Dayanıqlı inkişafın dəstəklənməsi məqsədilə keyfiyyətli rəsmi statistik məlumatlar əsasında aparılan təhlillər və əsaslandırılmış siyasi qərarların qəbulunda statistik məlumatlar mühüm rol oynayır. Bütün bunları, eləcə də rəsmi statistikanın uzunmüddətli tarixini nəzərə alan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası müvafiq qətnamə qəbul edərək 2010-cu il oktyabr ayının 20-si Ümumdünya Statistika Günü elan etmiş və onun “Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi” mövzusu üzrə keçirilməsini qərara almışdır.
Bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistik məlumatların hazırlanmasında milli statistika qurumlarının fundamental əhəmiyyətini rəsmən təsdiq etmişdir. BMT Baş Assambleyasının tövsiyəsinə uyğun olaraq hər 5 ildən bir oktyabr ayının 20-si dünya ölkələri tərəfindən Ümumdünya Statistika Günü kimi qeyd olunur. 2010-cu ildən başlayaraq Ümumdünya Statistika Günü müxtəlif şüarlarla öz aktuallığını saxlayır. Milli statistika potensialının fundamental əhəmiyyət daşıdığı, etibarlı statistikanın milli, regional və beynəlxalq səviyyədə siyasətin formalaşdırılması üçün əsas olduğu nəzərə alınaraq 2015-ci ildə Ümumdünya Statistika Günü “Daha təkmil statistika, daha yaxşı həyat”, 2020-ci ildə “Dünyanı birləşdirən etibarlı məlumatlar” şüarları altında qeyd olunub.
Builki təntənənin isə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı ilə qeyd olunması qərara alınıb. Həmin şüarlar, adətən BMT-nin ixtisaslaşmış qurumları, o cümlədən Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində reallaşan qlobal məqsədlərlə uzlaşdırılır. Bu baxımdan, Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanda da Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Sosial ədalətə əsaslanan, əmək münasibətlərini təşviq edən BƏT dünyada əmək bazarı haqqında dəqiq və etibarlı məlumatların istehsalını, yayılmasını və təhlilini vacib saymaqla milli statistika qurumları ilə sıx əməkdaşlıq edir. Bu da üzv ölkələrin potensialının artırılmasına, beynəlxalq səviyyədə qəbul edilmiş qabaqcıl yanaşmaların milli səviyyədə istifadəsini stimullaşdırmağa kömək edir. Hər 5 ildən bir keçirilən “Əmək statistiklərinin beynəlxalq konfransı” kimi BƏT-in təşəbbüsləri qlobal səviyyədə əmək bazarının vahid metodologiya ilə ölçülməsinə şərait yaradır.
Beləliklə, Ümumdünya Statistika Günü həm də bu kimi beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Təsadüfi deyil ki, BƏT-in statistik fəaliyyəti, o cümlədən əmək statistikası sahəsində beynəlxalq standartların hazırlanmasının 100 illiyi 2023-cü ildə keçirilmiş Əmək statistiklərinin 21-ci beynəlxalq konfransında təntənəli şəkildə qeyd edilib.
Sosial-iqtisadi sistemin əsas göstəricilərindən biri kimi əmək bazarı sahəsində istehsal olunan statistik məlumatlar hər bir ölkənin əməkhaqqı və məşğulluq siyasətinin düzgün formalaşmasında əsas rol oynayır. BƏT tərəfindən hazırlanmış standartlar ölkələrə öz milli statistik sistemlərini beynəlxalq səviyyəyə uyğunlaşdırmağa imkan verir. Əmək statistiklərinin beynəlxalq konfransları tərəfindən qəbul edilən qətnamələr, tövsiyələr, metodoloji izahlar əmək statistikasına dair beynəlxalq standartları müəyyənləşdirir. Milli səviyyədə əmək statistikasına dair statistik məlumatların toplanma və işlənmə metodları, eləcə də digər sənədlər hazırlanarkən bu beynəlxalq standartlar əsas götürülür.
Ölkəmizdə əmək statistikasının inkişafı ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əhəmiyyətli islahatlar aparılmış, müasir çağırışlara uyğun əmək statistikası sahəsində rəsmi statistikanın təşkili və həyata keçirilməsi, o cümlədən statistik məlumatların vaxtında və keyfiyyətlə toplanması, işlənilməsi, müasir tələblərə uyğun hazırlanması və yayılması, metodoloji tövsiyələrin, statistik hesabat və müayinə formalarının son dövrlər qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması, qabaqcıl xarici təcrübələrin milli praktikaya tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, əmək statistikasının son dövrlər qəbul edilmiş beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini, bu sahədə statistik informasiya təminatının yaxşılaşdırılmasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi və Avropa İttifaqının Statistika Bürosu (Avrostat) arasında əməkdaşlıq çərçivəsində 2018-2019-cu illərdə Avrostat tərəfindən beynəlxalq ekspertlər cəlb edilməklə Azərbaycanda əmək statistikasının sektoral qiymətləndirilməsi (xarici auditi) həyata keçirilmişdir.
Qiymətləndirmənin nəticəsi olaraq 2021-ci ildə BƏT-in metodoloji sənədləri, o cümlədən Əmək statistiklərinin 19-cu beynəlxalq konfransında qəbul edilmiş əmək fəaliyyətinin növləri, qeyri-formal məşğulluğu özündə əks etdirən məşğulluq və s. son beynəlxalq standartlar, eləcə də Avrostatın “Statistikaya dair tələblər – Kompendium” metodik tövsiyəsi nəzərə alınmaqla qurumun cəlb etdiyi beynəlxalq ekspertlərin köməyi ilə müvafiq müayinə formaları və statistik hesabatlar, onların metodologiyası, müayinənin keçirilməsi üçün ev təsərrüfatlarının seçmə metodologiyası təkmilləşdirilmiş və milli səviyyədə tətbiqinə başlanılmışdır.
Təsadüfi deyil ki, MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən cəlb edilmiş beynəlxalq ekspert tərəfindən 2024-cü ildə hazırlanmış hesabatda BƏT-in son beynəlxalq standartlarına uyğun Azərbaycanda milli səviyyədə tətbiq olunan işçi qüvvəsinə dair statistik müayinə forması digər MDB ölkələri ilə müqayisədə daha yüksək qiymətləndirilmişdir. Bununla yanaşı, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi tərəfindən milli səviyyədə yeni beynəlxalq standartların tətbiq olunması, əmək bazarının təhlili üçün bu metodologiyalar əsasında statistik müşahidələrin aparılması, məlumatların toplanılması sahəsində real vaxt rejiminin tətbiqi, məlumatların beynəlxalq müqayisəliliyinin təmin olunması və s. sahələr üzrə əldə olunan təcrübə nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin milli statistika qurumlarının əməkdaşlarının potensialının artırılması məqsədilə Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən üzv dövlətlərin milli statistika qurumlarının əməkdaşlarına onlayn təlimin keçirilməsi təşkil edilmişdir.
BƏT-in metodologiyası əsasında əldə olunan ölkənin əmək bazarını xarakterizə edən işçi qüvvəsi, o cümlədən məşğul və işsiz əhali, muzdla çalışan işçilər, əməkhaqqı, əmək şəraiti və digər göstəricilərə dair məlumatlar beynəlxalq müqayisəliliyi təmin etməyə, əmək bazarının ətraflı təhlilinə, həmçinin ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən, sayca 6-cı olan “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”ndan, BMT Baş Assambleyasının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn layiqli əmək göstəriciləri də daxil olmaqla əmək statistikasına aid tədbirlərin uğurla həyata keçirilməsinə imkan verir. Eyni zamanda, məşğulluq statistikasında şəffaflıq və rəqəmsallaşma səviyyəsinin əhəmiyyətli dərəcədə artması ölkəmizin əmək bazarının strukturunu ətraflı və obyektiv təhlil etməyə, işsizliyin, qeyri-formal məşğulluğun azaldılmasına və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24-26 sentyabr 2025-ci il tarixində Bakı şəhərində Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən müxtəlif ölkələrin milli statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi dairələrin nümayəndələrinin iştirakı ilə keçirilmiş “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun iştirakçılarına ünvanlandığı müraciətində milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını, həmçinin Azərbaycanda milli statistika sisteminin ardıcıl şəkildə inkişaf etdirildiyi, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalının daim diqqət mərkəzində saxlanıldığı xüsusi vurğulanmışdır.
Nemət XUDUZADƏ,
Dövlət Statistika Komitəsinin şöbə müdiri