Yüksək maaş, prestijli peşə, amma qeyri-müəyyən gələcək – süni intellekt qarşısında diz çökən texnoloji sənaye yeni prioritetlər formalaşdırır.
ABŞ-da proqramçı valideynlər artıq öz övladlarını kod yazmağa deyil, qaynaqçılıq, elektrikçilik və dülgərlik kimi peşələrə yönəldirlər. Nə qədər təəccüblü səslənsə də, buna səbəb süni intellektin (AI) sürətlə inkişaf edərək aşağı və orta səviyyəli İT ixtisaslarını əvəz etməyə başlamasıdır.
Süni intellekt – təhdid yoxsa alət?
Böyük texnoloji şirkətlərin rəhbərləri – o cümlədən NVIDIA-nın baş direktoru Censen Huanq və Amazon rəhbəri Endi Cessi – artıq açıq şəkildə xəbərdarlıq edirlər: proqramçıların bir qismini yaxın illərdə süni intellekt əvəz edəcək. Xüsusən də təkrar və şablon əsaslı proqramlaşdırma işlərində Sİ daha effektiv, daha ucuz və sürətli alternativə çevrilir.
“İşinizi süni intellekt deyil, onu bacaranlar əlinizdən alacaq” – deyə Huanq bildirir və mövcud proqramçıları ChatGPT, Gemini Pro və Perplexity kimi alətlərlə işləməyə çağırır.
ABŞ-da yeni tendensiya: robot dövründə insan əllərinin dəyəri
Bu xəbərdarlıqlardan sonra ABŞ-da texniki və peşə yönümlü ixtisaslara maraq əhəmiyyətli dərəcədə artıb. Gənclər artıq kütləvi şəkildə elektrik, qaynaqçı, usta kimi fiziki əmək tələb edən və Sİ tərəfindən əvəz olunması çətin olan sahələrə yönəlirlər.
The Wall Street Journal yazır ki, “vibe-coding” (yəni kodun yazılmasını süni intellektin üzərinə buraxmaq) artıq İT sektorunun gündəlik reallığına çevrilib. Bu şəraitdə İT sahəsində çalışan valideynlər övladlarının gələcəyini təhlükəsiz sahələrdə görməyə başlayıblar. Bu baxış təkcə qorxudan doğmur, həm də reallığa uyğun rasional qərardır.
“Süni intellekt divarı deşə bilməz”
“Reallıqda kabelləri dəyişmək, xüsusi mebel hazırlamaq və ya köhnə bir mənzildə elektrik xəttini yeniləmək robotun gücündə deyil” – deyə “Yunisoft” şirkətinin rəhbəri Aleksey Onosov bildirir. Çünki real dünya sürprizlər, fərqli situasiyalar və məntiq tələb edir. Süni intellekt isə hazırkı mərhələdə yalnız standart prosedurlarla işləyə bilir.
Bu fikirlə digər texnologiya rəhbərləri də razıdır. “Bütün peşələri avtomatlaşdırmaq mümkün deyil, xüsusən də kreativlik, çeviklik və insan əlaqəsi tələb edən sahələri” – deyə BSS şirkətinin rəsmisi Aleksandr Kruşinski vurğulayır.
Tək təhlükə AI deyil: ABŞ bu dönüşü niyə ilk hiss etdi?
ABŞ-da süni intellekt texnologiyalarının mərkəzi – Google, OpenAI və başqaları – yerləşdiyi üçün bu ölkə ilk zərbəni hiss etdi. Goldman Sachs-ın proqnozuna görə, 2030-cu ilə qədər ABŞ-da Sİ səbəbilə 40 faizədək İT iş yeri ləğv edilə bilər – bu, 300 milyonluq bir işçi bazarı deməkdir.
Bu fonda ABŞ texnoloji sektoru “junior” (başlanğıc səviyyəli) proqramçıların getdikcə daha az tələb olunacağı, “middle” səviyyəsinin də təzyiq altında qalacağı bir dövrə girir. Yəni yalnız yüksək ixtisaslaşmış mütəxəssislər – AI mühəndisləri, kibertəhlükəsizlik ekspertləri və sistem memarları – gələcəyin sabit iş sahibləri olacaq.
Həll yolu: transformasiya və balans
Buna baxmayaraq, bəzi ekspertlər bu vəziyyəti ifrat qara ssenari kimi qiymətləndirir. “Texnologiyalar tarix boyu peşələri dəyişdirib, amma heç vaxt tamamilə yox etməyib”, – deyə Global CIO MoneyCat şirkətindən Aleksandr Mezentsev qeyd edir. Onun fikrincə, AI proqramçıları əvəz etməyəcək, əksinə? onların məhsuldarlığını artıracaq.
Ən uğurlu yanaşma isə hibrid modeldir: proqramlaşdırma bilikləri – texniki savad və real dünya anlayışı ilə birgə. Kreativlik, tənqidi düşüncə və ünsiyyət bacarığı – süni intellektin hələ ki bacarmadığı sahələrdir.
Bir sözlə, ABŞ-da texnologiya sektorunun içindən gələn səs-küy, əslində, bütün dünyaya ünvanlanmış xəbərdarlıqdır: gələcəyin əmək bazarında dəyişikliklər qaçılmazdır. Amma bu dəyişikliklər qorxudan daha çox hazırlıq tələb edir. Valideynlər və gənclər üçün əsas sual budur: gələcəyə hazır olacaqsınızmı?
S.ELAY
XQ