İstanbulda azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət “Rənglərin zərafəti” mövzusunda sərgi açılıb. Sərgi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunub.
İstanbulun Bağçaşəhər Universitetinin Konqres Mərkəzində keçirilən sərginin açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, rektor Əsra Hatipoğlu, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyədəki səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim-tələbə heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.
Sərgidə müasir Azərbaycan qadın rəssamları Böyükxanım Zeynalova, İrina Eldarova, Aytən Rzaquliyeva, Yelena Allahverdiyeva, Leyla İsayeva, Milena Nəbiyeva, Safura Abdullayeva, Aydan Nəbizadə, Sayalı Məmmədova - Qarayeva, Aynurə Mahmudova, İnna Kostina, Veronika Şəmsiyeva, Nadejda İbrahimova, Nigar Məmmədova, Raidə Mustafayeva, Ülviyyə Həmzəyeva, Nailə Əhmədova, Cəmilə Həşimova, Elnarə Misirli, Məhsəti İbrahimova, Esmira Heydərova, Kamilla Eldarova, Fəqanə Əliyeva, Lalə Abdullayeva, Leyla Əzimbəyova, Səbinə Tutayuk və Aygün Mustafayevanın Vətən, Azərbaycan mədəniyyəti, təbiət, qadın gözəlliyi, sevgi və digər mövzularda əsərləri nümayiş olunub.
Qeyd edək ki, bu əsərlərin Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, İzmir Azərbaycan Dərnəyi, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin əməkdaşlığı ilə İzmir və Antalya şəhərlərində sərgilənməsi, sonda isə Türkiyənin ən əhatəli mədəniyyət tədbirlərindən olan “Mədəniyyət yolu” (Kültür yolu) festivalı çərçivəsində Ankaranın Rəsm və Heykəllər Muzeyində nümayiş olunması nəzərdə tutulur.
XQ

