Cənubi Qafqazda sülh prosesinə daxildən dəstək

post-img

Rəsmi Bakının İrəvanla danışıqlarında struktur dəyişiklikləri

İllər boyu region daxilində davam edən qeyri-sabitlik, münaqişə mühiti artıq tamamilə fərqli, xüsusi praqmatik əməkdaşlıq müstəvisinə sürətli keçid alır. "Sülh tranziti" konsepti qeyd edilən keçid prosesinin əsas aparıcı qüvvəsi qismində çıxış edir. Əlaqələrin bu formada bərpası xalqlararası münasibətlər sistemində konseptual siyasi memarlığın sağlam təməllər üzərində qurulması mənasına gəlir. Qeyd edilən paradiqma dəyişikliyi xarici qüvvələrin bölgəyə yönəlik destruktiv müdaxilələrini əngəlləməklə yanaşı, tərəflərin qarşılıqlı hörmət çərçivəsində mövcudluğunu təmin edən əvəzsiz struktura çevrilir.

Tarixi xronologiyaya nəzər saldıqda aydın görünür ki, yalnız diplomatik bəyanatlar vasitəsilə uzunmüddətli sülhə nail olmaq praktiki baxımdan imkansızdır. Real sülh əldə etmək üçün mütləq şəkildə qarşılıqlı etimad, ortaq maraqlar doğuran ardıcıl addımlar atılmalıdır. Məhz həmin məntiqə əsaslanaraq, cari mərhələdə rəsmi Bakının İrəvanla münasibətləri tənzimləmək məqsədilə həyata keçirdiyi fəaliyyət unikal xarakter daşıyır. Azərbaycan tərəfinin nümayiş etdirdiyi siyasi iradə, atılan təmkinli addımlar nəticəsində bölgədə təhlükəsizlik arxitekturasının yaradılması istiqamətində irəliləyiş müşahidə olunur.

Azərbaycandan Ermənistana növbəti yük – 16 vaqon dizel yanacağı yola salındı. Belə qərar zahirən ticarət, maddi mübadilə prosesini xatırlatsa da, məsələnin siyasi mahiyyəti tamamilə fərqlidir. Qeyd olunan yanacaq nəqli əməliyyatı qonşu dövlətin rəsmi institutlarına, həmçinin xalqına göndərilən aydın sülh mesajıdır. Enerji resurslarının təminatı bütövlükdə dövlətin təməl suverenlik göstəricilərindəndir. Həmin ehtiyacın məhz qalib tərəf Azərbaycan vasitəsilə ödənilməsi tarixi qələbənin humanizm, gələcəyə hesablanmış strateji düşüncə ilə idarə edildiyinin təsdiqidir.

İllərdir formalaşdırılan dezinformasiya mühiti, nifrət ritorikası Ermənistan daxilindəki radikal ünsürlərin mütəmadi istifadə etdiyi əsas təbliğat alətinə çevrilmişdi. Həmin qruplar cəmiyyətdə qorxu, xof yaradaraq daimi qapalılıq mühitini təşviq edirdilər. Lakin Bakının həyata keçirdiyi ardıcıl, təmkinli logistik təminat təşəbbüsləri həmin dezinformasiya şəbəkələrini zərərsizləşdirir. Radikal siyasi dairələrin anti-Azərbaycan təbliğatı mövcud gedişat fonunda öz əhəmiyyətini, inandırıcılıq qabiliyyətini itirir. Çünki ortada təkzibedilməz real fəaliyyət var.

Mütləq şəkildə nəzərə alınmalıdır ki, adi vətəndaşın düşüncə tərzi fəlsəfi, konseptual sənədlərdən daha çox gündəlik məişət şəraitinə, təminat imkanlarına əsaslanır. Hazırkı vaxtda Ermənistanın enerji bazarında ucuzlaşma erməni cəmiyyətinin həyatında bilavasitə hiss ediləcək, onların sosial rifahına müsbət təsir göstərəcək real nəticədir. Vətəndaş daxili bazarda məhsulların qiymətinin enməsini, logistik asanlığı gündəlik yaşamında hiss etdikdə siyasi xadimlərin illərdir beyninə yeritdiyi düşmənçilik hissləri təbii yolla sıradan çıxır. Erməni xalqı artıq başa düşür ki, təcrid olunma, münaqişə yalnız onların yaşayış standartlarını pisləşdirir. Əvəzində qonşu ilə normal kommunikasiya xətlərinin açılması siyasi-sosial əhəmiyyət daşıyaraq rifaha xidmət edir.

Sosial durumun ictimai şüurda yaratdığı dəyişiklik qonşuya inam və etimadı formalaşdırır. Əsas məsələ cəmiyyətin düşüncə tərzinin tam transformasiyasındadır. Əhali artıq uzun illər ərzində onlara aşılanan stereotiplərdən imtina etməyə, reallığı dərk edərək praqmatik mövqe tutmağa meyllənir. Yalnız xalqın etimadını qazanmış sülh prosesi uzunmüddətli, dayanıqlı ola bilər. Rəsmi idarəçilər tərəfindən imzalanan sənədlər hüquqi baza yaratsa da, həmin sənədlərin içərisindəki müddəaların reallığa çevrilməsi üçün ictimai dəstək, məhz xalqlararası barışıq ruhu zəruridir. Hazırda müşahidə etdiyimiz prosesə tam olaraq qeyd edilən qlobal məqsədə doğru yönəlib.

Bakının səmimiyyətinə dair şübhələrin aradan qalxması sülh sazişinin imzalanmasını şərtləndirən ən mühüm amildir. İkili standartlardan uzaq, şəffaf, anlaşıqlı niyyətlərlə çıxış edən dövlət siyasətimiz bütün qaranlıq məqamlara aydınlıq gətirir. Beynəlxalq təşkilatların onilliklər boyu yaratmağa çalışdığı, lakin daim uğursuzluqla nəticələnən barışıq mühitini bu xətt məhz real işlərlə qurmağı bacarır. Cəmiyyətdəki yersiz qorxular, uydurma fobiyalar zəiflədikcə sülh müqaviləsinin ictimai legitimliyi artır. Yalnız legitimliyə malik hüquqi sənəd tarixi əhəmiyyət kəsb edə bilər. Bütün manipulyasiyalara, xarici güclərin neqativ təsirlərinə baxmayaraq, xalqlar arasında etimad mühitinin yaradılması regionu gələcək faciələrdən sığortalayacaq təhlükəsizlik təminatına çevrilir. Həmin səbəbdən cari diplomatik fəaliyyətlər, sadəcə, qonşuluq əlaqəsi çərçivəsinə sığmır, regionun inkişaf modelini formalaşdırır.

Sülh sənədinin konturları məhz qeyd olunan praktiki zəminlər üzərində formalaşır. Nəzəri yanaşmalar mütəmadi qaydada pozula, şərtlər yenidən müzakirəyə çıxarıla bilər. Lakin infrastrukturların fəaliyyətə başlaması, humanitar, sosial-logistik xətlərin aktivləşməsi tərəfləri reallığa o dərəcədə bağlayır ki, geriyə addım atmaq, sadəcə, fəlakət anlama gəlir. Azərbaycan hakimiyyətinin apardığı yorulmaz fəaliyyət bu məqamın reallaşmasına yönəlib. Prosesin hər addımında riyazi dəqiqliklə hesablanmış strateji vizyon hiss olunur.

Aydın şəkildə vurğulanmalıdır ki, əldə olunan irəliləyişlər dərhal, asan şəkildə formalaşmayıb. Arxada olduqca mürəkkəb, yorucu diplomatik mübarizə, böyük güclərin təzyiqlərini dəf etmək qabiliyyəti dayanır. Dövlət liderinin nümayiş etdirdiyi uzaqgörən siyasət müvəqqəti emosiyalardan uzaq, tamamilə rasional hesablamalara söykənir. Tarix sübut edir ki, təfəkkürlə idarə olunan sistemlər xaos içərisindən asayiş yaratmağı bacarır. Cəmiyyətin diqqətini məişət, normal inkişaf ritminə kökləmək üçün edilən humanitar gedişlər qonşu ölkə daxilində rasionallığı oyadır. Əhalinin sağlam məntiqi bərpa olunduqca revanşizm ideologiyası sosial dəstək bazasından məhrum olur. İnsanlar sülhün faydasını anladıqdan sonra onlara müharibə təbliğatı satmaq praktiki baxımdan imkansızlaşır.

Qeyd olunan sülh diplomatiyası təcrübədə qarşısıalınmaz prosesə çevrilir. "Sülh tranziti" artıq mətbuat səhifələrində səslənən və tam təsdiqini tapmış real icra prosesidir. Ermənistan bazarında ucuzlaşma xalqın dövlətimizə yönəlik yanaşmasını müsbət yöndə dəyişdirən əsas amildir. Sosial durumun ictimai şüurda yaratdığı dəyişiklik isə qonşuya inam və etimadı formalaşdırır. Bakının səmimiyyətinə dair şübhələrin aradan qalxması sülh sazişinin imzalanmasını şərtləndirən mühüm amildir. Göstərilən faktorlar, o cümlədən logistik irəliləyişlər yeni tarixi mərhələnin geridönməz inkişaf xətləridir.

İndi Azərbaycan gələcək nəsillərin xarici müdaxilələrdən uzaq, əmin-amanlıq içində yaşaması üçün qurulan möhtəşəm regional siyasi arxitekturanın inşası ilə məşğuldur.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət