Azərbaycan OPEC seminarında

post-img

Avstriyanın paytaxtı Vyanada yerləşən Hofburq sarayında OPEC-in 9-cu Beynəlxalq Seminarı keçirilib. Toplantıda ölkəmiz geniş nümayəndə heyəti ilə təmsil olunub.

“Birlikdə yol xəritəsi tərtib edərək: qlobal enerjinin gələcəyi” adlanan 2 günlük seminar çərçivəsində enerji sahəsinin inkişafına həsr olunmuş 12 sessiya keçirilib. Seminarın ilk günündə iştirakçılar neft bazarındakı mövcud vəziyyəti və gələcək proqnozları, enerji sahəsinin maliyyələşdirilməsi və inkişaf etməkdə olan ölkələrdə enerji çatışmazlığının aradan qaldırılması yollarını müzakirə ediblər.

Energetika naziri Pərviz Şahbazov “Neft bazarları: enerji təhlükəsizliyi, inkişaf və rifah” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib. Nazir ölkəmizin enerji trilemmasında – təchizatın təhlükəsizliyi, əlçatanlıq və dayanıqlılıq arasında balansın qorunmasında, xüsusilə Avropaya neft-qaz təchizatında oynadığı rolundan danışıb. Azərbaycanın hazırda 20-dən çox ölkəni neft, 12 ölkəni isə qaz ilə təchiz etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan qazı hazırda Gürcüstanda qaz istehlakının 78 faizini, Bolqarıstanda 50 faizdən çoxunu, Yunanıstanda 18 faizini, İtaliyada təxminən 16 faizini, Türkiyədə isə 18,5 faizini təmin edir və hazırda Cənub Qaz Dəhlizinə üzv olmayan ölkələrdən əlavə olaraq 14 milyard kubmetr həcmində qaz tələbi mövcuddur.

Energetika naziri deyib ki, Azərbaycanın təbii qaz potensialı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər, lakin bu potensialın tam reallaşması investisiya və uzunmüddətli öhdəliklər əsasında mümkündür. Onun sözlərinə görə, yeni yataqların işlənməsi və infrastrukturun genişləndirilməsi bu baxımdan əsas şərtlərdir. Qeyd olunub ki, beynəlxalq tərəfdaşlarla birlikdə işlənilən 5 karbohidrogen layihəsindən 2030-cu ilə qədər əlavə neft-kondensat hasilatı gözlənilir. Həmçinin dənizdə və quruda perspektivli strukturlar üzrə işlər aparılır.

P.Şahbazov 2050-ci ilə qədər enerji balansında neft-qazın payının 53 faizdən yüksək olmasına dair proqnozlara rəğmən ənənəvi enerji resurslarının inkişafı ilə bağlı hazırkı məhdudiyyətlərin gələcəkdə təchizat çatışmazlığı ilə nəticələnə biləcəyini vurğulayıb: “Neft-qazın enerji qarışığımızda əsas yer tutduğunu və bu tendensiyanın gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahəyə investisiyalar təxirə salınmamalıdır. Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil. Enerji layihələrinə sərmayənin azalması gələcəkdə tədarükdə fasilələrə və real risklərə gətirib çıxara bilər”.

Yeri gəlmişkən, Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) bu il oktyabrın 23-də Qətərdə keçiriləcək Nazirlər Toplantısına dəvət alıb. Bu barədə qərar energetika naziri P.Şahbazovun Vyanada Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamellə görüşü zamanı qəbul olunub. Görüşdə Azərbaycanın təşkilatla əməkdaşlığı və qlobal qaz sektorunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı GECF-in COP29 çərçivəsində təbii qazın ekoloji üstünlüklərinin vurğulanması, onun əlçatan, sərfəli və davamlı enerji mənbəyi kimi tanıdılması, dekarbonizasiya sahəsində texnoloji nailiyyətlərin nümayişi və bu istiqamətdə dialoq və təcrübə mübadiləsinə şərait yaradılması məqsədi daşıyan panel və pavilyonlarının əhəmiyyəti xatırladılıb, Azərbaycanın bu təşəbbüslərə göstərdiyi dəstəyə görə təşəkkür edilib.

Bundan əlavə, tədbir çərçivəsində P.Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysla da görüşüb. Görüşdə neft bazarının tənzimlənməsinin cari vəziyyəti, neft sənayesində inkişaf tendensiyaları və “OPEC plyus” formatında əməkdaşlığa dair məsələlər müzakirə edilib. Söhbət zamanı neft bazarında sabitliyin qorunub saxlanmasında OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığının töhfələri qeyd edilib, Azərbaycanın bu prosesdə rolu yüksək qiymətləndirilib.

Konfransın ikinci günündə isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına həsr olunmuş sessiya keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un sədri Muxtar Babayev və Braziliya Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə katibi, COP30-un sədri Andre Korrea iştirak ediblər. Gün ərzində, həmçinin OPEC-in baş katibi tərəfindən qurumun hər il dərc olunan neft bazarına dair uzunmüddətli proqnozuna dair hesabat təqdim edilib. Tədbirin digər sessiyalarında isə dayanıqlı inkişaf və enerji sahəsində innovativ texnologiyaların tətbiqi mövzuları müzakirə olunub.

 

İqtisadiyyat