“Dəmirli” yatağında mis hasilatı

post-img

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” şirkəti Qarabağdakı “Dəmirli” yatağında hasilata başlanılması üçün hazırlıq işlərinə start verib. Bu, şirkətin cari ildə istismara verdiyi ikinci yeni mədən olmaqla, onun çoxşaxəli və orta səviyyəli mis istehsalçısına çevrilmək strategiyasını dəstəkləyir. Bu barədə mədən şirkəti məlumat yayıb.

Bildirilib ki, “Dəmirli” açıq üsulla istismar edilən böyük mədən olub, filiz flotasiya zavoduna daşınır. Layihə üzrə ətraf mühit və sosial təsir qiymətləndirməsi başa çatdırılıb, yeni tullantı anbarı üçün texniki layihələr hazırlanıb. Mədən və emal sahəsində əlavə 150 nəfər işə götürülüb, daha 50 nəfər isə digər mədənlərdən köçürülüb. “Anglo Asian” yaxın ərazidə yeni mis ehtiyatlarının araşdırılmasını da planlaşdırır. Şirkətin proqnozuna görə, 2025-ci ildə “Dəmirli”də 4 min ton mis konsentratı hasil olunacaq. Gələn ildən etibarən isə bu rəqəm illik 15 min tona qədər artacaq.

“Anglo Asian Mining Plc.” şirkətinin baş icraçı direktoru Rza Vəzirov bildirib ki, Dəmirli” mədəni Qarabağ iqtisadi rayonunun bərpasına töhfə verəcək.

Qeyd edək ki, Britaniya şirkəti ölkəmizdə qızıl, mis və gümüş hasilatı ilə məşğuldur. Şirkət 2030-cu ilə qədər illik 50-55 min ton mis hasilatına nail olmağı hədəfləyir. Yeri gəlmişkən, qurum bu strategiya çərçivəsində cari ilin mayında “Gilar” mədənini də istismara verib.

 

İqtisadiyyat