbaycanlı hakim Eldar Əzimzadənin anadan olmasının 91-ci ili tamam olur. Onun istər keçmiş Sovet İttifaqında, istərsə də xarici ölkələrdə neçə-neçə prinsipial oyunu, o cümlədən, Moskva Olimpiadası – 80-in final görüşünü (Çexoslovakiya – ADR – 1:0), milli komandalar və klublar səviyyəsində rəsmi matçları yüksək səviyyədə idarə etdiyini hamı yaxşı bilir.
Lakin E. Əzimzadənin 1998-ci ildə “Elm və həyat” nəşriyyatında 500 nüsxə tirajla çap olunmuş “Məhəbbətim mənim – futbol” kitabını heç də hər kəs əldə edə bilməyib. Müəllifin kitabın sonuncu səhifəsində yazdığı kimi, o, futbolda yaşadığı həyatla qürur duyub. Həmin səhifəni birlikdə oxuyaq:
“İndi dönüb keçilmiş yola nəzər salarkən idarə etdiyim bir çox oyun gözlərim qarşısında canlanır. Bu görüşlərə özümü çatdırmaq üçün qızmar yay günlərində, erkən baharda, soyuq payız aylarında təyyarə, qatar və avtobuslarda qət etdiyim məsafələrin hesabını aparsaydım, görəsən, necə bir göstərici alınardı? Bu zaman bəzən hava limanlarında saatlarla təyyarə gözləmiş, məsul görüşlər qarşısında yuxusuz gecələr keçirmiş, meydanda neçə-neçə prinsipial qərar qəbul etmişəm…
İndi bütün bunlar – onlarca şəhərin stadionlarında bilavasitə iştirakçısı və şahidi olduğum təkrarolunmaz məqamlar yada düşəndə, həmin hadisələrin artıq tarixə çevrildiyinə necə təəssüflənməyəsən?! Ömrümün ən yaxşı illəri əbədi məhəbbətim olan futbolda keçmiş, uzaq ellərdə, nəhəng stadionlarda, on minlərlə tələbkar tamaşaçı qarşısında bir-birindən çətin oyunları dəqiq və obyektiv idarə etmiş, futbol ictimaiyyətinin rəğbətini qazanmışam. Qazandığım bir də budur ki, futbol sayəsində, hakimlik sayəsində dünyanın 25-dən çox ölkəsində olmuş, onların görməli yerləri, adət və ənənələri haqqında az-çox təsəvvür əldə etmiş və hər bir ölkədən evə, doğma Bakıya müəyyən təəssüratla qayıtmışam.
Ən başlıcası, ən vacibi isə budur ki, hansı ölkədə, hansı şəhərdə olmağımdan, hansı komandaların oyunlarını idarə etməyimdən asılı olmayaraq, həmişə sevimli Azərbaycanın şərəfini uca tutmağa, onun futbol hakimliyi məktəbinin ən yaxşı nümayəndələrinin şanlı ənənələrinin layiqli davamçısı olmağa çalışmışam.
Bu səbəbdən də güman edirəm ki, futbolda yaşadığım həyatla fəxr etməyə, qürur duymağa, futbol mənim məhəbbətimdir, deməyə haqqım var”.
Mərhum hakimimizə bir daha hörmət və ehtiramla.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist