Azərbaycanlı soydaşlarımız İraq türkmanlarına olan dərin sevgilərini müxtəlif yollarla ifadə edirlər. Professor Qəzənfər Paşayev və gənc alim Orxan İsayevin birgə yazdıqları “İraq–türkman ədəbiyyatı tarixi” monoqrafiyası bu sevgiyə ən gözəl nümunədir. Əsər Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunub.
Əsər dili, metodologiyası və perspektivi baxımından Azərbaycan akademik ədəbi ənənəsini aydın şəkildə əks etdirən, İraq türkmanlarının şifahi və yazılı ədəbiyyatını xronoloji ardıcıllıqla və elmi sistemə uyğun təqdim edən ilk əhatəli tədqiqatdır. “İraq–türkman ədəbiyyatı tarixi”, əsəri eyni zamanda, türkman kimliyinin dil, folklor və ədəbiyyat vasitəsilə qorunub saxlanıldığını və günümüzə qədər ötürüldüyünü ortaya qoyur.
Kitaba Ön söz yazan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli əsəri “İraq–türkman ədəbiyyatının ilk elmi salnaməsi” adlandırır və haqqında danışdığımız ədəbiyyatın tarixinin yazılması sahəsində mövcud olan boşluğu doldurduğunu xüsusi qeyd edir. Azərbaycan – İraq-türkman elmi, ədəbi-mədəni əlaqələrinin tarixindən söhbət açaraq Rəsul Rza, Həmid Araslı, Abbas Zamanov və Əta Tərzibaşı kimi şəxsiyyətlərin önəmli rollarını xatırladır və professor Qəzənfər Paşayevin kərkükşünaslıq, folklor, dil, ədəbiyyat, tarix və mədəniyyət sahələrindəki tədqiqatlarının bu əsərin elmi əsasını təşkil etdiyini bildirir.
“İraq–türkman ədəbiyyatı tarixi” əsəri iki əsas bölmədən ibarətdir. “Şifahi xalq ədəbiyyatı” adlanan birinci bölmə tarixi və mədəni təhlilə əsaslanan üç ayrı başlıq altında təqdim edilmişdir. Müəlliflərə görə, folklor həm də kimlik, yaddaş, dil və tarix kimi milli elementlərin daşıyıcısı kimi qiymətləndirilməlidir. “Folkloru bilmədən bir millətin, bir xalqın psixologiyasını və onun əsl tarixini anlamaq çətindir” yanaşması əsəri folklor toplusundan mədəni kimliyin öyrənilməsinə qədər yüksəldir. “Şifahi xalq ədəbiyyatı” bölümündə İraq-türkman folkloru aşağıdakı əsas başlıqlar altında araşdırılır:
Mərasim folkloru
Bu bölmədə astronomiya (ay, ulduzlar), su, od, doğum, ölüm və bəd nəzərlə bağlı inanclar araşdırılır və “Kitabi-Dədə Qorqud”da rast gəlinən oxşar elementlər tədqiq olunur. Bundan əlavə, Kərkükdən götürülmüş nümunələr Anadolu və Azərbaycan folkloru ilə müqayisə edilərək inanclar “xurafat” kimi deyil, kollektiv şüurun məhsulu kimi şərh olunur. Bu fəslin ikinci bölməsi “Andlar” adlanır. Burada müəlliflər “ant/and” anlayışının etimologiyasına diqqət yetirir, onun mənşəyini monqol-türk mədəniyyəti ilə izah edir və sonra mövzunu iki kateqoriyaya bölürlər: dini və dünyəvi andlar.
Üçüncü bölmə “Dualar və bəddualar” mövzusundadır. Müxtəlif dualar və bəddualar simvolik və tarixi kontekstlərdə izah edilir. “Falçılıq” başlığı altında verilmiş falçılıq anlayışı gələcəyi anlamaq məqsədilə edilən niyyətlərin nəticəsini gözləmək kimi müəyyən edilir. Bildirilir ki, falçılıq iki növə bölünür: göz və qulaq falı nümunələrlə izah olunur.
Növbəti səhifələrdə “Xalq mərasim və nəğmələri” haqqında ətraflı məlumat verilir. “Yağış duaları” kimi mövsümi, Ramazan, Qurban bayramı və Aşura kimi dini və “doğum”, “ölüm” və “toy” mərasimləri təkcə təsviri deyil, həm də struktur və funksional baxımdan təhlil edilir. Bu mərasimlər zamanı oxunan mərsiyə və mahnılar ətraflı müzakirə olunur.
Bu bölmədə İraq türkmanları ilə azərbaycanlılar arasındakı folklor oxşarlıqlarına, eyni zamanda, müxtəlif sahələrdə istifadə olunan müəyyən ifadələrin antropoloji dərinliyinə işıq salınır.
Poeziya
Bu bölmədə xoyrat və manilərin İraq-türkman folklorunda lirik janrın zirvəsi olduğu vurğulanır və onların gücünün xalq dilində yazılıb oxunmasından, dərin məna daşımasından, söz oyununa əsaslanan estetik zənginliyindən və həyatın bütün sahələrini əhatə edən tematik müxtəlifliliyindən qaynaqlandığı iddia edilir. Qeyd olunur ki, xoyratın qısa və ya yarımçıq olan ilk sətirləri onu manilərdən fərqləndirən əsas formal xüsusiyyətlərdən biridir və xoyrat üsulları (muğamlar) ətraflı şəkildə təqdim olunur. Xoyratların təkcə ədəbi deyil, həm də sosial, mənəvi və fəlsəfi funksiya daşıdığı və xüsusilə XX əsrdə sosial oyanışı və milli şüuru əks etdirən nümunələrlə araşdırıldığı bildirilir.
Daha sonra xalq mahnıları tədqiq olunur. Xoyratların xalq musiqisi mətnlərinin əsas mənbəyi olduğu vurğulanır və onlarla Azərbaycan “bayat” mahnıları arasındakı güclü ortaqlıqlar konkret nümunələrlə göstərilir. Görkəmli alim Əta Terzibaşının bu mövzulardakı işlərinə tez-tez istinad edilir və bu sahədəki elmi baxışları açıq şəkildə vurğulanır. Bölmənin son səhifələrində laylalar araşdırılır və onların analıq, şəfqət, dua, bədnəzər və tale mövzuları vasitəsilə uşağın mənəvi dünyasını formalaşdıran ilk estetik və əxlaqi mətnlər olduğu qeyd edilir.
Nəsr
Bu bölmədə nağıllar (rəvayətlər), atalar sözləri, lətifələr, xalq poeziyası və dastanlar kimi epik mövzular verilir. Əsərdə nağıllar dörd əsas qrupda araşdırılır: “Heyvanlar hqqında nağılları”, nəhənglər, pərilər və fövqəladə varlıqları təsvir edən “Sehrli nağıllar”; tarixi şəxsiyyətlər ətrafında mərkəzləşmiş “Tarixi nağıllar” və ailə yönümlü “Sosial nağıllar”. Bu təsnifat ilk dəfə olaraq İraq-türkman nağıllarına tətbiq olunur. Beləliklə, müasir folklor nəzəriyyələrindən istifadə etməklə nağılların mövzuları, simvolik və metaforik elementləri daha yaxşı başa düşülür. Bundan əlavə, əsərdə bu nağılların əvvəlində, ortasında və sonunda istifadə olunan ifadə üsulları qeyd olunur. Əsərin sonrakı səhifələrində İraq türkmanlarının “Atalar sözləri və məsəllər”, “Tapmacalar”, “Lətifələr”, “Aşıq yaradıcılığı və dastanları” kimi mühüm folklor mövzularından bəhs olunur.
Dastanlara gəldikdə, “Arzu-Qəmbər” nağılı İraq-türkman dastan ənənəsinin mərkəzindədir və buna görə də əsər mətn verilmədən ətraflı tədqiq olunur və nağıl ilə dastan arasında keçid nöqtəsi təşkil etdiyi bildirilir, Azərbaycan variantları arasındakı oxşarlıqlar araşdırılır. Bundan əlavə, bu nağıl və ya dastanın folklor nümunələrinin yaranmasına səbəb olan ilkin mənbə, mədəni özək olduğu iddia edilir.
Əsərin ikinci hissəsində müəlliflər “Yazılı ədəbiyyat” mövzusuna toxunur və İraq-türkman yazılı ədəbiyyatını üç mərhələdə araşdırmağın məqsədəuyğun olması iddiasını irəli sürürlər: qədim, orta və yeni dövr.
Bu dövrləşdirmə İraq-türkman ədəbiyyatının əvvəlki tədqiqatlarında misli görünməmiş bir təsnifatdır. Təsnifat hər dövrün linqvistik və metodoloji xüsusiyyətlərinə əsaslanır və bu xüsusiyyətlər ətraflı izah olunur.
“Yazılı ədəbiyyat haqqında bir neçə söz” adlı yarım səhifəlik məqalədə Əta Tərzibaşının mövzu ilə bağlı tədqiqatlarından, xüsusən də 13 cildlik “Kərkük şairləri” və 3 cildlik “Ərbil şairləri” kimi mühüm əsərlərindən çox istifadə edildiyi bildirilir. Əsərin Tərzibaşının İraq-türkman ləhcəsini və Azərbaycan türkcəsini əkiz qardaşlar kimi xarakterizə etməsi və Azərbaycan ədəbiyyatının nümayəndələrinin İraq-türkman ədəbiyyatına da aid edilməsi fikirləri elmi cəhətdən əsaslandırılır. Buna görə də İraq-türkman ədəbiyyatının qədim və ya erkən dövründən danışılarkən Qazi Bürhanəddin, Nəsimi, Xətib Təbrizi, Cahanşah Həqiqi, Əbdülqədir Marağayi və Şah İsmayıl Xətai kimi ortaq adlar xatırlanır və İraq türkmanları ilə Azərbaycan türklərinin (şübhəsiz ki, Oğuz ləhcəsində danışan bütün türk icmalarının) ortaq irsi hesab olunur.
Əsərin müəlliflərinə görə, XVI əsrdən başlayan Orta dövr İraq-türkman ədəbiyyatının qızıl dövrü hesab olunur. Füzuli bu dövrdə yazıb-yaratdığı üçün onu “Füzuli dövrü” də adlandırmaq olar. Füzuli və o dövrün digər şairləri haqqında ən möhtəşəm mənbə Əhdi Bağdadinin 381 sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən “Gülşən-i Şüəra” təzkirəsidir. Müəlliflər haqlı olaraq əsəri həmin dövrün İraq-türkman şairlərini anlamaq və öyrənmək üçün dəyərli mənbə hesab edirlər. Əta Tərzibaşının əsərlərinə əsaslanaraq, Hüşyar Dədə, Füzuli, Ruhi Bağdadi və Şəmsi Bağdadi kimi bir neçə şairin adı çəkilir. Bu dövrdə şairlərin əksəriyyəti əsərlərini Azərbaycan türkcəsində yazıb.
XVIII və XIX əsrlərdə İraq-türkman ədəbiyyatı fərqli bir ədəbi ənənəyə çevrilmə dövrünə qədəm qoydu. Yazıçıların sayı artdı və şeirlə yanaşı, müxtəlif ədəbi janrlarda da əsərlər yarandı. Ədəbi dairə genişləndi. Divan ədəbiyyatı ənənəsi artıq tamamilə Osmanlı türkcəsinin təsiri altında idi. Ərəb - fars sözləri və ifadələri ilə dolu əsərlər meydana çıxdı. Bu dövr İraqda Osmanlı təsirinin ən güclü dövrü idi. Növrəs Qədim, Abdullah Safi, Halisi və Əbdürrəzzaq Ağa kimi onlarla ustad şair bu dövrün ən görkəmli simaları arasındadır. Onlardan bəziləri qələmlərini nəsrdə də sınadılar.
Müəlliflər əsərin son hissəsini XX və XXI əsrin əvvəllərinə həsr edərək, türkman ədəbiyyatının bu dövrdə keçirdiyi dəyişiklikləri tarixi, estetik və bioqrafik baxımdan hərtərəfli araşdırırlar.
Osmanlı dövrünün sonlarında başlayan dəyişikliklərdən biri də poeziyada vəzn məsələsi idi. Heca vəzninə əruz vəznindən daha çox üstünlük verilirdi və sərbəst şeir tədricən mənimsənilirdi. Ədəbiyyatda sosial və siyasi mövzular daha çox ön plana çıxırdı. Qısa hekayələr və romanlar ədəbiyyata ciddi şəkildə daxil olmağa və tədricən poeziya ilə rəqabət aparmağa başladı. Ənənə ilə əlaqələrini kəsmədən yeni trendlərə uyğunlaşdı.
Əsərin son bölməsi İraq-türkman ədəbiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Bu, sistemli və dərin bir araşdırmadır. Bioqrafiya və mətn təhlili yan-yana təqdim olunur. Burada türkman ədəbiyyatının əsl nümayəndələrinin həyat hekayələrindən və əsərlərindən nümunələr verilir. Əsər İraq-türkman ədəbiyyatında nəsr mövzusuna həsr olunmuş yazı ilə yekunlaşır. Burada qısa hekayələr, romanlar, esselər, xatirələr və pyeslər kimi ədəbi janrların niyə gec başladığı ilə bağlı müxtəlif fikirlər irəli sürülür, səbəblər göstərilir və mövcud vəziyyət haqqında kifayət qədər məlumat verilir.
“İraq–türkman ədəbiyyatı tarixi” İraq türkmanları üçün dəyərli töhfədir. İraq-türkman ədəbiyyatını səlis və ifadəli üslubda təqdim etmək, araşdırmaq, sənədləşdirmək və gələcək nəsillərə çatdırmaq baxımından unikal əsərdir.
Əsərin Azərbaycanda yazılması təsadüfi deyil. Əsər boyu İraq türkmanları Azərbaycanla eyni mədəni bütövün bir hissəsi kimi qəbul edilir. “Qardaşlıq” dərgisinə dahi lider Heydər Əliyevin “Quzey Azərbaycan, Güney Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır” tarixi kəlamı əsərin ideoloji və mədəni əsasını təşkil edir.
Bu əvəzsiz və qiymətli əsərə görə professor Qəzənfər Paşayevə və Orxan İsayevə, eləcə də bütün azərbaycanlı soydaşlarımıza təşəkkürümü bildirir və ümid edirəm ki, əsər həm ərəb, həm də türk dillərinə tərcümə olunacaq ki, daha geniş coğrafi ərazilərdə tanınsın və daha geniş auditoriyaya çatsın.
Mehmet Ömər QAZANÇI,
Bağdad Universitetinin professoru


