Azərbaycan – İran əməkdaşlığı ortaq maraqlar üzərində genişlənir

post-img

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunda qonşu dövlətlərlə dostluq münasibətlərinə əsaslanan əlaqələrin davamlı inkişafına mühüm önəm verilir. Bu baxımdan İran Azərbaycan üçün dost və tərəfdaş ölkə olmaqla yanaşı, xalqlarımız arasında da qədim tarixə malik əlaqələr mövcuddur. Şübhəsiz ki, bu amil iki ölkə arasında münasibətlərin dərinləşməsini, əlaqələrin möhkəmlənməsini və dinamik inkişafını şərtləndirir.

Bütün bunlar barədə prezidentlər İlham Əliyevin və Məsud Pezeşkianın iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimində, dövlət başçılarının məhdud və geniş tərkibli görüşlərində, mətbuata bəyanatlarında, eləcə də biznes forumundakı çıxışlarında ətraflı bəhs edilib. Dövlətimizin başçısı biznes – forumda, diqqətə çatdırıb ki, ölkələrimizin vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik kimi məsələlər hər iki ölkənin iş adamlarına aydın olmalıdır: “Yəni, qaydalar nədir, qanunlar nədir? Ondan sonra əlbəttə ki, böyük sərmayə qoyuluşundan söhbət gedə bilər. Mən hesab edirəm ki, uzun fasilədən sonra Azərbaycan və İran iş adamlarının belə mötəbər toplantısı, xüsusilə prezidentlərin iştirakı ilə biznes – forumun keçirilməsi çox ciddi bir addımdır və əlbəttə ki, biz iş adamlarımızdan konkret nəticələr gözləyirik”.

Bildirilib ki, Azərbaycanda dövlət xətti ilə bir çox infrastruktur layihələri həyata keçirilir və İran şirkətləri bu layihələrdə iştirak etməyə dəvət olunur. Burada dəmir və avtomobil yolları, kommunikasiya xətləri və elektrik xətləri kimi layihələrin reallaşdırılması bu gün əsas gündəlikdədir. Eyni zamanda, hazırda erməni işğalından azad edilmiş ərazilərdə geniş quruculuq işləri gedir, işğal dövründə yerlə – yeksan olunan kəndlər, şəhərlər demək olar ki, sıfırdan qurulur. Ona görə orada böyük iş imkanları yaradılır və İrandan– dost, qardaş ölkədən olan biznesmenlərin bu istiqamətdə də fəaliyyət göstərmələri də arzu olunur.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çərçivəsində müzakirə edilən məsələlər arasında elektroenergetika təşəbbüslərinə geniş yer ayrılıb. Burada elektrik stansiyalarının tikintisi ilə yanaşı, eyni zamanda, ötürücü xətlərin çəkilməsi məsələsi də nəzərdən keçirilib. Bununla da sözügedən sahədə təcrübəsi olan şirkətlər üçün yaxşı fürsətlər, yaxşı imkanlar yaradılıb. Gələcəkdə isə iki dövlət arasında həm ikitərəfli, həm də çoxtərəfli, yəni qonşu ölkələrlə birlikdə enerji mübadiləsi layihələrinə də baxılması nəzərdə tutulub.

İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsindən söhbət gedərkən, Azərbaycanda “yaşıl” enerjinin istehsalı prosesinin artıq başlanıldığı və bunun böyük gələcəyinin olduğu xatırladılıb. Respublikamızın 5 ildən sonra 6500 meqavat gücündə Günəş, külək və su enerji potensialının gerçəkləşəcəyi və bunun böyük hissəsinin ixracyönümlü enerji növləri olacağı bildirilib. Müzakirələrdə bu istiqamətdə əlbəttə ki, indidən hazırlıq işlərinin aparılmasının zəruriliyi xatırladılıb.

Azərbaycan – İran dövlət başçılarının görüşlərində, eyni zamanda, Araz dəhlizi layihəsinin böyük diqqət çəkdiyi xatırladılmaqla bərabər, bu təşəbbüslə bağlı həm bölgədə, həm də dünyada müxtəlif fərziyyələr, şayiələr gəzdiyi qeyd edilib. Dövlətimizin başçısı tərəfindən buna heç bir əsas olmadığı diqqətə çatdırılaraq bunun, sadəcə, yeni bir nəqliyyat, bağlantı layihəsi olduğu və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihə kimi diqqətdə saxlanıldığı bildirilib.

Xatırladılıb ki, Araz dəhlizi layihəsinin gerçəkləşdirilməsi çərçivəsində burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə, bölgənin layihəsi deyil, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olacaq. Bir tərəfi Aralıq dənizinə, digər tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi kimi fəaliyyət göstərəcək və bir çox ölkələr bundan fayda götürəcək.

Prezident İlham Əliyev bununla bağlı vurğulayıb ki, sözügedən layihənin ərsəyə gəlməsində əsas rol yenə də Azərbaycan və İranın üzərinə düşür və bu istiqamətdə respublikamız tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd– keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istənilən kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər.

Dəmir yolu körpüsü də müzakirə mövzusudur. Azərbaycan dəmir yolunu artıq gələn il İran sərhədinə, Zəngilan – Ağbənd istiqamətinə çatdıra bilər və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər– birincisi, Azərbaycan – İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi – məsələsi var.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru

Azərbaycan – İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal amillər mühüm rol oynayıb.

Azərbaycan hər zaman bu məsələyə həssas və diqqətlə yanaşıb. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə qeyd edib: “Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk. Ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərinə əsaslanaraq möhkəmlənir”. Dövlət başçısının bu sözləri iki ölkə arasında həm coğrafi, həm də mənəvi bağlılığın dərinliyini nümayiş etdirir.

Azərbaycan – İran münasibətlərinin formalaşma dinamikası düzxətli olmasa da, yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək və xalqlar arasındakı tarixi – dini bağlar iki ölkə arasında davamlı münasibətləri şərtləndirir. Məhz bunun nəticəsidir ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir.

2024-cü ildə bu dövriyyə 647 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 33 faiz çox) təşkil edib. 2024-cü ildə Azərbaycandan İrana 14 milyon dollar dəyərində məhsul ixrac olunub, əvəzində qonşu ölkədən 633 milyon dollar dəyərində müxtəlif mallar gətirilib. İrandan əsasən quş əti, dondurulmuş balıq, süd və süd məhsulları, meyvə – tərəvəz, çay, qənnadı məmulatları, tikinti materialları və sənaye məhsulları idxal olunub. Azərbaycandan isə polad yarımfabrikatlar, təbii qaz, elektrik enerjisi, yeyinti sənayesi tullantıları və digər məhsullar ixrac edilib.

Hazırda Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İranın ölkəmizə yatırdığı investisiyaların həcmi isə 3,4 milyard ABŞ dollarını keçib. İki ölkə arasında investisiyaların təşviqi və qorunması, enerji, nəqliyyat, gömrük, turizm və digər sahələri əhatə edən, təxminən, 30 sənəd imzalanıb.

Əməkdaşlıq çərçivəsində Neftçala Sənaye Məhəlləsində birgə avtomobil istehsalı həyata keçirilir, Pirallahı Sənaye Parkında 20,6 milyon ABŞ dolları investisiya qoyulması və əczaçılıq zavodunun inşası nəzərdə tutulur. “Caspian Pharmed” əczaçılıq müəssisəsi Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcəyi, bu sahədə idxaldan asılılığı azaldacağı və ixrac potensialını artıracağı gözlənilir. Zavodun fəaliyyəti nəticəsində 90 nəfərin daimi iş yeri ilə təmin olunacağı nəzərdə tutulur.

İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən birini də nəqliyyat əlaqələri təşkil edir. Nəqliyyat – logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal – Cənub Nəqliyyat Dəhlizinin inkişafıdır. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50 faiz artması və Ağbənd dəmir yolu körpüsünün tikintisi iki ölkənin logistika imkanlarının genişlənməsinə xidmət edir. Şimal –Cənub Nəqliyyat Dəhlizi həm Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yolu kimi çıxış edir, həm də iqtisadiyyatın şaxələndirilməsinə, eləcə də beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır.

Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan və Cənub – Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər – Abbas limanından Azərbaycan üzərindən daşınmasını gerçəkləşdirəcək. İldə 15 milyon ton yük daşınması planlaşdırılan bu tranzitdən Azərbaycan çox böyük gəlir (ildə, təxminən, 250-300 milyon dollar) əldə edəcək.

Bu dəhlizlə Cənub – Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzil başına çatdırılacaq.

Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox vəsaitin qənaət edilməsi imkanı var. Bu baxımdan Azərbaycan üçün Şimal – Cənub Nəqliyyat Dəhlizinin Qərb marşrutu (Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara – Rəşt – Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir) strateji önəm daşıyır.

Şimal – Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Hindistandan Avropaya qədər yüklərin daşınması təmin olunur. Bu dəhlizin mühüm hissəsi olan Qəzvin – Rəşt – Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin tam istismara verilməsi prioritet məsələ kimi dəyərləndirilir.

Avtomobil daşımaları sahəsində də iki ölkə arasında əməkdaşlıq inkişaf edir. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Saziş çərçivəsində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yükdaşımaları həyata keçirilir.

Hazırda bu məqsədlə Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvanda İran üzərindən bağlantı yaradılacaq körpülərin layihələndirilməsi artıq başa çatdırılıb. Gündəlik 1100 avtomobil, 30 avtobus və 15 min sərnişinin bu marşrutdan istifadə edəcəyi gözlənilir.

Azərbaycan və İran arasında hava nəqliyyatı da uğurla fəaliyyət göstərir. “Azərbaycan Hava Yolları” və “İran Air” Bakı və Tehran arasında müntəzəm uçuşlar həyata keçirir. Dəniz nəqliyyatı sahəsində isə Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri vasitəsilə Azərbaycandan və Türkmənistandan İrana yüklər daşınır.

Ən mühüm əməkdaşlıq layihələrindən biri Azərbaycan – İran sərhədində yerləşən “Xudafərin” və “Qız Qalası” hidroelektrik kompleksləridir. 2024-cü ildə istifadəyə verilmiş bu obyektlər enerji təminatı və kənd təsərrüfatı sahəsində suvarma sistemlərinin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyev açılış mərasimində İran – Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu bir daha bəyan edərək bildirib: “İran – Azərbaycan birliyi və dostluğu sarsılmazdır. Heç kim bizim aramıza nifaq sala bilməz”.

Enerji sahəsində əməkdaşlıq da davam etdirilir. “Xudafərin”, “Qız Qalası”, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının inşası, 330 kV-luq İmişli –Parsabad elektrik xəttinin tikintisi, eləcə də 2016-cı ildə imzalanmış elektrik enerjisinin satışı ilə bağlı Çərçivə Sazişi bu istiqamətdə atılmış mühüm addımlardır. Kənd təsərrüfatı sahəsində isə əməkdaşlıq müxtəlif istiqamətləri (toxumçuluq, quşçuluq və heyvandarlıq sahəsində təcrübə mübadiləsi, bitki xəstəliklərinə qarşı mübarizə, şoran torpaqların səmərəli istifadəsi və kənd təsərrüfatı texnikasının mübadiləsi) əhatə edir.

XQ-nin analitik qrupu



İqtisadiyyat