Azərbaycan ədəbi dilinin XV əsr mərhələsi: müasir tədqiqat kontekstində

post-img

Son zamanlar Azərbaycan dilçiliyində dil tarixi məsələlərinin tədqiqinə geniş yer verilir. Bu, təbii bir prosesdir. Ona görə ki, bügünkü ədəbi dilimizin varlığını – onun tarixi keçmişini aşkarlamaq, onun keçib gəldiyi tarixi mərhələlərə nəzər salmaq, araşdırmaq vacib məsələlərdəndir və həmçinin dil tarixi Azərbaycan dilçilik elminin qarşısında duran araşdırılması vacib olan sahələrdəndir. Bu baxımdan dilin tarixi qatlarına baş vurmaq, onun milli özəlliklərini aşkarlamaq, müasirliklə müqayisəli tədqiq etmək dilin Azərbaycan dilinin gələcək inkişafına güclü təkan vermiş olur.

Filologiya elmlər doktoru Aynur Famil qızı Paşayevanın “XV əsr Azərbaycan ədəbi dili”  adlı bu yeni elmi əsəri aktual bir mövzuya – dilçilik elmində öz töhfələri ilə iz qoymuş klassik dövr ədəbi dilinə həsr olunmuşdur. Məlumdur ki, klassik dövr Azərbaycan ədəbiyyatının inkişafı özünəməxsus şəkildə səciyyələnir, yeni imtiyazlar, keyfiyyət və motivlər hesabına daha da zənginləşirdi. Bu dövrdə Azərbaycan dilinin hüdudları genişlənərək şimaldan Dərbənd, qərbdən Anadolu, cənubdan İran körfəzinə qədər  ərazini əhatə edirdi. Bu dönəmdə bir çox yaradıcı, ustad şairlər tarixdə öz ədəbi-bədii izini buraxdı. Seyid İbrahim Gülşəni, Nemətullah Kişvəri, Xəlili, Həqiqi, Süruri, Hamidi, Qasım Ənvar, Əfsəhəddin Hidayət və digərlərini nümunə göstərə bilərik. Onların həyatı heç də ürəkaçan olmamış, bəziləri sürgün edilmiş, bəziləri mövcud siyasi durumla razılaşmayaraq  vətəni tərk etmiş, bəziləri də zorla köçürülmüş, həyat və yaradıcılıqlarının müəyyən bir hissəsini vətəndən uzaqlarda davam etdirmişlər. Qeyd edək ki, belə bir mürəkkəb dövrdə Azərbaycan dilində normaların müəyyənləşməsində ümumxalq dilinin təsiri danılmazdır və “XVI yüzilliyin rəsmi dövlət dilinə keçid üçün zəmin hazırlamışdır”, - deməyə əsas verir. Müəllif tərəfindən XV əsr Azərbaycan ədəbi dili ilk dəfə nəzəri cəhətdən araşdırılır, fonetik-orfoqrafik, leksik, qrammatik normaları kompleks şəkildə linqvistik tədqiqata cəlb edilir. XV əsr Azərbaycan ədəbi dilinin tarixi mənzərəsində dildaxili və dilxarici faktorların yüksələn xətlə inkişafından bəhs olunur. Belə ki,  anadilli auditoriyanın genişlənməsinin əsas səbəblərindən biri kimi həmin dövrdə qüdrətli söz sənətkarları ilə yanaşı, dövlət başçılarının anadilli ədəbiyyata göstərdikləri diqqət, qayğısının təzahürü  əks olunur.

“XV əsr Azərbaycan ədəbi dilinin orfoqrafik xüsusiyyətlərinə ümumi baxış” adlanan hissədə isə müəllif əlifba ilə sıx bağlı olan orfoqrafiya məsələlərinə geniş toxunaraq, ədəbi dilin yazı qaydaları məhz həmin dövr üçün istifadə olunan əlifba sistemindən çox asılılığı məsələsi problem olaraq ortaya qoymuşdur. Bildiyimiz kimi, Azərbaycan yazılı ədəbi dili təşəkkülə başladığı dövrdən təxminən min illiklər boyu bir müddətdə ərəb əlifbasından istifadə etmişdir və dilimizin qrammatik, fonetik quruluşuna əsasən bu əlifbanın nöqsanlı olması uzun müddət ədəbi dilimizin dəqiq, düzgün, sabit orfoqrafiya normalarının düzəlməsinə, onun prinsiplərinin hazırlanması işində çətinliklər törətmişdir. Belə ki, dilimizdə işlənən sözlərin, xüsusilə ərəb və fars sözlərinin yazılışının alındığı həmin dillərin orfoqrafiyasında olduğu kimi saxlanılmasını məcbur etmişdir. Bu da dilin bütün inkişaf mərhələlərində sözlərin deyilişi və yazılışı arasında ağlasığmayan dərəcədə böyük fərqlər əmələ gətirmiş, Azərbaycan ədəbi dilində düzgün yazmaq və oxumaq vərdişlərini xeyli çətinləşdirmişdir. XV əsr Azərbaycan ədəbi dilinin fonetik normaları üçün mühüm əlamət bütün dövrlərdə olduğu kimi katiblər tərəfindən bir sözün iki və daha artıq qrafik şəkildə – variantda yazılmasında da müşahidə olunmaqdadır: Qamı//qəmu//xamu//xəmü//hamı; kibi//kimi//bigi. Əsərdə qeyd olunur ki, orta əsrlər yazılı mətnlərinin səciyyəvi xüsusiyyəti sırasında müşahidə olunan orfoqrafik imla sabitsizliyi ilə yanaşı, eyni zamanda eyni sözlərin ayrı-ayrı və müxtəlif şəkillərdə yazılması həmin leksik vahidlərin “müxtəlif türk dillərində, eləcə də Azərbaycan dilinin bir çox şivələrində fərqli şəkildə tələffüz olunmasını göstərmək niyyətindən” irəli gəlmişdir.

“XV əsr Azərbaycan ədəbi dilinin fonetik tərkibi: sait və samitləri” adlanan bölmədə XV əsr Azərbaycan ədəbi dilinin özünəməxsus fonetik quruluşu haqqında məlumat verilir, sait və samitlərin həm səs olaraq, həm də hərfi qrafem olaraq ayrılıqda təhlillərinə yer verilir, ən əsas, fərqli imla xüsusiyyətləri diqqətə çatdırılır. Məlumdur ki, Azərbaycan dilinin özünəməxsus fonetik quruluşu var: sait və samitlər həm səs olaraq, həm də hərfi qrafem kimi ayrılıqda yer alır və ən əsas, bu dilə məxsus sözlər ahəng qanununa tabe olur. Türk dilində ərəb əlifbası ilə sait və samitlərin yazılı dildə ifadəsi daha az imkanlara malikdir ki, bu da türkdilli mətnlərdə bəzi dolaşıqlara səbəb olmuş, problemlər yaratmışdır. 

Diqqəti çəkən məqam XV əsr Azərbaycan ədəbi-bədii dil nümunələri üzərində tədqiqat zamanı saitlərin, həm də samitlərin fonetik paralelliklərinin ayrı-ayrılıqda təhlil edilməsidir. Belə ki, XV əsr Azərbaycan ədəbi dilində tez-tez rast gəlinən səs hadisəsi kimi bir çox sözlərdə əks olunur, hətta bəzən iki şəklin işləndiyi də diqqəti çəkir. Məsələn, Rövşəni, Gülşəninin, Xəlili və Şirazinin dilində  fonetik paralelliklər araşdırılır. Daha dəqiq desək, Rövşənidə bən//mən paralelliyi işləndiyi halda, Kişvərinin dilində yalnız mən variantı işləndiyi məqamlar vurğulanır. 

Monoqrafiyanın ikinci fəsli “XV əsr Azərbaycan ədəbi dilinin leksik norması” adlanır, bu hissədə leksik normanın tədqiqi üçün dövrün yazılı mənbələrinin leksik faktları qruplaşdırılır, təhlil edilir və zənginliyi və rəngarəngliyi ədəbi dillə canlı danışıq dili arasında körpü rolunu oynadığı vurğulanır. Müəllif XV əsr ədəbi dilinin lüğət tərkibində öz tutumu ilə diqqəti cəlb edən qədim türk sözlərindən bəhs edərək qeyd edir ki, bu qrupa aid olan leksik vahidlərin böyük çoxluğu forma və mənaca heç bir dəyişikliyə məruz qalmadan bu gün də müasir Azərbaycan dilində olduğu şəkildə işlənir. Bu baxımdan, XV əsr Azərbaycan ədəbi dilində işlənən qədim türk sözlərini tarixi inkişaf nöqteyi-nəzərindən, əsasən, üç qisimdə verilir:   leksik arxaizmlər – müasir ədəbi dilimiz üçün tam arxaikləşən sözlər; semantik arxaizmlər – semantik dəyişikliyə uğrayan sözlər; fonetik arxaizmlər – ilkin mənasını saxlamaqla fonomorfoloji dəyişikliyə uğrayan sözlər.

 “XV əsr Azərbaycan ədəbi dilinin frazeoloji qatı” adlanan hissədə XV əsr ədəbi dilində frazeologiyanın leksik-semantik, qrammatik istiqamətdə səciyyəvi xüsusiyyətlərini təhlil edilərək həmin dövr yazılı abidələrin dilindəki fərdi dil üslubundan irəli gələn bir sıra əlamətlər tədqiqata cəlb olunur. Yazılı abidələrin dilində fraqmental olaraq hazır formada ədəbi dilə gətirilən frazemlərin şəkil və məzmun sabitliyi qorunaraq yazılı ədəbi dili canlı xalq danışıq dilinin maddi-mənəvi kaloritinə uyğunlaşdırmaq cəhdi kimi səciyyə daşıyır. Bəzən misralarda iki-üç idiomun bir yerdə yanaşı işləndiyini, misranın tamamilə idiomlardan təşkil olunduğunu görürük. Belə idiomlar Şirazinin, Rövşəninin dilində seçilir.

Monoqrafiyada müəllif diqqəti XV əsr Azərbaycan ədəbi dilində uzun tarixi inkişaf yolu keçərək müəyyən dövrlərdə daha da zənginləşən və sözyaratma imkanlarından lazımınca yararlanan söz yaradıcılığı prosesinə yönəldərək, dil faktları əsasında geniş təhlillər aparmışdır. Dövrün söz ustadları sadə sözlərlə yanaşı, düzəltmə və mürəkkəb sözlərdən özünəməxsus, yaradıcı şəkildə istifadə etmiş, zəngin üslubi imkanlardan bəhrələnmiş, canlı danışıq dilində olan məna rəngarəngliyini poeziyaya gətirmişlər. Tədqiqat zamanı XV əsr Azərbaycan yazılı abidələrində bu prosesin daşıyıcıları olan dil vahidlərinin morfoloji və sintaktik yolla əmələgəlmə üsulları nəzərdən keçirilmişdir. Qeyd edək ki, tarixi-müqayisəli aspektdə XV əsr Azərbaycan ədəbi dilində mövcud olan sözdüzəldici şəkilçilərin lüğət tərkibinin öz daxili imkanları hesabına zənginləşməsindəki həlledici roluna nəzər salınır, bu şəkilçilərin köməyi ilə yaranan düzəltmə sözlər müasir Azərbaycan dilində olduğu kimi, tarixən bütün inkişaf mərhələlərində aparıcı mövqeyi, rəngarəng, müxtəlif semantikalı leksik vahidlər yaratması, məna bütövlüyünü qoruması göstərilir. 

  Sonuncu fəsildə - “XV əsr Azərbaycan ədəbi dilində qrammatik norma”sında müəllif qrammatik normaları sözügedən dövrə aid əldə olan ədəbi mətnlərin materialları əsasında ümumi qrammatik kateqoriyalar prizmasından araşdırır, XV əsr Azərbaycan ədəbi dilinin inkişafı ilə sabitləşmiş qrammatik kateqoriyalar üçün səciyyəvi olan başlıca xüsusiyyətlər izah edir və bu kateqoriyaların hər birinin ayrı-ayrılıqda fərqli keyfiyyətlərini nəzərdən keçirir. Belə ki, Azərbaycan dilinin inkişaf tarixində sabitləşən, cilalanan ümumi qrammatik kateqoriyaların hər birinin ayrı-ayrılıqda özünəməxsus xüsusiyyətləri və fərqli əlamətləri nəzərə alınaraq tədqiqata cəlb olunur: Azərbaycan dilində hal kateqoriyası həmişə söz kökü+hal şəkilçisi struktur modelində olmuş, digər qrammatik kateqoryalara nisbətən daha erkən dövrlərdən formaca dəqiqləşməyə, normalaşmağa başlamışdır. Yazılı mənbələr üzərindəki araşdırmalardan bəlli olur ki, hal sistemində dilin əsas qrammatik qaydaları qalmaq şərtilə nisbətən müəyyən dəyişikliklər: semantik diferensiallaşma; halların işlənmə yerinə görə əvəzlənməsi; morfoloji göstəricilərinin istifadədən qalması, yaxud fonetik dəyişimi; bəzən öz funksiyasını itirərək başqa kateqoriyaya keçidi (-ın, -in qədim alət-birgəlik hal şəkilçisinin “ilə” qoşmasına “güzəşti”), sözyaratma prosesində yer alması (-ra, -rə, -ru, -rü, -ğaru, -ğərü, -ın, -in qədim hal göstəricilərinin zərfdüzəldən leksik şəkilçi kimi iştirakı) və s. kimi dildaxili qrammatik hadisələr baş vermişdir. Feilə aid qrammatik kateqoriyalar isə inkarlıq və zaman kateqoriyalarının ayrı-ayrılıqda səciyyəvi əlamətləri, xüsusiyyətləri üzərində araşdırılır. Mütləq və ya nisbi formada hərəkətin, əlamətin yoxluğunu əks etdirən inkarlıq anlayışı leksik, həm də qrammatik vasitələrin köməyi ilə yaranır. 

Beləliklə, XV əsr Azərbaycan ədəbi dilində müşahidə edilən bütün dil xüsusiyyətləri, seçilən bütün dil faktları əsasında ərsəyə gələn “XV əsr Azərbaycan ədəbi dili” adlı monoqrafiya bir daha əyani surətdə göstərir ki, bu dövr ədəbi-bədii dilimiz öz xarakteri, sadəliyi, milliliyi baxımından ədəbi dil tarixində özünəməxsus rolu və mövqeyi ilə seçilir, bunun səbəbini isə hər şeydən əvvəl XV əsr ədəbi dilimizin ümumxalq dilinə daha çox yaxın olmasında, qaynayıb-qarışmasında axtarmaq lazımdır. Bu əsər elmi monoqrafiya olsa da, bir qədər sadə və rəvan dildə, ədəbi dil nümunələri əsasında yazıldığından kitab dilçilik elmimizə töhfə verməklə yanaşı, kütləvi oxucular üçün də maraqlı olacaqdır.        

İsmayıl Məmmədli,
AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, Tətbiqi dilçilik şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor



Elm