DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxtın Sabunçu rayonu və Mingəçevir şəhərində keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunan Bəhruz Mustafayev, Neyman Əmirov və Nadiq Abbasov saxlanılıblar. Onlardan 33 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyatlar davam etdirilir.
Avqustun 21-də isə ümumi çəkisi 98,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,4 tondan artıq çəkidə 5355 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ