Zərərçəkmişlərin hüquqi varislərinin ittihamları dinlənilib

post-img

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 7-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Elmir Qənbərovun hüquqi varisi – atası Rayil Qənbərov bildirib ki, övladı Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində həlak olub.

Zərərçəkmiş şəxs Səfiyar Məmmədovun hüquqi varisi Şəhriyar Məmmədov ifadəsində qardaşının Kəlbəcərdə düşmən atəşi nəticəsində həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxs Müzəffər Cəfərov ifadəsində Laçında sanitar avtomobillə yaralıları təxliyə edərkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını söyləyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs sanitar avtomobilin üzərində tibbi yardım maşını nişanının olduğunu, buna baxmayaraq, atəşə tutulduqlarını söyləyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Nicat Əlizadə düşmənin açdığı atəş nəticəsində Xocalı rayonu istiqamətində xəsarət aldığını deyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Fuad Kərimov Ağdərə istiqamətində düşmənin təxribatı nəticəsində xəsarət aldığını bildirib.

Ruslan Məmmədli Ağdərə istiqamətində düşmənin açdığı atəşlər nəticəsində ayaqlarından, qolundan və bədəninin digər nahiyələrindən xəsarətlər aldığını söyləyib. Səhhətində hazırda problemlər qalır. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı həlak olanların və özündən başqa yaralananların da olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran Murad Abbaslı Kəlbəcərdə düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.

Əvəz Zeynalov Ağdərə rayonunun Talış kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində xəsarət aldığını söyləyib.

Rəvan Rzayev və Cəmaləddin Nəsirov Xocalı rayonunun Şuşakənd kəndində düşmənin açdığı atəş nəticəsində yaralandıqlarını bildiriblər. R.Rzayev deyib ki, hadisə nəticəsində bir neçə nəfər ölüb, özündən başqa daha bir neçə şəxs yaralanıb.

Ayxan Kərimli Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı artilleriya atəşi nəticəsində qəlpə yaraları aldığını bildirib. Hadisə zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Vüsal İsazadə Şuşa rayonunun Xəlfəli kəndində düşmənin drondan atdığı qumbaranın partlaması nəticəsində yaralandığını bildirib. Qeyd edib ki, hadisə zamanı yanında olmuş Mürsəl Əlizadə və Elman Süleymanov da xəsarət alıb.

İfadə verən digər zərərçəkmiş şəxslər - Elmir Sadıqov, Nicat İsgəndərov, Fuad Əmirov və Vurğun Sayılov, Cahid Asdanov, Şükür Əskərov, Kamran Talıblı, Elgün Yusifli, Osman Cabbarlı, Rövşən Əzimli, Xalid Həsənov, Vüqar Məmmədzadə, Mirdamət Xankişiyev, Anar Əsgərzadə, Mürsəl Əlizadə, Cabbar Cabbarzadə, Qalib Məmmədov, Qismət Əhmədov, Vüsal Məmmədov, Elsevər Qədirov, Arzuman Xankişiyev, Məhəmməd Abdullayev Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşləri nəticəsində müxtəlif ərazilərdə yaralandıqlarını bildiriblər.

Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin olunub.

XQ



Son xəbərlər