Bakı Dövlət Universiteti: elm və təhsilin zirvəsi

post-img

İllər əvvəl “Universitetlərin Şahı, Universitetim - BDU” adlı bir məqalə ilə mətbuatda çıxış etmişdim. Həmkarlarımdan biri məqaləmin adına yarızarafat, yarıgercək fikir bildirərək dedi ki, “Sizcə, bu fikri digər universitetlərimiz qısqanclıqla qarşılamazmı?”. Cavabım qısaca olmuşdu: Qətiyyən! Əvvəla ona görə ki, Avropa ilə Asiyanın qovşağında yeni məşəl kimi parlayan bu təhsil, təlim, elm və irfan məbədi, Türk dünyasının tarixinə parlaq səhifələr yazan milli sərvətimiz BDU bir əsrdən çoxdur bu müqəddəs missiyanı şərəflə yerinə yetirir. Unutmayaq ki, ölkəmizdə fəaliyyət göstərən dünənki institutlar, bugünkü universitetlərin hamısı BDU-nun “şinel”indən çıxıb. Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, “Azərbaycandakı elm ocaqlarının hamısı öz başlangıcını Bakı Dövlət Universitetindən götürüb”. 

Bu gün mübaliğəsiz deyərdim ki, ölkəmizdə elmi məktəblərin yaranmasında, formalaşmasında, fundamental elm sahələrinin inkişafında, dünya elminə inteqrasiya olmasında aparıcı qüvvə Bakı Dövlət Universiteti olub. Beynəlxalq aləmdə əvəzsiz xidmətləri və şöhrətləri ilə tanınan alimlərimizin əksəriyyəti BDU-da çalışır. Ən əsası dövlətçiliyimizin, müstəqilliyimizin etibarlı dayağı olan BDU bir əsrdən çoxdur ki, bu şərəfli missiyanı layiqincə həyata kecirir. 

Azərbaycan elminə çıraq tutan,  bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi 106 illik şərəfli fəaliyyəti ilə tarix yaradan və yazan BDU-nun dünəni haqqında çox yazılıb, çox deyilib. Bəs bu günü? Bakı Dövlət Universiteti müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək, elmin-texnikanın nailiyyətlərinə yiyələnərək, Avropanın qabaqcıl universitetləri ilə nəzəri və təcrübi mübadilələr apararaq, beynəlxalq aləmdə öz nüfuzunu daha da artırıb. Təbii, bu uğurların əldə edilməsində universitet rəhbərliyinin, xüsusən də görkəmli alim, yüksək idarəetmə mədəniyyətinə malik olan BDU-nun rektoru cənab Elçin Babayevin daha çox əməyi var. Hər bir məsələyə həssaslıqla yanaşan Elçin müəllim universitetdə təhsilin, elmin keyfiyyətini yaxşılaşdırmaq, onu yüksək səviyyəyə qaldırmaq üçün bütün imkanlardan istifadə edir, beynəlxalq elmi və elmi-texniki əməkdaşlığa xüsusi diqqət yetirir.    

Fikrimizi sübut etmək üçün Universetimizin son illər ərzində bu sahədə əldə etdiyi nailiyyətləri sadalamaq yetərlidir. Faktlara nəzər salmazdan əvvəl tələbələrimizlə bağlı bir şad xəbərlə başlamaq istərdim. 2025-2026-cı tədris ilində BDU-ya 550-dən çox bal toplayaraq qəbul olunan və ən yüksək nəticə göstərən tələbələrə hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək. 

Əslində bu məsələ Universitet rəhbərliyinin hər zaman diqqət mərkəzində olub. “Konstitusiya və Suverenlik ili” adlı təqaüdü İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsis edib. Bu təqaüd Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və BDU-nun Elmi Şurasının qərarı əsasında təqdim olunub. Həmin təqaüd “Hüquqşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alan, yüksək akademik nəticələr əldə edən iki tələbəyə şamil edilib. 

Unversitet  beynəlxalq əlaqələrini günbəgün genişləndirir və dünya universitetləri ilə əməkdaşlıq edir, beynəlxalq akademik mühitdə öz fəallığını qoruyub saxlayır. Bu da Azərbaycan elminin dünya elminə inteqrasiyasına səbəb olur. Beynəlxalq reytinqlərdə mövqeyini daha da genişləndirmək və qoruyub saxlamaq üçün elmi tədqiqat işlərini inkişaf etdirir, dünya elminə töhfə verir, innovativ tədris və idarəetmə metodlarını tətbiq edir və s. Bu istiqamətdə görülən işlərin intensivləşdirilməsi universitetin gələcək uğurlarına, reytinq göstəricilərinə yol açır. 2024-2025-ci tədris ilinin faktlara nəzər salaq:

- BDU dünyanın nüfuzlu reytinq agentliklərindən  olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 5 ulduz (“excellent” - “mükəmməl”) ilə qiymətləndirilib. “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif fəaliyyət sahələrini dəyərləndirən beynəlxalq reytinq sistemidir. Bu sistem universitetlərin güclü tərəflərini və inkişaf etdirilməli sahələrini müəyyən etməyə, eləcə də onların qlobal səviyyədə tanınmasına kömək etməyə yönəlib. “QS Stars” auditində 5 ulduz almaq BDU-nun yüksək akademik və idarəetmə keyfiyyətinə malik olduğunu sübut edir.

- BDU “QS Stars” auditində 9 fərqli kateqoriya üzrə qiymətləndirilib və onlardan 7 kateqoriya (Tədris (“Teaching”), Akademik inkişaf (“Academic Development”) , İnfrastruktur (“Facilities”), Məşğulluq (“Employability”),  Ətraf mühitə təsir (“Environmental Impact”), Müxtəliflik, bərabərlik və inklüzivlik (“Diversity, Equity & Inclusion”), Yaxşı idarəçilik (“Good Governance”) üzrə maksimal 5 ulduz (“mükəmməl”), Qlobal iştirak (“Global Engagement”) – 4 ulduz (“çox yaxşı”), Proqramın üstünlükləri: Kimya (“Program Strength: Chemistry”) üzrə 4 ulduz (“çox yaxşı”) əldə edib. Bu nailiyyət BDU-nun dünya miqyasında nüfuzunun artmasına və beynəlxalq ali təhsil məkanında tanınmasına mühüm töhfə verir. 

- BDU BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq, sosial məsuliyyət, ətraf mühitin qorunması və keyfiyyətli təhsilin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edib. Beynəlmiləlləşmə və Dayanıqlı İnkişad Məqsədləri üzrə səyləri BDU-nun nüfuzlu reytinqlərdə mövqeyini gücləndirib, universitetin qlobal elmi və təhsil mühitində daha fəal rol oynamasına, davamlı inkişaf sahəsində ölkədə lider olmasına imkan yaradıb.

- BDU dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyinin açıqladığı “Impact Rankings 2025” nəticələrinə əsasən qlobal miqyasda ilk 600 universitet arasında qərarlaşaraq, 401–600 diapazonunda yer alıb. Bu, Universitetin ötən ilki 1001–1500 diapazonundakı mövqeyi ilə müqayisədə əhəmiyyətli yüksəlişini nümayiş etdirir.

- Dünyanın nüfuzlu 2318 ali təhsil müəssisəsinin yer ala bildiyi reytinqdə BDU bu il 15 DİM üzrə qərarlaşaraq, ötənilki 9 DİM göstəricisi ilə müqayisədə ciddi irəliləyişə nail olub. BDU-nun ümumi nəticə göstəricisi 35% artaraq, 53.2-dən 71.8-ə yüksəlib, bu isə Universitetin dayanıqlı inkişaf sahəsində atdığı addımların və həyata keçirdiyi islahatların nəticəsidir. 

- BDU 4 Dayanıqlı İnkişaf Məqsədi – “Yoxsulluğa son” (DİM 1), “Keyfiyyətli təhsil” (DİM 4), “Gender bərabərliyi” (DİM 5) və “Bərabərsizliyin azaldılması” (DİM 10) üzrə qlobal miqyasda TOP-100 nüfuzlu universitet arasında yer alıb. 

- Bundan əlavə, Universitet “Torpaq ekosisteminin mühafizəsi” (DİM 15) və “Sülh, ədalət və səmərəli institutlar” (DİM 16) üzrə 101–200 aralığında qərarlaşıb. Habelə, “Aclığa son” (DİM 2), “Təmiz su və sanitariya” (DİM 6), “Layiqli əmək və iqtisadi artım” (DİM 8), “Dəniz ekosisteminin mühafizəsi” (DİM 14) üzrə 201–300 diapazonunda mövqe tutub. Reytinqdəki bu ciddi irəliləyiş Universitetin sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, inklüziv təhsil və bərabər imkanların təmin olunması sahələrində göstərdiyi sistemli və nəticəyönümlü fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir.

- BDU dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2026: Top global universities” cədvəlində 688-ci yerə yüksələrək, 300 pilləyə yaxın irəliləyiş əldə edib. Bu nəticə Universitetin ötənilki 951–1000 aralığındakı mövqeyindən əhəmiyyətli irəliləyişə nail olduğunu göstərir. Qeyd olunan göstərici BDU-nun təkcə Azərbaycanda ali təhsil sahəsində deyil, bütün Cənubi Qafqazda lider mövqeyini bir daha təsdiqləyir və beynəlxalq akademik arenada artan nüfuzunun növbəti təsdiqidir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na əsasən, ölkənin ən azı üç ali təhsil müəssisəsinin dünyada TOP-800-lükdə təmsil olunması strateji hədəf kimi müəyyən edilib. BDU ölkədə bu hədəfə nail olan ilk universitetdir.

- BDU dünyanın nüfuzlu reytinqlərindən biri olan “GreenMetric Ranking 2024”də ilk dəfə olaraq yer alıb. BDU 1477 nüfuzlu ali təhsil müəssisəsi arasında 607-ci pilləyə yüksələrək, ətraf mühitə davamlı yanaşma istiqamətində öz mövqeyini təsdiqləyib. “GreenMetric” reytinqi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməyi, universitetlərdə davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etməyi əsas məqsəd kimi qarşıya qoyur.

- BDU “QS Quacquarelli Symonds” tərəfindən tərtib edilən “QS 2025 dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”ndə əhəmiyyətli nəticə əldə edib. Universitet ilk dəfə olaraq iki müxtəlif ixtisas istiqaməti üzrə bu reytinqdə yer alıb. Belə ki, BDU neft və qaz mühəndisliyi sahəsində 151-175, riyaziyyat sahəsində isə 501-600 diapazonunda qərarlaşıb. BDU-nun bu nüfuzlu reytinqdə iki müxtəlif istiqamət üzrə yer alması Universitetin elmi potensialının və qlobal akademik mühitdə tanınmasının göstəricisidir. Bu nailiyyət BDU-nun beynəlxalq standartlara uyğun inkişaf strategiyasının, akademik mükəmməlliyə yönəlmiş fəaliyyətinin və elmi-tədqiqat potensialının növbəti təsdiqidir.

- BDU “QS Dayanıqlılıq Reytinqi 2025” nəticələrinə görə də Azərbaycanda birincidir. Ötən il noyabrın 18-də Bakıda COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”in rəsmi nəticələri elan edilib. BDU böyük uğura imza ataraq “QS Dayanıqlılıq Reytinqi 2025” nəticələrinə görə Azərbaycanda lider mövqeyinə yüksəlib. BDU "QS Dayanıqlılıq Reytinqi 2025” reytinq siyahısında 345-dən çox pillə irəliləyib və 941-950-ci diapazonda qərarlaşaraq,  Azərbaycanda TOP-1000-ə daxil olan yeganə ali təhsil müəssisəsi olub.  Sözügedən reytinq dünyada davamlı inkişaf sahəsi üzrə fəaliyyəti ilə seçilən ən yaxşı ali təhsil müəssisələrinin siyahısını müəyyən edir.

Son bir ildə BDU İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə (The Global University Network for Innovation - GUNI), Ali Təhsildə Dayanıqlılığın İnkişafı Assosiasiyasına (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE), Avropa Paytaxtları Universitetləri Şəbəkəsinə (Network of Universities from the Capitals of Europe - UNICA), Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına (World Association of Industrial and Technological Research Organizations - WAITRO) tamhüquqlu üzv seçilib.

 BDU-da ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə  istiqamətində aparılan elmi-tədqiqiat işləri genişlənir, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün müxtəlif layihələr həyata keçirilir. Onlardan biri də ötən il istifadəyə verilən unikal və innovativ “Eko Məkan”dır. Bu il də BDU-da infrastrukturun yenilənməsi istiqamətində önəmli addımlar atılıb. BDU-da “Tələbə məkanı”, Faydalı qazıntılar muzeyi, “EkoEnerji Məntəqəsi” kimi layihələr Universitet quruculuğuna verilən önəmli töhfələrdir. 

Fəaliyyətini yüksək səviyyədə quran BDU multikultural və inklüziv mühitin təmin olunması, beynəlxalq tələbələr üçün geniş imkanlar yaradılması və gender bərabərliyinin təşviqi sahəsində də işlərini çox böyük uğurla həyata kecirir. Universitetdə müxtəlif sosial təbəqələrdən olan tələbələr üçün bərabər imkanlar yaradılır və bu proses də öz uğurlu töhfəsini verir. 

Hər bir sahədə yüksək uğurların əldə edilməsində yaxşı idarəçilik prinsipi mühüm rol oynayır. Burada şəffaflığı qorumaq və yüksək idarə etmək mədəniyyətinə malik olmaq əsas amillərdəndir. Universitetimiz bu sahədə də ən yüksək nəticələr əldə edib.

Bakı Dövlət Universiteti bu gün təkcə elm və təhsil sahəsində peşəkar kadrlar yetişdirməklə kifayətlənmir. Universitet eyni zamanda Azərbaycan gəncliyini müstəqil dövlətçilik prinsiplərinə sadiq, vətənə bağlı və milli dəyərlərə hörmətlə yanaşan bir ruhda formalaşdırır. Şübhəsiz ki, BDU qazandığı nailiyyətlərlə dayanmaq niyyətində deyil – o, beynəlxalq arenada daha böyük uğurlara imza atmaq üçün ardıcıl və məqsədyönlü şəkildə fəaliyyətini davam etdirir.

 

Qərənfil Dünyaminqızı, 

BDU-nun Milli mətbuat tarixi kafedrasının professoru, 

filologiya elmləri doktoru, Əməkdar jurnalist

Təhsil