Azərbaycan gələn il beynəlxalq idman mərkəzinə çevriləcək -VİDEO

post-img

Bakı beynəlxalq idman ictimaiyyətinin ən nüfuzlu müzakirə platformalarından biri olan SportAkkord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək. Bu məqsədlə sentyabrın 8-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, SportAkkord və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında rəsmi müqavilə imzalanıb və təqdimat mərasimi keçirilib. İmzalanan rəsmi müqaviləyə əsasən, 2026-cı il 24–28 may tarixlərində SportAkkord Dünya İdman və Biznes Sammiti Bakıda keçiriləcək.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bildirdi ki, SportAkkord Dünya İdman və Biznes Sammitinin ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti uğurudur: “Beynəlxalq idman aləmində öz sözümüzü demişik, hər il yeni uğura imza atırıq. Beynəlxalq qurumlar da bizə inanırlar və tədbirləri Azərbaycana həvalə edirlər. Bakı 2026-cı ildə dünyanın idman paytaxtı olacaq. Adı qorumaq üçün bir sıra turnirlər keçirəcəyik”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bunu Azərbaycanda növbəti idman bayramı adlandırdı: “Bu həqiqətən böyük tədbirdir. Dəfələrlə bu tədbirlərə qatılmışam, vacib qərarlar qəbul olunub. SportAkkordun rəhbərliyinə təşəkkür edirik. Azərbaycan idman ölkəsidir və bu tədbirin də yüksək səviyyədə təşkil olunacağına inanırıq”.

SportAkkord prezidenti Uğur Erdener sammitdə 2800–3000 nəfərin iştirak edəcəyini bildirdi. O, açıqlamasında qeyd etdi: “Dünyanın önəmli idman adamları Bakıya gələcəklər. Dünyadakı federasiyaların rəsmi şəxsləri də iştirak edəcəklər. Hamısı Azərbaycan mediası və xalqı ilə tanış olacaqlar. Bakı çox gözəl şəhərdir, burada bir sıra beynəlxalq idman turnirləri uğurla təşkil olunub”.

2003-cü ildə təsis edilən SportAccord bu gün həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini təmsil edən 120-dən çox beynəlxalq federasiyanı, Beynəlxalq Olimpiya Komitəsini və digər idman qurumlarını bir araya gətirən nüfuzlu təşkilatlardan biridir. Təşkilatın əsas məqsədi idmanın qlobal inkişafına dəstək vermək, idman qurumları arasında əməkdaşlığı gücləndirmək və idmanın sosial, iqtisadi və mədəni dəyərlərini dünyada təşviq etməkdir.

SportAccord-un hər il keçirilən sammiti qlobal idman və biznes dairələrinin ən mötəbər tədbirlərindən biri hesab olunur. Burada yüzlərlə beynəlxalq federasiya, təşkilat, sponsor və media nümayəndəsi bir araya gələrək idman dünyasının gələcəyini müzakirə edir, yeni tərəfdaşlıqlar qurur və qlobal şəbəkələşmə imkanlarından yararlanır. Sammit çərçivəsində konfranslar, sərgilər və ikitərəfli görüşlər təşkil olunur.

Təqdimat mərasimində MOK-un baş katibi Azər Əliyev və müxtəlif federasiyaların rəsmiləri iştirak edirdilər. 

Səbuhi MƏMMƏDOV,

Cavid QAÇAYEV (foto)

XQ

 


















İdman