“Siemens” də Qara dəniz kabel layihəsinə qoşuldu

post-img

Almaniyanın “Siemens Energy Global GmbH & Co. KG” şirkəti və Azərbaycandan Gürcüstana və daha sonra Avropaya “yaşıl” enerjinin tədarükünü nəzərdə tutan Qara dəniz sualtı enerji kabeli layihəsinin idarə edilməsini həyata keçirən “Green Energy Corridor Power Company” (GECO) birgə müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb.

“Alman – Azərbaycan ixracın maliyyələşdirilməsi konfransı çərçivəsində imzalanan sənədə əsasən yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemindən istifadə edilməklə “yaşıl” enerjinin ötürülməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. 2023-cü ildə Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bildirib. Həmin il bu ölkənin Nazirlər Şurası “Bulgarian Energy Holding EAD” şirkətinin layihənin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib.

2024-cü ilin mayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları – “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica” və MVM arasında birgə müəssisənin yaradılması haqqında memorandum imzalanıb. Həmin ilin sentyabrında isə GECO birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi bağlanıb.

İlkin mərhələdə kabel 4 qiqavat “yaşıl” enerjinin ixracı üçün nəzərdə tutulacaq. Tikinti işləri 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il davam edəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

XQ

İqtisadiyyat