Lüksemburqda fəaliyyət göstərən, burada yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən Azərbaycan Lüksemburq Dostluq Assosiasiyası – “LuxAz” Azərbaycan həqiqətlərinin avropalılara doğru-düzgün çatdırılması istiqamətində davamlı və səmərəli fəaliyyət göstərir.
Bu barədə XQ-yə açıqlama verən Assosiasiyanın sədri Seymur Əhmədov dedi ki, rəhbərlik etdiyi təşkilat daha çox qədim və müasir tariximiz, xalqımızın üzləşdiyi haqsızlıqlar və əldə etdiyi böyük uğurlarla bağlı maarifləndirmə aksiyalarının keçirilməsinə üstünlük verir. S.Əhmədov buna misal olaraq, fevralın 25-də proqram çərçivəsində Lüksemburqda yerləşən “Royal” otelində anım tədbiri keçirildiyini, “13” bədii-sənədli filminin nümayiş edildiyini, faciəni əks etdirən fotosərginin təqdim olunduğunu bildirdi.
Fevralın 26-da isə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində maarifləndirmə aksiyası həyata keçirilib. Bu çərçivədə Lüksemburqun “Place Emile-Hamilius” meydanında genişmiqyaslı maarifləndirmə təşəbbüsü təşkil olunub. Aksiya zamanı paytaxtın intensiv insan axınının müşahidə olunduğu ərazilərdə tarixi həqiqətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması məqsəd qoyulmuş, məlumat materialları vasitəsilə faciənin mahiyyəti və tarixi faktlar ictimaiyyətə təqdim edilib.Təbliğat-təşviqat materialları, faciənin mahiyyəti və 34 il əvvəl erməni vandalları tərəfindən törədilmiş soyqırımı aktı tarixi faktlar – foto və videoroliklər vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb.
S.Əhmədov, həmçinin bildirdi ki, “Justice for Khojaly” kampaniyası Lüksemburq şəhərində yerləşən 97 ofis binasının rəqəmsal ekranlarında yayımlanıb, ümumilikdə 30.597 yayım (diffuziya) qeydə alınıb. LuxAz Assosiasiyası Azərbaycan üçün əhəmiyyət daşıyan tarixi hadisələrin təbliği, milli həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması və mədəni irsimizin qorunması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
XQ

