Zəngəzur və Qərbi Azərbaycan folkloru yeni elmi yanaşmalar müstəvisində

post-img

AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə “Savad” nəşriyyatında “Zəngəzur folkoru: poetik sözdən sosial mənaya” elmi araşdırmalar kitabı işıq üzü görmüşdür.  

İnstitutdan XQ-yə verilən məlumata görə, kitaba Zəngəzur, Qərbi Azərbaycan, o cümlədən Qarabağ folklor mühitlərinə məxsus olan folklor nümunələrinin sosial, tarixi və etnoqrafik kontekstdəki təbiəti, semantikası, psixoloji və funksional xüsusiyyətlərinin tədqiq olunduğu araşdırma yazıları daxil edilmişdir. Tədqiqatçı alimlərin gərgin zəhməti sayəsində bölgənin folklor xəzinəsinə yeni baxışların əks olunduğu elmi məqalələr toplusunun müasir folklorşünaslıq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq yerinə düşər. Ayrı-ayrı müəlliflərin folklorun müxtəlif janr və problemlərini əhatə edən araşdırmalarında etnoqonik mətnlərin təbiəti, kosmoqoniya və yaradılışın psixosemantikası, insest yasağı, gülüşün metaforik-simvolik mahiyyəti, dini mərasimlər və s. kimi məsələlər təhlil edilmişdir.

Kitabda filologiya elmləri doktoru Hikmət Quliyevin “Müdrik Qoca arxetipi və kosmoqoniya: folklorda yaradılışın psixosemantikası (Qarabağ və Zəngəzur folklor nümunələri əsasında), filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərin “Türküstandan Zəngəzura Türk xalqlarının epik yaradıcılığında günah sevgi və əbədi ayrılıq motivi”, filologiya elmləri doktoru Sərxan Xavərinin “Zəngəzur folklorunda etnoqrafik mətnlərin funksional analizi”, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanovanın “Qərbi Azərbaycan və Qarabağ folkloruna bir nəzər”, filologiya elmləri doktoru Səfa Qarayevin “Sosial-psixoloji stereotiplər kontekstində “gülüş” metaforasının semantikası və onun folklorda proyeksiyası (Qarabağ və Zəngəzur folklor materialları əsasında), Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Paşayevanın “Qərbi Azərbaycan aşıq mühiti Sədnik Pirsultanlı yaradıcılığında” məqalələri yer alır.

Filologiya elmləri doktoru Hikmət Quliyev “Müdrik Qoca arxetipi və kosmoqoniya: folklorda yaradılışın psixosemantikasında (Qarabağ və Zəngəzur folklor nümunələri əsasında)” məqaləsində Zəngəzur və Qarabağ folklor nümunələri əsasında problemə bir neçə aspektdən yanaşmış, Müdrik Qoca arxetipini və dağ kultunu, bu arxetipə daxil olan obrazların normaqoruyuculuq və normayaradıcılıq davranışını, triksterik rakurs və yaradılış məsələlərini təhlil etmişdir. Müəyyən olunmuşdur ki, folklorda müqəddəs hesab olunan məkanlar (ocaq, pir, ziyarətgahlar), kritik məqamlarda ortaya çıxan “nizamlayıcı”, “barışdırıcı” subyektlər (ağsaqqallar, seyidlər), həmçinin atalar sözləri vasitəsilə qəlibləşdirilən (“mötəbər” mənbəyə istinad) norma və davranışlar özünün psixosemantikası baxımından Müdrik qoca arxetipindən qaynaqlanır. Araşdırmada K.Q.Yunqun analitik-psixoloji metodu əsasında Zəngəzur və Qarabağ folklor mühitlərində müdrik və ağsaqqal obrazlarının yaradılışla bağlı semantikası təhlil olunmuş, bölgəyə məxsus nümunələr əsasında konkret nəticələr əldə edilmişdir.

 “Türküstandan Zəngəzura Türk xalqlarının epik yaradıcılığında günah sevgi və əbədi ayrılıq motivi” adlı məqaləsində filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər sonu sevgililərin ölümü ilə bitən dastanların türk-islam xalqlarının folklorunda geniş yayıldığını, bu dastanlarda qoşa dəfn olunan sevgililərin ruhlarının qovuşmasına icazə verilmədiyini, sevgililərin əbədi ayrılıq düşüncəsinin yasaq kəbin düşüncəsi ilə bağlılığını, bu hadisələrin İslam dininin qəbulu ilə bağlı olaraq türklər içərisində geniş yayılan endoqam kəbinə qarşı ənənəvi ekzoqam kəbin düşüncəsi nəticəsində ortaya çıxdığını və çoxsaylı dastan, əfsanə və rəvayətlərin yaranmasına səbəb olduğunu vurğulamışdır. Alim tədqiqatda müxtəlif türk xalqlarına məxsus materiallardan, o cümlədən, Zəngəzur, Göyçə, Qarabağ folklor nümunələrindən istifadə etmişdir.

Kitabda yer alan filologiya elmləri doktoru Sərxan Xavərinin “Zəngəzur folklorunda etnoqrafik mətnlərin funksional analizi” məqaləsində müəllif Zəngəzur folklorunun etnoqrafik mətnlər əsasında funksional analizini vermiş, folklor elementlərinin cəmiyyətin sosial strukturlarını necə əks etdirdiyini, identifikasiyanın və kollektiv yaddaşın gücləndirilməsindəki rolundan bəhs etmişdir. Müəllif funksional yanaşmadan istifadə edərək, Zəngəzur folklorunun yalnız estetik və əyləncə funksiyaları barədə deyil, həm də praktiki, sosial və psixoloji funksiyaları haqqında da təhlil aparmışdır. Tədqiqatda Zəngəzurda yaranan və şifahi olaraq nəsildən-nəslə ötürülən etnoqrafik mətnlər, xüsusilə  adət-ənənələr və bayram ritualları təhlil edilir. Məqalə həm də bu folklor elementlərinin cəmiyyətin sosial strukturlarını necə əks etdirdiyini, identifikasiyanın və kollektiv yaddaşın gücləndirilməsində rolunu diqqət mərkəzinə gətirir.

“Qərbi Azərbaycan və Qarabağ folkloruna bir nəzər” adlı məqaləsində filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova Qərbi Azərbaycan və Qarabağ folklorunun araşdırılmasındaki üç istiqamətdən bəhs etmişdir. Birinci istiqamət XX əsrin əvvələrində Azərbaycanda elm sahələrinin formalaşmasında əhəmiyyətli rolu olan Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Zəngəzur araşdırmaları təşkil edir. Araşdırmada ikinci istiqamət XIX əsr rus mənbələrində Qərbi Azərbaycan folklorunun əks olunması, üçüncü istiqamət isə Qarabağ folklorunun, xüsusən Şuşa folklor mühitinin öyrənilməsi məsələləri tədqiq olunmuşdur.

Filologiya elmləri doktoru Səfa Qarayevin “Sosial-psixoloji stereotiplər kontekstində “gülüş” metaforasının semantikası və onun folklorda proyeksiyası (Qarabağ və Zəngəzur folklor materialları əsasında) məqaləsində Azərbaycanın Qarabağ və Zəngəzur bölgələrindən toplanmış materiallar əsasında müxtəlif sosial-mədəni münasibətlər çərçivəsində gülüş faktının ifadə etdiyi psixosemantik mahiyyət təhlil edilmişdir. Araşdırmada gülüşün mə­də­niy­yətdəki metaforik mahiyəyəti diqqət mərkəzində saxlanılmış və onun kişi kollektivinin dav­ra­nışları kontekstindəki semantikası öyrənimişdir. Aydın olmuşdur ki, mədəniyyətdəki bu fakt yal­nız müsbət mesajların verilməsinə xidmət etmir. O, mədəniyyətdəki aqressiv və alçaldıcı mü­nasibətlərin ifasını da yerinə yetirən davranışlardan biridir. Daha dəqiqi, bir çox hallarda hör­mət və məhəbbəti ifadə edən gülüş bəzən kəskin sosial konfliktlər arasındakı dramatizmin azal­dılmasına xidmət edir. Bəzən isə elə aqressiv münasibətin özünün ifadəsinə çevrilir. Mə­qa­lə­də çoxmənalı mədəni faktı olan gülüşün bu xüsusiyyətləri Zəngəzur və Qarabağdan toplanılmış folklor faktları əsasında tədqiq olunmuşdur.

Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Paşayevanın “Qərbi Azərbaycan aşıq mühiti Sədnik Pirsultanlı yaradıcılığında” məqaləsində Sədnik Paşa Pirsultanlının Qərbi Azərbaycan aşıq mühitinin görkəmli nümayəndələrindən olan Ağ Aşıq (Allahverdi), Aşıq Alı, Miskin Abdal, Aşıq Ələsgər, Zodlu Abdulla kimi bir çox sənətkarların yaradıcılığı və onların yaratdığı Göyçə aşıq məktəbi haqqındakı araşdırmaları ətrafında təhlillər aparılmış, bu sənətkarların yaradıcılıq yolu nəzərdən keçirilmişdir.

Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər, filologiya elmləri doktoru Sərxan Xavəri, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovadır.

Elm