Azərbaycanın kosmosda orbital mövqeyi güclənir

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel buraxılışında bildirilir ki, cari ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 47 ölkəyə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. “İxrac İcmalı”na əsasən, həmin dövr ərzində “Azərkosmos”un xidmət ixracından əldə olunan gəliri onun ümumi gəlirlərinin 78 faizinə çatıb. 

“Azərkosmos”dan verilən məlumata görə, qurum bu göstəriciyə yüksək key­fiyyət amili ilə nail olub. “Azərkosmos” biznes fəaliyyətində Keyfiyyət və İnfor­masiya Təhlükəsizliyi Menecmenti Siste­minin tələblərini daim diqqətdə saxlayıb. Şirkətin ISO 9001 və ISO 27001 informa­siya təhlükəsizliyi menecment sistemləri standartları üzrə uyğunluq sertifikatlarına malik olması da bu məsələdə önəmli rol oynayıb.

Bundan əlavə, “Azərkosmos” mə­lumatları təhlükələrdən qorumaq üçün informasiya təhlükəsizliyinə hər zaman ciddi əməl edir. Bununla da daim xid­mətlərin keyfiyyətinin və informasiya təhlükəsizliyinin artırılmasını, müştəri məmnuniyyəti səviyyəsinin qorunmasını və yüksəldilməsini, müştərilərə etibarlı peyk xidmətlərinin təqdim edilməsini ger­çəkləşdirir. 

“Azərkosmos”, eyni zamanda, da­vamlı olaraq əməkdaşların bacarıqlarına önəm verməklə görülən işin nəticəsini və keyfiyyətini artırmaq üçün həvəsləndirici təşəbbüslər irəli sürür, innovativ və elm yönümlü layihələr həyata keçirməklə in­san kapitalının inkişafını sürətləndirir.

Telekommunikasiya, həmçinin coğra­fi kəşfiyyat sahələri üçün yüksəkkeyfiy­yətli peyk xidmətləri təqdim edən “Azər­kosmos”un operatoru olduğu və 46° ş.u. (Şərq uzunluğu) orbital mövqeyində yerləşən “Azerspace-1” peykinin xidmət göstərdiyi “C” və “Ku” tezlik diapazonları­nın idarəetməsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb. Qeydiyyat Bey­nəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiqlənib.

Məlum olduğu kimi, 2013-cü ildə or­bitə buraxılan “Azerspace-1” telekommu­nikasiya peyki Malayziya administrasiya­sına məxsus 46° ş.u. orbital mövqeyinin “C” və “Ku” tezlik diapazonlarında fəaliy­yət göstərirdi. Bu diapazonların Azərbay­canın adına keçməsi isə o deməkdir ki, “Azerspace-1” peyki artıq Malayziyanın deyil, Azərbaycanın özünəməxsus orbi­tində fəaliyyət göstərir.

46° ş.u. mövqeyinin Azərbaycana ve­rilməsi üçün fəaliyyətə 2020-ci il dekab­rın 8-də zəruri sənədlərin BTİ-yə təqdim olunması ilə başlanılıb. Qlobal təcrübə­də bir orbital mövqenin əldə olunması 7 illik fəaliyyət dövrünü əhatə etsə də, Azərbaycanın bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən bu proses 3 ilə tamamlanıb. Bu müddət ərzində Azər­baycan tərəfi ümumilikdə 34 ölkənin 265 peyk şəbəkəsi ilə bağlı koordinasiya da­nışıqlarını uğurla yekunlaşdıraraq razı­laşmalar əldə edib.

Qeyd edək ki, 46° ş.u. mövqeyi Azər­baycanın geostasionar kəmərdə malik olduğu ilk və yeganə orbital mövqedir. Bu da Azərbaycanın gələcəkdə telekommu­nikasiya peyklərini heç bir dövlətdən asılı olmadan özünəməxsus orbital mövqedə, yəni 46° ş.u. yerləşdirməsinə imkan verir.

Telekommunikasiya, yayım və hava proqnozları üzrə fəaliyyətdə olan peyklər üçün artıq məhdud məkana çevrilən ge­ostasionar kəmər ekvatordan, təxminən, 36 min kilometr yüksəklikdə yerləşir. Bu hündürlüyün əsas əhəmiyyəti odur ki, bu­rada olan peyklər Yer səthi ilə eyni sürət­lə fırlanır. Bunun sayəsində həm peyk operatorları, həm müştərilər, həm də ev­dən peyk vasitəsilə televiziya və radio iz­ləyənlər antenlərini bir nöqtəyə tuşlanmış vəziyyətdə saxlayaraq peykdən davamlı siqnal ala bilirlər.

Dövlətlər özlərinin və ya onlara mü­raciət etmiş özəl şirkətlərin geostasio­nar kəmərdəki boş orbital mövqelərdən istifadəsi üçün rəsmi qaydada BTİ-yə müraciət edirlər. Həmin mövqelərdə yer­ləşəcək peyklər hazırda ya yığılır, ya da buraxılışını gözləyir. Geostasionar mə­kandakı peyk 15-20 illik ömrünün sonuna çatdıqda orbital mövqeyə sahib olan ölkə həmin mövqedəki peykini əvəz etmək imkanına malikdir. Bu tənzimlənmə prin­sipi faktiki olaraq ölkələrə öz mövqelərini qeyri-müəyyən müddətə kimi saxlamağa imkan verir.

Kosmos sahəsinə yeni qoşulan bir ölkə heç də asanlıqla geostasionar or­bitdə peyk yerləşdirə bilmir. Bunun üçün seçdiyi orbital mövqeni digər orbital mövqeyə sahib olan ölkələrlə razılaşdır­maq əsas şərtdir. Nəticə etibarilə ge­ostasionar kəmər kimi məhdud resursa sahib ölkələr arasında artıq Azərbaycan da özünəməxsus orbital mövqeyi ilə söz sahibidir.

“Azərkosmos”un fəaliyyətində diqqət­çəkən bir məqam isə odur ki, qurum Türkiyənin Ankara şəhərində keçirilən tədbirdə qardaş ölkənin peyk operato­ru “Türksat”la kommersiya müqaviləsi imzalayıb. Bu müqavilə ilə “Türksat”ın “Azerspace-2” peykinin resurslarından Afrika bölgəsində “data” layihələrində is­tifadə edəcəyi, paralel olaraq “Azərkos­mos” da “Türksat”ın yeni peyk texnologi­yalarından faydalana biləcəyi nəzərdə tutulub. 

Yeri gəlmişkən, burada “Azərkos­mos”la bağlı bir yeniliyi də diqqətə çat­dırmaq istərdik. Belə ki, qurumun yaydığı məlumata görə, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Ae­rospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqavilə­si imzalanıb. Müqaviləyə əsasən, “Azer­sky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin mə­safədən müşahidə peykləri olacaq. 

IAI ilk peykin layihələndirilməsi, yığıl­ması, inteqrasiyası və sınağını azərbay­canlı mütəxəssislərin iştirakı ilə apara­caq. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssis­lərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növ­bəti aylarda məlum olacaq. 

Bu ilin noyabr ayında Bakıda keçi­riləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının 29-cu sessiyasına – COP29-a töhfə vermək məqsədilə “Azərkosmos” tərəfindən “Yaşıl siyasət” sənədi qəbul olunub. Eyni zamanda, qurumun qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platforma­sı ictimaiyyətə təqdim edilib. Platforma “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfransda nümayiş olunub.

Ötən ildən BMT-nin “Qlobal saziş” təşəbbüslərinə qoşulan “Azərkosmos” öz əməliyyatlarında kosmik aparatların in­kişafı, buraxılışı, orbitdəki fəaliyyətini və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir.

Qeyd edək ki, iki dildə hazırlanmış yeni rəqəmsal platformada iqlim dəyi­şikliklərinin kosmik təsvirlər əsasında müqayisəli təhlili aparılıb. Platformadakı təhlillər beş istiqaməti – qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şo­ranlaşma, kənd təsərrüfatı əraziləri və atmosferin dəyişməsini əhatə edir.

“Azərkosmos”un məlumatında ölkə­mizdə iqlim dəyişikliyinin kosmik mo­nitorinqlər əsasında ilk belə müfəssəl rəqəmsal hesabatının “Azersky” peyki sayəsində ərsəyə gəldiyi bildirilir. Kosmik texnologiyaların üstünlüyü ondadır ki, Yer səthini müşahidə edən peyklər mövcud vəziyyətin və proseslərin dəyişmə dina­mikasını araşdırmaqda aktual və optimal üsuldur. Peyk resursları böyük, əlçatmaz ərazilərin effektiv qiymətləndirilməsi üçün maddi xərclər və resurs baxımından op­timaldır.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat