Naxçıvanda “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihənin icrasına başlanılıb

post-img

Naxçıvanda “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihənin icrasına başlanılıb və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihə çərçivəsində mühüm ictimai tədbirlərə start verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə güllər düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib. 

"Naxçıvan Saray”da təşkil olunan forumda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi"nin sədri Bəhruz Məmmədzadə,  Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları qazi Təbriz Zeynalov, Üzeyir Məmmədov və digər dövlət nümayəndələri Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, Azərbaycan-Türkiyə dostluq əlaqələrindən, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan söhbət açıblar. 

Forumda xatirə hədiyyələri təqdim edilib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Flarmoniyasının mahnı və rəqs ansamblının ifasında konsert proqramı təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində forum iştirakçıları üçün Naxçıvan şəhərinə infotur proqramı da planlaşdırılıb. Layihənin məqsədi Azərbaycan və Türkiyə arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, eləcə də xüsusi təyinatlı qazilər və şəhid ailələri arasında əməkdaşlıq və şəbəkələşmənin gücləndirilməsidir.

 





Sosial həyat