ABŞ və Aİ arasında yeni ticarət sazişi

post-img

ABŞ və Avropa İttifaqı yeni ticarət sazişinin konturlarını açıqlayıb. İyul ayında imzalanmış, lakin indiyə qədər detalları məlum olmayan razılaşma barədə məlumatı Avrokomissiya avqustun 21-də yayıb. Donald Tramp və Ursula Fon der Lyayen tərəfindən imzalanan sazişdə bəzi şərtlər açıqlansa da, hələ də çoxlu suallar açıq qalır.

Əsas məlum olan odur ki, Avropa İttifaqından ABŞ-a ixrac edilən mallar 15 faizlik rüsumla vergiyə cəlb ediləcək. Bu, iyunda gözlənilən 30 faizdən aşağıdır. Lakin avtomobillərə tətbiq olunan hazırkı 27,5 faizlik tarifin azaldılması avtomatik nəzərdə tutulmur. Bunun üçün Brüssel ABŞ-ın bütün sənaye məhsullarına tətbiq etdiyi rüsumları sıfırlamalı, həmçinin ABŞ kənd təsərrüfatı məhsullarına və dəniz məhsullarına Avropa bazarında üstünlük tanımalıdır.

Bu şərtlər Avropa istehsalçıları üçün kifayət qədər həssasdır, çünki bazarda rəqabəti gücləndirəcək. Xüsusilə Almaniya avtomobil sənayesi zərər görə bilər: ötən il ABŞ-a bu sahədə ixracın həcmi 24,8 milyard dollar olub. ABŞ tərəfi isə bəzi məhsulları əsas 15 faizlik rüsumdan kənarda saxlayacaq – təyyarələr və onların ehtiyat hissələri, dərmanlar və yarımkeçiricilər siyahıya daxildir. Həmin məhsulların başqa tariflərlə vergiyə cəlb olunub-olunmayacağı isə hələ açıqlanmayıb.

Razılaşma çərçivəsində Avropa polad və alüminiumuna da müəyyən güzəştlər tətbiq oluna bilər. Tərəflər “artıq istehsal güclərinə qarşı bazarların qorunmasını” öhdəlik kimi qəbul ediblər. Bu ifadə, görünür, əsasən Çin məhsullarına işarədir.

Sazişin bir hissəsi kimi Avropa İttifaqı ABŞ hərbi texnikasının həcmi açıqlanmayan məbləğdə alınmasına, həmçinin 40 milyard dollar dəyərində süni intellekt çiplərinin idxalına razılıq verib. Bundan başqa, Avropa 750 milyard dollar dəyərində ABŞ maye qazı, nefti və atom energetikası üçün materialları üç il ərzində almağı öhdəsinə götürüb. Bu isə Brüssel üçün ciddi çağırışdır, çünki Aİ-nin illik enerji idxalı 400 milyard dollar təşkil edir və hətta Rusiya mənbələrindən tam imtina olunsa belə, əlavə həcmlər üçün xarici bazarlar axtarılmalıdır.

Avrokomissiya qeyd edir ki, danışıqlarda detalları dəqiqləşdirmək üçün hələ imkan qalır. Avropa tərəfi bəzi məhsul kateqoriyaları üzrə əlavə tarif azalmaları əldə etməyə çalışacaq. Lakin bütün üzv ölkələrin maraqlarını nəzərə almaq zərurəti və Donald Trampın davam edən təzyiq siyasəti prosesi çətinləşdirir.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya