İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikasında səfərdə olub. Onlar Braziliyada bir sıra tədbirlərdə iştirak edib, əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.
Braziliyanın vitse-prezidenti, inkişaf, sənaye, ticarət və xidmətlər naziri Jeraldo Alkminin Elnur Əliyevlə görüşü zamanı Azərbaycanın Braziliya ilə əməkdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb. Ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verilib. Qeyd edilib ki, Braziliya ilə iqtisadi–ticarət əlaqələri uğurla inkişaf edir. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkə ilə ticarət dövriyyəsi 230 milyon ABŞ dollarından çox olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəkdir. Braziliya ilə ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb. Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin gündəliyində olan məsələləri müzakirə ediblər.
Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun 1-ci iclası keçirilib. İqtisadiyyat nazirinin birinci müavini, işçi qrupunun həmsədri Elnur Əliyev tədbirdə ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə Braziliya ilə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu baxımdan birgə işçi qrupu mühüm platforma rolunu oynayacaq. İclasda Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün müxtəlif güzəştlər və münbit şərait təqdim edən geniş sənaye və aqroparklar şəbəkəsi haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət edilib.
İclasda çıxış edən Braziliyanın xarici işlər nazirinin müavini, birgə işçi qrupunun həmsədri Laudemar Qonçalves de Aguiar Neto Azərbaycanla müxtəlif iqtisadi məsələlər üzrə tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Toplantıda Azərbaycanın Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sahələrdə işbirliyinin genişləndirilməsinə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib. Görüşün yekununa dair imzalanan protokolda ticarət və investisiya, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, texnologiya, elm və təhsil və turizm sahələrində əməkdaşlıq məsələləri öz əksini tapır.
XQ