Muzdla çalışanların maaşı 10 faiz artıb

post-img

2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib. İlin ilk rübündə iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 774,9 min nəfər təşkil edib ki, onların da 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Hesabat dövründə muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 13,7 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

 

İqtisadiyyat