“Odlar yurdu” qardaş ölkələrin etibarlı enerji tərəfdaşıdır

post-img

Şaxələndirilmiş boru kəmərlərinin strateji əhəmiyyəti artır

Azərbaycan tarixən zəngin neft-qaz diyarı kimi tanınıb. Elə dünya üzrə neftin sənaye üsulu ilə çıxarılmasına da ilk dəfə məhz Azərbaycanda başlanılıb. 1848-ci ildə Bibiheybətdə sənaye üsulu ilə qazılmış ilk neft quyusunun fontan vurması bütün dünyaya səs salıb. Həmin hadisədən ötən 177 ildə bu qədim diyarın “qara qızıl”ı müxtəlif yollarla dünya bazarlarına ixrac edilib.

Müstəqillik illərində isə özünün yeraltı sərvətlərinin əsl sahibinə çevrilmiş Azərbaycan həm də şaxələndirilmiş neft və qaz kəmərləri sisteminin yaradılmasına nail olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının əsas istiqamətlərindən biri də karbohidrogen ehtiyatlarının şaxələndirilmiş boru kəmərləri sistemləri ilə dünya bazarlarına çıxarılması ilə bağlı idi.

Məhz dövlətimizin siyasi rəhbərliyinin təşəbbüsü və mətin iradəsi sayəsində son 25 il ərzində Xəzər sahillərindən Avropa qitəsinədək minlərlə kilometr uzunluğunda neft və qaz kəmərləri çəkilib. İndi həmin infrastruktur ölkəmizin ixrac potensialını artırmaqla yanaşı, “köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsinə də mühüm töhfələr verir. Neft və təbii qaz ehtiyatlarının dünya bazarlarına müxtəlif marşrutlarla çıxarılması həm Azərbaycanın enerji təhlükəsizliyini təmin edir, həm də ölkəmizi Avropa üçün etibarlı enerji tərəfdaşına çevirir.

Eyni zamanda, şaxələndirilmiş nəql marşrutlarına malik olması Azərbaycan dövlətinin müstəqil enerji siyasətinin məntiqi nəticəsi, ölkəmizin böyük üstünlüyüdür. 31 il əvvəl Bakıda dünyanın transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan özünün neft-qaz sərvətlərinin dünya bazarılarına çıxarılması istiqamətində müstəqil qərarların qəbul edilməsinə nail olub. Öncə “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində “Çıraq” platformasından hasil edilən xam neftin Şimal istiqaməti ilə beynəlxalq bazarlara ixracı üçün Bakı –Novorossiysk kəməri əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

“Qara qızıl”ın Qərb istiqaməti ilə ixracını təmin etmək məqsədilə inşa olunmuş Bakı–Supsa kəməri isə 1999-cu ilin aprel ayında istismara buraxılıb. Bununla belə, getdikcə artmaqda olan neft həcmlərini dünya bazarına çıxarmaq üçün ölkəmizin daha geniş imkanlara malik ixrac infrastrukturuna ehtiyacı var idi. Bu layihənin də əsas təşəbbüskarı və memarı Ulu öndər olub. Məhz onun qətiyyəti və siyasi iradəsi nəticəsində “Üç dənizin əfsanəsi” kimi tanınan Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəməri (BTC) layihəsi həyata vəsiqə alıb.

Azərbaycanın əsas neft nəqli marşrutu olan Bakı – Tbilisi – Ceyhan boru kəməri 2006-cı ildə istifadəyə verilib. Ümumi uzunluğu 1768 kilometr olan bu kəmər vasitəsilə Azərbaycan nefti Gürcüstan və Türkiyə ərazisindən keçərək Aralıq dənizindəki Ceyhan limanına çatdırılır. BTC kəmərinin illik ötürmə qabiliyyəti təqribən 50 milyon ton (gündəlik 1,2 milyon barel) təşkil edir və bu marşrut Azərbaycanın əsas neft ixrac kanalıdır. BTC boru kəməri istismara veriləndən 2025-ci ilin 2-ci rübünün sonunadək, ümumilikdə, 605 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edib.

“Şahdəniz” yatağının istismara verilməsi isə Azərbaycanı həm də dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirib. Ötən müddətdə ölkəmiz qaz ixracı məqsədilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində strateji infrastruktur qurmağa nail olub. XXI əsrin nəhəng qaz ixrac marşrutlarından sayılan bu dəhliz Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərindən (TAP) ibarətdir. Cənubi Qafqaz Boru Kəməri 2007-ci ildən fəaliyyət göstərir və Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazı Gürcüstan və Türkiyəyə çatdırır. Bu kəmərin ötürmə qabiliyyəti 24 milyard kubmetrədək genişləndirilib.

TANAP Azərbaycanın qazını Türkiyə ərazisindən keçirməklə Avropaya çatdıran əsas ixrac arteriyasıdır. 2018-ci ildə istismara verilmiş bu kəmərin illik ötürmə gücü hazırda 16 milyard kubmetr təşkil edir, gələcəkdə isə bu rəqəmin 31 milyard kubmetrədək artırılması planlaşdırılır. TANAP-ın davamı olan TAP isə qazı Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyaya daşıyır. TAP-ın ötürmə gücü illik 10 milyard kubmetr təşkil edir. Artıq kəmərin illik qaz nəqlinin 20 milyard kubmetrə çatdırılması istiqamətində tədbirlərə başlanılıb.

Beləliklə də Azərbaycanın neft və qaz ehtiyatlarının sərbəst şəkildə dünya bazarına çıxarılması üçün yürütdüyü müstəqil enerji siyasəti özünü tam doğruldub. Yeri gəlmişkən, hazırda dünyada neft və qaz hasil edən ölkələrin heç də hamısı müstəqil enerji siyasəti həyata keçirmək imkanına malik deyil. Təsadüfi deyil ki, oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bu mühüm məqama toxunan Prezident İlham Əliyev deyib: “Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir”.

Bir məqamı da qeyd edək ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən olan Türkiyə ilə uzun illərdir ki, karbohidrogen ehtiyatlarının ixracı sahəsində səmərəli əməkdaşlıq edir. Qardaş ölkə ilə enerji əməkdaşlığının, strateji tərəfdaşlığın təməli isə ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrin sonlarında qoyulub. Qeyd etdiyimiz kimi, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün nəzərdə tutulmuş əsas ixrac boru kəmərinin Türkiyə ərazisindən çəkilməsi ideyası məhz Ulu öndərə məxsusdur. Artıq 19 ildən çoxdur ki, Bakı – Tbilisi – Ceyhan boru kəməri xalqlarımızın ümumi rifahına xidmət edir. Azərbaycan qazını Avropa bazarına çıxaran Cənub Qaz Dəhlizinin mühüm seqmenti sayılan Trans-Anadolu Boru Kəməri də Türkiyə ərazisində 1850 kilometr məsafə qət edərək “mavi yanacağ”ı Trans-Adriatik Boru Kəmərinə ötürür.

Bununla yanaşı, BTC ölkəmizə Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan və Türkmənistanla da enerji sahəsində əməkdaşlığa geniş imkan yaradır. Artıq uzun illərdir ki, Xəzər qonşularımız müəyyən qədər neft həcmlərini BTC vasitəsilə nəql etmək üçün tankerlərlə Azərbaycana çatdırırlar. Gələcəkdə isə Trans-Xəzər qaz kəməri layihəsinin reallaşacağı təqdirdə Türkmənistan qazının da ölkəmizin ərazisindən nəqlinə başlanılacaq. Eyni zamanda, yaxın perspektivdə “Dostluq” yatağının müştərək işlənməsi ilə bağlı razılaşma da mövcuddur. Bütün bunlar isə yaxın illərdə iki ölkə arasında enerji əməkdaşlığının genişlənməsinə səbəb olacaq.

Göründüyü kimi, hazırda Azərbaycanın 3 əsas neft və 3 əsas qaz ixrac boru kəməri mövcuddur. Bu kəmərlərin ümumi uzunluğu isə 6 min kilometrdən çoxdur. Şaxələndirilmiş boru kəmərləri sistemi ölkəmizə iqtisadi mənfəət gətirməklə yanaşı, onun strateji üstünlüyünü də təmin edir. Bu infrastruktur sayəsində Azərbaycan həm regional enerji təhlükəsizliyinə töhfə verir, həm də özünü etibarlı tərəfdaş kimi təsdiqləyərək dünyanın enerji bazarında mühüm mövqeyini qoruyur.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat