“Qətnamə oyunu”: Qarabağ amili və erməni iqtidarı üçün həssas məqam

post-img

Roma Papasından daha çox katoliklik kimlərə sərfəlidir?

İt motaldan əl çəkdi, motal itdən əl çəkmir. Belçika və Niderland Nümayəndələr Palatasının ermənipərəst, anti-Azərbaycan mahiyyət daşıyan qətnamələrini yalnız belə qiymətləndirmək mümkündür. Ermənistan qondarma “soyqırımı” klişesindən uzaq durursa, hər iki ölkə parlamentinin mövzuya dair canfəşanlığını necə anlayasan? Amma məsələ yalnız bunda deyil, vurğulanmalı vacib və daha vacib məqamlar var.

Məlum olduğu kimi, Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon və Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq ayrı-ayrılıqda ölkəmizin Xarici İşlər Nazirliyinə çağırılıb və onlarla görüşlərdə hər iki ölkə parlamentinin qəbul etdiyi qətnamələrin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıdığı bildirilib, növbəti dəfə özünü göstərən bu cür məsuliyyətsiz cəhdlərə qarşı kəskin etiraz ifadə olunub.

Səfirlərlə görüşdə, həmçinin, bildirilib ki, hər iki sənəd yalan və əsassız qiymətləndirmələrlə doludur. Bu hal isə həmin sənədləri qəbul etmiş qurumların daxilinə kök salmış Azərbaycan əleyhinə qərəz motivlərinə söykənir. Habelə, parlament qərarlarında yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq müdaxilə mahiyyəti daşıdığı vurğulanıb.

***

Bəli, Ermənistanın baş naziri Nikol Paşinyan və ölkənin digər rəsmiləri ölkələri ilə Azərbaycan arasında sülh mühitinin qərarlaşdığını bildirir, barış ritorikasını özlərinin seçkiqabağı təbliğat platformalarının vacib tezisinə çevirir, Niderland və Belçika Parlamentinin üzvləri isə müharibə təhlükəsindən dəm vururlar. Görəsən, onlar nə yeyib, nə içirlər ki, bu qənaətə gəlirlər? Həqiqətən, bəzi durumlara izah tapmaq çox çətindir. Amma izah var və bu barədə sonda söz açacağıq.

Belə təəssürat yaranır ki, Belçika və Niderland ali qanunverici orqanlarının təmsilçiləri ötən il avqustun 8-də “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanmasından da xəbərsizdirlər, hər iki ölkə liderinin imzaladıqları Birgə Bəyannamədən də. Yaxşı, başa düşdük ki, onlar Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının fəaliyyətini davam etdirməsi üçün əsas hazırlayırlar. Amma...

Digər tərəfdən, belə düşünmək də mümkündür ki, Niderland və Belçika parlamentariləri baş nazir N.Paşinyan və komandasının seçkidə qalib gəlməsini istəmirlər. İstəsəydilər, Ermənistandakı revanşist və şovinist kəsimin müharibə təhlükəsinin sovuşmadığına dair sərsəmləmələrini təkrarlamazdılar. Görəsən, avropalı deputatlar kimin sifarişlərini yerinə yetirirlər?

Nəzərə alaq ki, erməni iqtidarına əks mövqedə dayanmış müxalifət Rusiyadakı bəzi qüvvələr tərəfindən dəstəklənir. O qüvvələr ki, hələ də Qarabağ hərəkatının bitmədiyi iddiasındadırlar və çalışdıqları budur ki, revanşist kəsimin hakimiyyətə yiyələnməsi ilə Qarabağ kartını diri tutsunlar, beləliklə, Cənubi Qafqaz coğrafiyasında öz təsirlərini saxlasınlar. Bəlkə Niderlanda və Belçikaya bu lazımdır?

Əslində, sualımız ritorikdir. Bu “cırtdanlar” böyük siyasətdə heç nədirlər və şübhəsiz, dediyimiz kimi, konkret sifariş yerinə yetirirlər. O sifariş ki, onun ikibaşlı mahiyyət daşıdığını vurğuladıq. Yəni Niderland və Belçika parlamentinin üzvləri, obrazlı desək, qaş düzəltdikləri yerdə göz çıxarmaqla məşğuldurlar, durumun fərqində olmayacaq qədər miskin və rəzildirlər. Avropanın iki inkişaf etmiş ölkəsinin parlament üzvlərinin sərsəm oyunlarda alətə çevrilmələrinə başqa ad tapmaq çox çətindir. Ancaq onların davranışlarında müəyyən məntiq, səbəb-nəticə əlaqələri tapmaq mümkündür. Elə isə keçək anonsunu etdiyimiz daha vacib məqamlara.

***

Bəli, sözügedən qətnamələrdə “Azərbaycanda saxlanılan hərbi əsirlər” məsələsi də gündəmə gətirilir. Hesab edirik ki, yalnız bu element hay hakim komandasının baxışlarını əks etdirir. Yeri gəlmişkən, Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının bir neçə gün əvvəl İstanbulda keçirilmiş iclasındakı çıxışı zamanı mövzuya yer vermiş, “erməni əsirlərin” buraxılmasına sülh və etimad mühiti kontekstində aydınlıq gətirməyə çalışmışdı. Görəsən nə üçün? Axı ortada böyük ziddiyyət və məntiqsizlik var.

Erməni iqtidarı “Qarabağ hərəkatı”ndan imtina etdiyini bildirirsə, o zaman nəzərə almalıdır ki, Bakı həbsxanalarında məhkumluq həyatı yaşayanlar hərbi əsir yox, məhz həmin “hərəkatın”, daha doğrusu, avantüranın daşıyıcıları olmuş şəxslərdir. Axı Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan nə vaxtdan hərbi əsir olub? Yoxsa, qondarma rejimin “xarici işlər naziri” olmuş David Babayandır hərbi əsir? O Babayan ki, vaxtilə Azərbaycana ultimatumlar verirdi. Bəlkə hərbi əsir rejimdə oyuncaq “dövlət naziri” postunu tutmuş Ruben Vardanyandır? Vardanyan ölkəmizin suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə təhdid edirdi.

Yəni rəsmi İrəvan seçkiöncəsi bu şəxslərin azadlığa çıxmalarına səy göstərməklə, çox böyük paradoksa yol verdiyini düşünməlidir. Bu paradoks isə istər-istəməz başqa məqamlara yol açır. Müvafiq surətdə Belçika və Niderland parlamentinin üzvləri hesab edə bilərlər ki, Paşinyan və komandası Bakıda saxlanılan ermənilərin, yəni Qarabağ canilərinin, müharibə cinayətkarlarının sərbəst buraxılmalarını istəyirsə, avantüradan uzaqlaşmayıb. Deməli, avropalı deputatların keçmişin qondarma “soyqırımı” klişesi ilə “silahlanmalarında”, habelə Azərbaycanla Ermənistan arasında müharibə təhlükəsi uydurmalarında da məntiq axtarmaq yerinə düşür.

Sözümüz ondadır ki, Ermənistan hakimiyyəti mövzunun həssaslığını nəzərə almalı, hansısa kənar dövlətin və ya dövlətlərin sərsəm qətnamələrinin yayılmasına icazə verməməlidir. Avropalılar fərqində olmaya bilərlər, amma rəsmi İrəvanın təmsilçiləri bu sayaq sənədlərin sülhə və etimad quruculuğuna zərbə vurduğunu ciddi şəkildə düşünməlidirlər. Habelə, Paşinyan iqtidarı səmimi davranıb Belçika və Niderland parlamentlərində qəbul edilmiş qətnamələrə bənzər sənədlərə sərt etirazını bildirməlidir.

***

Sonda ən vacib məqamı diqqətə çatdıraraq deyək ki, Cənubi Qafqazda sülh qlobal siyasətin məngənəsində sıxılıb qalmamalıdır. Niderland və Belçika parlamentinin qətnamələrində, daha doğrusu, Roma Papasından daha çox katolik olmaq cəhdlərində regiondakı barışı rəqabət müstəvisinə daşımaq motivləri hiss olunmaqdadır. Axı hazırkı sülh dinamikasında özünü göstərən ABŞ vasitəçilik xətti var. O xətt ki, Avropa İttifaqının timsalında Fransaya sərfəli deyil. Durum Rusiya üçün də məqbul sayılmırsa, deməli, Niderland və Belçika kimi “cırtdanların” ortaya düşmələrində planlılıq axtarmağa dəyər. Ermənistan hakimiyyətinin bu “cırtdanların” qətnamələrinə etiraz etməsinin vacibliyini vurğulayarkən, Paşinyan iqtidarının vəziyyətin məhz bu həssaslığı barədə də ciddi düşünməli olduğu qənaətindəyik.

Ə.RÜSTƏMOV
XQ

Siyasət