Qarabağın əczaçılıq potensialı və onun bərpa istiqamətləri

post-img

“Azərbaycanın zəngin təbii-coğrafi bölgələrindən olan Qarabağ təkcə ölkəmiz üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət daşıyan unikal ekosistemlərə malikdir. Dağlıq və aran zonalarının kəsişməsində yerləşən bu ərazi müxtəlif iqlim tiplərinin, torpaq örtüyünün və biomüxtəlifliyin harmonik vəhdəti ilə seçilir. Təbiətin bu cür unikal sintezi burada nadir və yüksək müalicəvi xüsusiyyətlərə malik bitki növlərinin formalaşmasına şərait yaratmışdır. Qarabağ uzun əsrlər təbii mənşəli dərman preparatlarının hazırlanması üçün əsas xammal bazalarından biri kimi tanınmışdır. Lakin 30 ilə yaxın davam edən Ermənistan işğalı nəticəsində bu sərvətlər ciddi dağıntılara və ekoloji fəlakətlərə məruz qalmışdır”.

Bu fikirləri bizimlə söhbətində Ermənistanın işğalı dövründə Qarabağın təbii sərvətlərinə dəyən zərərlərdən söz açan Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müəllimi, Dünya Tibbi Hüquq Assosasiyasının üzvü Aida Bəndəliyeva dedi. O, fikirlərinə davam edərək öncə regionun meşə ehtiyatlarına vurulan zərbələrdən danışdı:

– Rəsmi məlumatlara görə, işğal dövründə Qarabağ və ətraf rayonlarda 260 min hektardan çox meşə sahəsi zərər görmüş, bunun təxminən 60 min hektarı tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında qiymətli ağac növləri – palıd, şabalıd, qoz və ayıfındığı kütləvi şəkildə qırılaraq qanunsuz istismar edilmişdir. Ekoloji təşkilatların hesabatlarına əsasən, hər il yüz minlərlə kubmetr oduncaq Ermənistana daşınmışdır ki, bu da regionun meşə ehtiyatlarına uzunmüddətli zərbə vurmuşdur.

İşğal illərində qəsdən törədilmiş yanğınlar da ciddi ekoloji fəsadlara səbəb olmuşdur. Təkcə 2006-cı ildə baş vermiş genişmiqyaslı yanğınlar nəticəsində 100 min hektardan artıq ərazi zərər çəkmişdir. Bu yanğınlar biomüxtəlifliyin azalmasına, torpaq eroziyasının sürətlənməsinə və iqlim balansının pozulmasına səbəb olmuşdur. Mütəxəssislərin hesablamalarına görə, regionda torpaq eroziyasının səviyyəsi bəzi ərazilərdə 2–3 dəfə artmışdır.

Aida xanım Qarabağın flora və faunasının müxtəlifliyinin, orada bitən nadir bitkilərin işğaldan əvvəl də elmi cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyini dedi:

– Qarabağın flora və faunası, onun rəngarəngliyi hələ sovet dövründə də elm elmi cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi. Bölgədə 1500-dən çox ali bitki növü, o  cümlədən 600-dən artıq dərman bitkisi mövcud olmuşdur. Bu bitkilərin təxminən 5 faizi endemik, 30-dan çoxu isə Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş nadir növlər idi. Bitkilərin 66 növü müasir tibbdə istifadə edilə biləcək farmakoloji xüsusiyyətlərə malikdir. Araşdırmalar göstərir ki, bölgədə yayılmış dərman bitkilərinin 163 növü sidikqovucu, 157 növü antibakterial, 81 növü büzüşdürücü, 38 növü yarasağaldıcı, 19 növü isə antiviral təsirə malikdir. Bu göstəricilər Qarabağın zəngin təbii əczaçılıq xammal bazasına malik olduğunu göstərir.

Qarabağın florasında xüsusi yer tutan və tibbi baxımdan əhəmiyyətli olan bitkilər – dazıotu (Hypericum), çobanyastığı (Matricaria), andız (Inula) və digər növlər yalnız xalq təbabətində deyil, müasir əczaçılıqda da perspektivli xammal hesab olunur. Bu bitkilərin tərkibində olan flavonoidlər, alkaloidlər, efir yağları və digər bioloji fəal maddələr ürək-damar, mədə-bağırsaq, dəri, qaraciyər və sinir sistemi xəstəliklərinin müalicəsində geniş istifadə edilə bilər. Lakin işğal dövründə aparılan qeyri-qanuni təsərrüfat fəaliyyəti və ekosistemlərin dağıdılması nəticəsində bu növlərin bir qismi məhv olmuş, bir qismi isə yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdır.

Müsahibim Qarabağın qədim dövrlərdən etibarən tibb və dərman bitkiləri ilə məşhur olduğunu tarixi mənbələrin də təsdiqlədiyini vurğuladı:

– Hələ eramızdan əvvəl IV əsrdə bu ərazidən toplanan bitkilər qədim Yunanıstan və Misirə ixrac edilirdi. Alban tarixçisi Musa Kalankatlı “Alban tarixi” əsərində Qarabağda fəaliyyət göstərən əczaxanalarda yerli bitkilər əsasında müxtəlif dərman preparatlarının hazırlanması haqqında ətraflı məlumat verir. Bu fakt regionun qədim əczaçılıq mərkəzlərindən biri olduğunu göstərir.

XIX əsrdə Şuşada fəaliyyət göstərən ilk tibbi müəssisələr də bu ənənənin davamı olmuşdur. Gövhər ağa Cavanşirin təşəbbüsü ilə yaradılmış müalicə ocaqlarında yerli bitkilərdən hazırlanmış dərman vasitələri geniş tətbiq olunurdu. Bu isə Qarabağın yalnız xammal bazası deyil, eyni zamanda əczaçılıq biliklərinin inkişaf etdiyi mərkəz olduğunu göstərir. Bu faktlar regionun həm təbii, həm də elmi və mədəni baxımdan zəngin irsə malik olduğunu sübut edir.

Lakin Ermənistanın uzunmüddətli işğalı  dövründə meşələrin qırılması, nadir bitkilərin məhv edilməsi və ekosistemlərin dağıdılması nəticəsində bəzi dərman bitkisi növləri ya yox olmuş, ya da kəskin şəkildə azalmışdır. Statistik məlumatlara görə, işğal dövründə regionun meşə örtüyünün 25 faizdən çoxu zərər görmüş, bu isə dərman bitkilərinin təbii yayılma arealının daralmasına səbəb olmuşdur.

Bundan əlavə, nəzarətsiz və qeyri-qanuni istismar nəticəsində bəzi qiymətli bitkilər sistemsiz şəkildə toplanaraq regiondan çıxarılmış, bu da onların təbii bərpasını çətinləşdirmişdir. Ekoloqların fikrincə, bəzi nadir dərman bitkilərinin populyasiyasının bərpası üçün ən azı 15–20 il vaxt tələb olunur.

Qarabağ həm də zəngin su ehtiyatları ilə seçilən regiondur. Tərtər, Bazarçay və Həkəri kimi çaylar, həmçinin Kəlbəcər rayonundakı məşhur İstisu mineral bulaqları regionun iqtisadi və sosial inkişafında mühüm rol oynamışdır. Bu su mənbələri eyni zamanda müalicəvi əhəmiyyətə malik olub, sanatoriya və balneoloji müalicə sahəsində geniş istifadə edilmişdir. Lakin işğal dövründə su ehtiyatlarının nəzarətsiz istismarı və çirkləndirilməsi nəticəsində bu mənbələr ciddi zərər görmüşdür. Bəzi qiymətləndirmələrə görə, regionun su ehtiyatlarının keyfiyyət göstəriciləri bəzi ərazilərdə normadan 30–40 faiz aşağı düşmüşdür.

Həmsöhbətim hazırda Azərbaycan hökuməti və beynəlxalq təşkilatlar tərəfindən Qarabağda həyata keçirilən bərpa proqramlarından və bölgənin əczaçılıq baxımından strateji əhəmiyyətə malik bir region olmasından söz açdı:

–  Həmin bərpa proqramları çərçivəsində artıq minlərlə hektar ərazidə meşəsalma işlərinə başlanılmış, nadir bitki və heyvan növlərinin qorunması istiqamətində layihələr icra olunur. 2023–2025-ci illər ərzində azad edilmiş ərazilərdə 10 milyondan çox ağacın əkilməsi planlaşdırılmışdır. 

Bununla yanaşı, regionda “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində ekoloji tarazlığın bərpası və davamlı inkişafın təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Bu yanaşma həm təbii sərvətlərin qorunmasına, həm də gələcək nəsillər üçün sağlam ekosistemin formalaşdırılmasına xidmət edir.

Hazırda bölgədə aparılan elmi tədqiqatlar Qarabağın əczaçılıq potensialının yenidən qiymətləndirilməsinə imkan yaradır. Azərbaycan alimlərinin bu ərazilərə mütəmadi ekspedisiyalar keçirməsi bir sıra nadir və əvvəllər qeydə alınmamış bitki növlərinin yenidən aşkar edilməsinə şərait yaradır. Eyni zamanda, biotexnologiya və əczaçılıq sahəsində aparılan müasir tədqiqatlar bu bitkilərdən yeni nəsil dərman preparatlarının hazırlanması imkanlarını genişləndirir.

Qarabağ bölgəsi yalnız təbii sərvətləri ilə deyil, həm də əczaçılıq baxımından strateji əhəmiyyətə malik bir regiondur. Bu ərazinin zəngin bitki ehtiyatları gələcəkdə yerli dərman istehsalının genişləndirilməsi, idxaldan asılılığın azaldılması və yeni müalicə vasitələrinin yaradılması üçün mühüm baza rolunu oynaya bilər. Bu baxımdan, dövlət səviyyəsində həyata keçirilən bərpa proqramlarında dərman bitkilərinin qorunması və artırılması xüsusi yer tutur. Meşəsalma layihələri ilə yanaşı, dərman bitkilərinin sənaye miqyasında becərilməsi və emalı istiqamətində tədbirlərin həyata keçirilməsi həm ekoloji tarazlığın bərpasına, həm də ölkənin əczaçılıq sənayesinin inkişafına töhfə verəcəkdir.

Bu gün əsas məqsəd Qarabağın məhv edilmiş təbii və əczaçılıq potensialını bərpa etmək, onu müasir elmin nailiyyətləri ilə birləşdirərək davamlı inkişaf modelinə çevirməkdir. Qarabağın yenidən dirçəldilməsi təkcə tibbi deyil, həm də ekoloji və iqtisadi baxımdan Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq. Məhz buna görə də işğal nəticəsində bölgəyə dəyən itkilərin dəqiq qiymətləndirilməsi və bərpası istiqamətində aparılan elmi tədqiqatlar regionun gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Qarabağın bərpası yalnız milli məsələ deyil, eyni zamanda qlobal ekoloji təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.     Bu gün qarşıda duran əsas vəzifə işğaldan azad edilmiş torpaqlarda təbii tarazlığın bərpası, biomüxtəlifliyin qorunması və ekoloji davamlılığın təmin edilməsidir. Qarabağın yenidən dirçəldilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, həm də xalqımızın tarixi ədalətin bərpasına verdiyi töhfədir.

Müsahibəni hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat