Boksçularımız ilə yekun vurub

post-img

2025-ci il Azərbaycan boksu üçün uğurlu olub və bu il boksçularımız yarışlarda ötən ilə nisbətən təxminən 50 faiz çox olmaqla 231 medal qazanıblar.

Bunu Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Federasiyanın bu ilin yekunları və gələn ilki hədəflərə həsr olunmuş tədbirində bildirib.

Mərasimdən əvvəl Federasiyanın rəhbər heyəti ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

Federasiya prezidenti Sahil Babayev çıxış edərək idmançılarımızı və əməyi olan hər kəsi bu il əldə olunan uğurlara görə təbrik edib. Natiq cari ildə müxtəlif yaş qrupları üzrə milli komandaların 47 yarışda əldə etdikləri 231 medalın 69-nun qızıl, 60-nın gümüş, 102-nin bürünc olduğunu diqqətə çatdırıb.

Sahil Babayev rəsmi yarışlarda da ciddi irəliləyişlərə nail olunduğunu qeyd edib. Bildirib ki, boksçularımız World Boxing, IBA təşkilatlarının Avropa və dünya çempionatlarında 60 medal qazanıblar. Bu da ötən ilki göstəricidən 3,5 dəfə çoxdur. 19 yaşlı Sübhan Mamedov isə həm U-23 Avropa çempionu, həm də dünya çempionu tituluna yiyələnib. Cari ildə qazanılan qızıl medalların sayı da 57 faiz artaraq 69-a yüksəlib. Qadın boksçularımız isə bu il əvvəlki ilə nisbətən medal sayını 2 dəfəyə yaxın artıraraq 55-ə çatdırıblar.

Cari ildə boksumuzun maddi-texniki bazasının da gücləndirildiyini deyən federasiya rəhbəri qeyd edib ki, Lənkəranda Cənub Regional Boks Mərkəzi istifadəyə verilib, Gəncə, Qazax və İmişli Olimpiya İdman Komplekslərində boks bölmələri fəaliyyətə başlayıb. Paytaxt və bölgə klublarına, zallara müasir avadanlıqlar, ləvazimatlar verilib. Bölgələrdə boksun inkişafı üçün görülən işlərin müsbət nəticəsi kimi,  Şabrandan Xumar Cəfərli U-15, Lənkərandan Qardaş Rəhimov U-17 Avropa çempionatlarında qızıl medallara yiyələniblər.

Federasiya prezidenti Azərbaycan hakimlərinin mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiyini vurğulayıb. O, Boks Federasiyasının, boks üzrə milli komandanın və baş məşqçinin, dünya çempionunun və həkimin Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2025-ci ilin yekunları üzrə müxtəlif nominasiyalarda fərqlənməsini yüksək qiymətləndirib.

2026-cı illə bağlı plan və hədəflərdən bəhs edən Sahil Babayev 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək Dünya kubokunda, Avropa və dünya çempionatlarında maksimum nəticələrin əldə edilməli olduğunu deyib. O, regionlarda və Bakıdakı klublara, boks zallarına dəstəyin davam etdirilməsini, bir neçə rayonun Olimpiya İdman Komplekslərində də boks bölmələrinin fəaliyyətə başlamasını tapşırıb, görüş iştirakçılarına qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrikini və xoş arzularını çatdırıb.

Federasiyasının baş katibi Nağı Səfərovun hesabatından sonra məşqçilər və boksçuları maraqlandıran məsələlər müzakirə olunub, tövsiyə və tapşırıqlar verilib. 2025-ci ildə uğur qazanan boksçulara və milli komandaların baş məşqçilərinə təşəkkürnamələr təqdim olunub.

Qabil YUSİFOĞLU
XQ

















İdman