Oqtay Rəcəbov – 85
Biz bəstəkar, alim və pedaqoq Oqtay Rəcəbovu ötən əsrin 70-ci illərindən Azərbaycan Televiziyasında efirə gedən “Məktəblilərin musiqi klubu” verilişinin aparıcısı kimi tanımışıq. Uşaqların musiqi zövqünün formalaşması baxımından önəmli olan həmin veriliş 15 ilə qədər bu missiyaya xidmət edib.
Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda dünyaya göz açıb. Uşaqlığı çətin müharibə illərinə təsadüf edib. Anası Gülsabah xanım musiqiyə həvəsini görüb onu musiqi məktəbinin skripka sinfinə yazdırıb. Oqtay həmçinin 2 il bəstəkar Fikrət Əmirovun evində musiqi bilgilərinə yiyələnib. “İçərişəhər” mahnısı gənc istedadın həyatının erkən çağlarının həzin duyğulu ifadəsi kimi dinləyicilərə bələdçilik edir.
İlk ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alan Oqtay Rəcəbov akademiyanın Fizika İnstitutunun aspiranturasında oxuyub, sonra konservatoriyanı bitirib. Həm fizika, həm də musiqi müəllimi kimi dərs deyib, başqa sözlə, fizika ilə lirika onun həyatının qoşa qanadı olub. Amma fiziklərin dili ilə desək, lirikanın – musiqinin cazibə qüvvəsi onu daha çox çəkib.
Əməkdar incəsənət xadimi və Əməkdar müəllim olan böyük ziyalının tərcümeyi-halında Azərbaycan Elmi–Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışması, eləcə də Ü.Hacıbəyli adına Musiqi Akademiyasının professoru olması qeyd edilib.
Konservatoriyada ünlü bəstəkar və pedaqoqlar Qara Qarayevlə Cövdət Hacıyevdən dərs almış gənc Oqtay klassik və müasir musiqini bir vəhdətdə görüb ifadə edə bilən sənətkar kimi yetişib. Ustadlarının təkcə kompozisiya qurmaq bacarığından deyil, həm də mövzuya fəlsəfi yanaşma tərzindən bəhrələnib, musiqini daha çox mənəvi anlamda təqdim etməyi öyrənib. Təsadüfi deyil ki, onun bəstələrində Azərbaycan xalq musiqisinin melodik xüsusiyyətləri ilə Qərb musiqi texnikaları bir araya gəlir. Əsərləri Rusiya, Almaniya, Fransa, Türkiyə və digər ölkələrdə keçirilən musiqi festivallarında uğurla səsləndirilib.
Oqtay Rəcəbov “Göyçək Fatma”, “Xeyir və Şər”, “Sərçəcik”, “Atatürk” və digər operaların, neçə-neçə musiqili komediyanın, simfoniya, oratoriya və kantatanın, 400-dən çox mahnının, 20-dək kinofilm musiqisinin müəllifidir. Eyni zamanda, Rusiya Mərkəzi Televiziyasının sifarişi ilə “Qız, oğlan və şir” filminə, eləcə də İran İslam Respublikasının sifarişinə əsasən 4 fars filminə musiqi bəstələyib.
O, klassik ənənələrə sadiqliyi və yeniliklərə açıq yaradıcılıq üslubu ilə tanınıb. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova, Mirzə Babayev, Yalçın Rzazadə kimi ünlü müğənnilər onun nəğmələrini sevə-sevə oxuyub və sevdirə biliblər. “Anam Azərbaycan”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən?” bu gün də dillər əzbəridir.
Onun yaradıcısı olduğu İncəsənət Gimnaziyasının yetirmələri beynəlxalq miqyasda çoxsaylı uğurlar qazanıblar. Oqtay müəllim bu musiqi təhsili ocağında işlədiyi dövrdə (1992–2001) ölkəmizdə ilk dəfə olaraq uşaqlar üçün opera studiyası və kinostudiya yaradılıb. Bəstəkarın pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyası, 70 dərslik, dərs vəsaiti və proqramı, 100-dən artıq məqaləsi nəşr olunub. Onun uşaq mahnıları ayrıca olaraq 6 məcmuədə toplanıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən ruhlanan Oqtay Rəcəbovun son əsəri – xor və simfonik orkestr üçün yazdığı “Zəfər himni” kantatası müzəffər Ali Baş Komandanımız İlham Əliyevə həsr olunub. Bu himni o, hələ qələbədən 1 il əvvəl notlaşdırmağa başlamışdı. İlk dəfə bəstəkarın böyük inamla gözlədiyi tarixi zəfərdən sonra əzəmətlə səslənib. Son hissə “Çahargah” və “Rast” muğamlarının intonasiyalarına əsaslanır. Bu isə zəfərin və musiqinin möhtəşəmliyini göstərir. Kantata son dövrlərdə ölkəmizdə vətənpərvərlik mövzusunda yazılan ən yaxşı əsərlərdən sayılır.
Oqtay Rəcəbov 2022-ci ilin dekabrında, 81 yaşında vəfat edib. Onun ölməz ruhu yazdığı musiqilərdə və sənətsevərlərin ürəklərində yaşayır.
Əli NƏCƏFXANLI
XQ

