İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığına səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat naziri Said bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında 30 ildən artıq diplomatik münasibətlərə, İslam həmrəyliyinə və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb. Görüşdə iqtisadi əlaqələrin möhkəmləndirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi, Azərbaycan – Oman Birgə Biznes Şurası və İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupunun yaradılmasının önəmi qeyd olunub.
Tərəflər ticarət və investisiya əlaqələrinin geniş potensialını, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar. Azərbaycan tərəfi investorlar üçün yaradılmış imkanlar, o cümlədən Ələt Azad İqtisadi Zonası, sənaye parkları və azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə məlumat verib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonaları” elan olunub, burada infrastrukturun və logistika imkanlarının inkişafı regionun iqtisadi dinamizmini artırır.
Vurğulanıb ki, Azərbaycanın Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizi regional ticarət və logistika mərkəzinə çevirib. Bu da Azərbaycan – Oman əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, görüşdə enerji, turizm, KOB və tranzit sahəsində birgə fəaliyyət imkanları da müzakirə olunub.
Mikayıl Cabbarov Oman maliyyə naziri, Oman İnvestisiya Qurumunun sədri Sultan bin Salem Al Habsi və qurumun prezidenti Abdulsalam bin Məhəmməd Al Murşidi ilə görüşüb. Görüş çərçivəsində Oman İnvestisiya Qurumu və Azərbaycan İnvestisiya Holdinqi arasında Azərbaycan – Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı səhmdarlar müqaviləsi imzalanıb.
Qeyd edək ki, müqavilə ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək. Fondun ilkin kapitalı 200 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Bu məbləğin 100 milyon dolları Azərbaycan İnvestisiya Holdinqi, 100 milyon dolları isə Oman İnvestisiya Qurumu tərəfindən təmin ediləcək.
XQ