Xoş gördük, ata evimiz!

post-img

30 ilə yaxın erməni işğalında qalan ata-baba yurdunun həsrəti ilə yaşamış hər keçmiş məcburi köçkünün yuxusunda gördüyü, xəyallarında yaşatdığı bir ev vardı – doğulduğu, ilk addımlarını atdığı, böyüyüb boya-başa çatdığı ev. Biz dinc insanların bir zamanlar halal zəhməti, əllərinin qabarı ilə tikib-yaratdığı o evlərə düşmənin necə davrandığını bilirdik.

Ancaq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz zəfər salnaməsi yazaraq torpaqlarımızı mənfur yağı tapdağından azad etdikdən sonra daha dəqiq məlum oldu ki, yüzminlərlə vətəndaşımıza öz evlərini yenidən görmək, orada yaşamaq qismət olmayacaq. Çünki Qarabağın, Şərqi Zəngəzurun hər qarışı erməni vəhşiliyinin, erməni vandalizminin qurbanına çevrilmiş, əksər yaşayış məntəqələri tamamilə dağıdılaraq yer üzündən silinmişdi. Dövlət başçısının dediyi kimi, elə bil bu ərazilərdən vəhşi qəbilə keçmişdi.

Ancaq sayı çox olmasa da “bəxti gətirən”, işğal müddətində ermənilər zəbt edib yaşadıqları üçün dağılmayan və illər sonra əsl sahiblərinə qucaq açan evlər də var. Xocalı rayonunun Ballıca kəndində yerləşən belə evlərdən birində Əzimovlar ailəsinin qonağı olduq, onların həyat hekayəsini dinlədik. Taleyinə iki dəfə məcburi köçkünlüyün acısını dadmaq yazılmış Teymur Əzimov ötən ilin sonlarında Böyük Qayıdış çərçivəsində öz ata yurduna qayıdıb. 13 yaşında zorla çıxarıldıqları evlərini salamat görəndə əyilib həyətin torpağından öpüb, sevincindən ağlayıb. Bizimlə söhbətində bildirdi ki, indi hər qarışından acılı-şirinli xatirələr boylanan bu doğma evdə yaşamaq ona yuxu kimi gəlir. Ballıcanı tərk etdikləri günü isə həmsöhbətim belə xatırladı:

– 1988-ci ildə ermənilər get-gedə azğınlaşmağa başlamışdılar. Xarici ölkələrdən çoxlu sayda silahlı daşnak gələrək kəndin yaxınlığındakı pioner düşərgəsinə yerləşmişdi və bizi gözləyən təhlükə getdikcə artırdı. Erməni qonşularımız da xəbərdarlıq edirdilər ki, qaçın, canınızı qurtarın, yoxsa bu gələnlər sizi öldürəcək. Hücumlar artdığına, evlərimiz atəşə tutulduğuna görə, həmin il sentyabrın 19-da (Qəribə təsadüfdür ki, Ballıca kəndi düşmən işğalından da məhz sentyabrın 19-dan 20-ə keçən gecə azad edilib – M.R.) atam Feyzulla Əzimov nənəmi, anamı, 4 bacımı, qardaşımı və məni götürüb Xocalıya apardı. Orada fin evində məskunlaşdıq. Elə bilirdik bu köç müvəqqətidir...

Ancaq onları Xocalıda daha böyük dəhşətlər gözləyirmiş. 1992-ci ilin fevral ayına kimi düşmənin mühasirəsində, hər an ölüm qorxusu altında yaşan Əzimovlar ailəsi qanlı soyqırımı gecəsi ikinci dəfə məcburi köçkün düşüblər. O dəhşətli faciədə ailə Tovuz adlı qızını, onun Aynur adlı azyaşlı körpəsini, daha neçə-neçə yaxınlarını itirib, neçə qohumlarının taleyindən isə bu günə kimi xəbər yoxdur. Məcburi köçkün kimi əvvəlcə Ağcabədi, daha sonra Oğuz rayonunda məskunlaşmış Teymur müəllim və ailəsi o ağır günlərdə hər zaman dövlətin qayğısını hiss ediblər. 2009-cu ildə bu qayğının daha bir bariz nümunəsi olaraq Goranboy rayonun Ağcakənd qəsəbəsində müvəqqəti olaraq yeni tikilmiş evlə təmin ediliblər. Oradan sonuncu köçləri isə bu dəfə geriyə, ata evinə istiqamət götürüb. T.Əzimov bildirdi ki, ən böyük arzusu olan Ballıcaya qayıtmağı dünyasını dəyişmək ərəfəsində atası da ona vəsiyyət edib:

– Təəssüf ki, Vətən həsrəti ilə dünyadan köçən yüzminlərlə məcburi köçkün kimi nə atam, nə də anam bu günlər görmədilər.

2014-cü ildə xəstə atam məni yanına çağırıb dedi, son günlərimdir, mənə söz ver ki, torpaqlarımızın işğaldan azad ediləndə Ballıcada tikdiyim evə qayıdacaqsan. İndi, çox şükür, atamın, anamın, şəhidlərimizin ruhu şaddır! Allah hər birinə rəhmət eləsin!

Həyat yoldaşı, oğlu ilə ata evində yaşayan Teymur Əzimov burada məskunlaşandan dərhal sonra məşğulluq məsələsi də həll edilib, bir vaxtlar şagird kimi təhsil aldığı orta məktəbdə indi müəllim kimi çalışır. Həyətyanı sahədə meyvə-tərəvəz əkib-becərirlər. Vaxt tapan kimi isə uşaqlığının keçdiyi dağları, dərələri qarış-qarış gəzib dolanır. Ballıcada yaddaşına əbədi həkk olunan xoş hadisələr də yaşayıb artıq. Qeyd etdi ki, bunlardan ən yaddaqalanı, sözsüz, Prezident İlham Əliyevlə görüşdə iştirak etməyi olub:

– Bizə bu xoşbəxt anları bəxş edən, qələbələrimizin memarı, möhtərəm Prezidentimizlə görüşdə iştirak etdiyim üçün özümü çox xoşbəxt sayıram. Bu, görüş bizim hər birimizin sevincinə sevinc qatdı. Dövlət başçısının mənimlə səmimi söhbətini isə ölənədək unutmayacağam.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Sosial həyat