Beynəlxalq İnvestisiya Forumu bu keçidə maliyyə dəstəyi qazandırır
Zəngin karbohidrogen ehtiyatları hesabına özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in də fəal iştirakçısına çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bu vacib məqama toxunaraq hazırda ölkəmizin bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşı olduğunu vurğulayıb.
Dövlət başçısı qeyd edib: “Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın “yaşıl iqtisadiyyat”ını qurur”. Bu hədəfə çatmaq üçün ölkəmizin potensial imkanları olduqca yüksəkdir. Aparılmış tədqiqatların nəticələrinə əsasən, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə isə 157 qiqavat təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə quruda 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavat, dağ çayları üzrə isə 520 meqavat həcmində qiymətləndirilir.
Artıq bu potensialın hərəkətə gətirilməsi istiqamətində ölkəmizdə mühüm layihələr həyata keçirilir. Məlum olduğu kimi, 2023-cü il oktyabrın 26-da 230 meqavat gücündə olan “Qaradağ” Günəş Elektrik Stansiyası istifadəyə verilib. Yeri gəlmişkən, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 262 milyon dollarlıq investisiya hesabına ərsəyə gələn bu stansiya Xəzər dənizi və Cənubi Qafqaz regionlarının ən böyük günəş elektrik stansiyası sayılır.
Bununla yanaşı, hazırda ölkəmizdə bir sıra günəş və külək enerji stansiyalarının inşası sürətlə davam etdirilir. Bu yaxınlarda isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən tikintisi həyata keçirilən “Xızı-Abşeron” külək elektrik stansiyasının birinci növbəsi işə salınacaq. Ümumilikdə isə qarşıdakı 2 ildə Azərbaycanda ümumi gücü 2 min meqavatdan artıq olan 10 günəş və külək elektrik stansiyası istismara verilərək şəbəkəyə qoşulacaq. Bütün bu işlərə, təqribən, 2,7 milyard ABŞ dolları həcmində sərmayə yatırılması planlaşdırılır.
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günündə ölkəmizin bərpaolunan enerji potensialı və bu sahədə görülən işlər barədə ətraflı söhbət açılıb, maraqlı fikir və mülahizələr irəli sürülüb. Məsələn, Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında bildirib ki, 2030-cu ilə qədər ölkənin enerji istehsal gücündə bərpaolunan enerjinin payını 38 faizə çatdırmaq nəzərdə tutulur. Nazirin sözlərinə görə, hazırda Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, ərazilərin müəyyənləşdirilməsi və ofşor elektrik stansiyalarının tikintisi üzrə 7 yerli və beynəlxalq şirkətlə əməkdaşlıq aparılır. Qeyd olunub ki, 2032-ci ilə qədər 6 qiqavatdan çox onşor və ofşor günəş və külək gücünün yaradılması və Xəzər – Qara dəniz –Avropa “yaşıl enerji” dəhlizlərinin mərhələli şəkildə işə salınması nəzərdə tutulub.
“Bununla yanaşı, Azərbaycan – Türkiyə – Avropa və Azərbaycan – Gürcüstan – Türkiyə – Bolqarıstan “yaşıl enerji” dəhlizi layihələri həyata keçirilir. Bu layihələr həm Naxçıvan bölgəsindən, həm də Ermənistan üzərindən keçməklə Türkiyə ilə Avropanı əlaqələndirə, eyni zamanda Mərkəzi Asiya ilə körpü rolunu oynaya bilər”, – deyə nazir əlavə edib.
Ölkəmizlə bərpaolunan enerji sahəsində fəal əməkdaşlıq edən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin MDB ölkələri üzrə inkişaf və investisiya rəhbəri Məryəm Al Mazroyi isə çıxışında bildirib ki, təmsil etdiyi qurum Azərbaycandakı layihələrə 1,2 milyard ABŞ dolları həcmində investisiya yatıracaq. Şirkət rəsmisi ölkəmizlə “yaşıl enerji” sahəsində uğurlu əməkdaşlığın nəticəsi olan 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının artıq iki ildir fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
2024-cü ildə keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə birgə Azərbaycanda əlavə 1 qiqavatlıq layihələrin inkişafı üçün çox önəmli razılaşma imzaladığını xatırladan Məryəm Al Mazroyi bildirib ki, həmin layihələrə əsasən, hazırda “Biləsuvar” və “Neftçala” günəş elektrik stansiyalarının tikintisi davam etdirilir. Onun sözlərinə görə, üçüncü layihə isə 240 meqavatlıq quru tipli külək enerjisi layihəsidir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin də bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisi “yaşıl enerji” zonası elan edilib. I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bu barədə məlumat verən energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, Qarabağda günəş və külək enerjisinin potensialı 10 qiqavat həcmində qiymətləndirilir.
Bununla yanaşı, Azərbaycanın su ehtiyatlarının dörddəbiri də başlanğıcını bu regionlardan götürür. Ötən müddətdə bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirilib, ümumi gücü 170 meqavat olan kiçik su elektrik stansiyaları istifadəyə verilib. Onun sözlərinə görə, ümumilikdə, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 1,6 qiqavat “yaşıl enerji”nin istehsalı planlaşdırılır ki, bu da regionun özünə lazım olandan 2 dəfə çox enerji istehsal etməyə imkan verəcək.
Eyni zamanda, artıq bp şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisinə başlanılıb. Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Şəfəq” layihəsinin üstünlüyü barədə məlumat verərək bildirib ki, stansiya istismara verildikdən sonra burada virtual enerji ötürülmə mexanizmi tətbiq olunacaq. Bu o deməkdir ki, istehsal prosesi zamanı əldə ediləcək 240 meqavatlıq günəş enerjisi milli şəbəkəyə ötürüləcək və həmin miqdarda enerji milli şəbəkədən alınaraq Azərbaycandakı neft-qaz emalı üzrə ən iri obyektinin – Səngəçal terminalının elektrikləşdirilməsinə yönəldiləcək. Bu da gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların, təxminən, 50 faiz azaldılmasına imkan yaradılacaq.
Yaxın illərdə ölkəmiz, həm də “yaşıl enerji”nin əsas ixracatçısına çevriləcək. Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi, 2024-cü ilin may ayında isə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları sözügedən layihənin reallaşdırılması üçün birgə müəssisənin yaradılması barədə memorandum imzalayıblar.
Bu marşrut Xəzər dənizinin Azərbaycan sektorunda istehsal olunan “yaşıl enerji”nin Gürcüstana, daha sonra Qara dənizin dibi ilə çəkilən kabellə Avropaya çatdırılmasını nəzərdə tutur. Dəhliz vasitəsilə ildə 4 qiqavat bərpaolunan enerjinin ixracı planlaşdırılır. Öz növbəsində Avropa Komissiyası 3-4 ilə çəkiləcəyi nəzərdə tutulan sualtı kabel xətti layihəsinin maliyyələşdirilməsinə 2,3 milyard avro ayırmağı planlaşdırır. Beləliklə də, “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” regionun rəqabət qabiliyyətini artıracaq və yeni investisiya imkanları yaradacaq.
Mirbağır YAQUBZADƏ
XQ