Türkmənistanın əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupu Bakıda

post-img

Martın 4-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" (Dirçəliş) milli atüstü oyunlar qrupu möhtəşəm nömrələr nümayiş etdirmişdir.

Bu barədə XQ-yə ARAF-dan məlumat verilib.

Bildirilib ki, Bakıda ilk dəfə çıxış edən 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Sənəti Festivalının baş mükafat qalibləri at üzərində müxtəlif hərəkətlər göstərmiş, mükəmməl sinxronluq, mürəkkəb tryuklar, güclü dinamika və yüksək peşəkarlıq səviyyəsi ilə tamaşaçıların zövqünü oxşamışlar.

Şou proqramında həmçinin akrobatlar, müxtəlif janrların artistləri, eləcə də rəngarəng səhnə nömrələri təqdim olunmuşdur.

Proqram Azərbaycan və Türkmənistan bayraqlarının at üzərində səhnəyə gətirilməsi ilə başa çatmışdır.

Nurəngiz Adilqızı
XQ

İdman