TDT qlobal məkanda söz sahibinə çevrilir
Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü yeni iqtisadi əməkdaşlıq nizamının anonsu oldu. Geosiyasi çağırışlar və regional təhlükəsizlik məsələləri ilə yanaşı, iqtisadi gündəm görüşün əsas mövzularından birinə çevrildi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin səsləndirdiyi iqtisadi çağırışlar qardaş ölkələr tərəfindən dəstək görür və TDT məkanında birlikdə həyata keçirilən praktiki layihələr bu həmrəyliyin ən mühüm göstəricilərindən hesab olunur.
Məlumdur ki, dövrümüzdə qlobal nəqliyyat arteriyalarının önəmi hər keçən gün daha da artır. Bu amili nəzərə alaraq Azərbaycanın mühüm nəqliyyat arteriyaları aspektində hab funksiyası daşıyıcısı olması qlobal iqtisadi gündəlikdə ölkəmizin nüfuzunu daha da artırır. Həmçinin Türk Dövlətləri Təşkilatı daxilində də qardaş ölkələrlə iqtisadi əməkdaşlığın genişlənməsi ölkəmizin sahib olduğu iqtisadi dividendlərin üstünlüyüdür.
TDT-nin Qəbələ Zirvəsində qeyd olunduğu kimi, 2022-ci ildən etibarən Orta Dəhlizlə həyata keçirilən yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Bu, Azərbaycanın artan tranzit potensialını nümayiş etdirir. Dəhliz boyunca yük axınının sürətlənməsi nəticəsində tranzit müddətləri azalıb, bu isə beynəlxalq ticarətin səmərəliliyini daha da artırıb. Hazırda Xəzərin ən iri ticarət donanmasına sahib olan Azərbaycan yaxın illərdə illik ötürmə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, 9 beynəlxalq hava limanı və regionun aparıcı yükdaşıma aviaşirkəti ilə qlobal nəqliyyat sistemində öz mövqeyini möhkəmləndirib. Bu amillər Azərbaycanın strateji coğrafi üstünlüyünü reallığa çevirərək onu beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirir.
Qeyd edək ki, 2024-cü ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 62 faiz artaraq 4,5 milyon tona çatdı. Bu göstərici marşrutun potensialına dair region aktorlarının hesablamalarını gücləndirir. 2025-ci il üçün həcmin 5,2 milyon tona yaxınlaşması gözlənilir. Proqnozlara görə, bunun təxminən 4,2 milyon tonu marşruta daxil ölkələrin ərazisindən keçəcək, daşımaların strukturunda isə həm quru yük, həm də enerji məhsulları mühüm pay təşkil edəcək.
Qəbələ Zirvəsində, eləcə də, Vaşinqton Zirvəsinin önəmli qərarlarından biri - Zəngəzur dəhlizinin (TRIPP) gündəmə gətirilməsi olduqca əlamətdardır. Bu dəhliz Orta Dəhliz və Şimal–Cənub marşrutları arasında yeni nəqliyyat arteriyası formalaşdırır və regionun iqtisadi dinamikasına əlavə güc qazandırır. Zəngəzur vasitəsilə yaranacaq yeni marşrutun fəaliyyəti həm regional inteqrasiyanı dərinləşdirəcək, həm də Avrasiya məkanında ticarət əlaqələrinin coğrafiyasını genişləndirəcək. Həmçinin, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev də çıxışında qeyd etdi ki, Zəngəzur dəhlizinin təmin edilməsi tarixi əhəmiyyətə malikdir və bu, Türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək.
Həmçinin Qəbələ Zirvəsində adı çəkilən Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu (CKU) Orta Asiyada və daha geniş Avrasiya məkanında ən iddialı infrastruktur layihələrindən biridir. Texniki cəhətdən sərt dağlıq relyefləri tunel və körpülərlə keçən təkxətli magistral olmaqla mühəndislik baxımından çətinliklər daşıyır. İqtisadi və geosiyasi baxımdan isə layihə Orta Asiyanın dənizə çıxışı olmayan ölkələri üçün əhəmiyyətli, Çinin Avropa ilə əlaqəsini şaxələndirən və Orta Dəhliz kimi multimodal marşrutları gücləndirən yeni ticarət arteriyasıdır.
Layihənin uğurla tamamlanması regionun tranzit potensialını artıracaq, Qırğızıstan və Özbəkistanın iqtisadiyyatını canlandıracaq, Azərbaycan daxil olmaqla Türk Dövlətləri Təşkilatı üzvlərinə yeni bazar və tranzit imkanları yaradacaq.
TDT məkanında qarşılıqlı investisiyaların həcmi artıq gözlə görünən nəticələr verir. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bu vəsaitin əsas hissəsi Türkiyə iqtisadiyyatına yönəlsə də, Azərbaycan regionda aktiv investisiya siyasəti həyata keçirir. Qardaş ölkələr arasında yaradılan birgə sərmayə fondları qarşılıqlı layihələrin maliyyələşdirilməsi və icrası üçün yeni mexanizm rolunu oynayacaq. Bu fondlar vasitəsilə sənaye, logistika, energetika və infrastruktur sahələrində reallaşacaq investisiyalar TDT ölkələrinin iqtisadi profillərini tamamlayacaq.
Vüsalə CƏFƏROVA,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusu altında Türk dünyasında inteqrasiyanın dərinləşməsi, kollektiv təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından yeni mərhələnin əsasını qoydu.
Azərbaycanın daxili sabitliyi, strateji-coğrafi mövqeyi, logistika və nəqliyyat imkanları, artan hərbi-texniki potensialı TDT-ni qlobal arenada daha təsirli aktora çevirir. Prezident İlham Əliyev Zəngəzur dəhlizini həm Orta Dəhliz, həm də Şimal–Cənub dəhlizləri çərçivəsində yeni strateji marşrut kimi qiymətləndirib. Bu dəhliz “Türk qapısı” rolunu oynayaraq Avrasiya boyunca inteqrasiya olunmuş iqtisadi və logistik məkanın əsasını qoyacaq.
Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərlərinin coğrafi əhatəsinə görə dünya lideridir. Bununla yanaşı, ölkə 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bərpaolunan mənbələrdən təmin etməyi hədəfləyir. Bu kontekstdə Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Yaşıl Enerji Dəhlizi layihəsini həyata keçirir. Qara dənizin dibindən keçən hissəsi 1100 km uzunluğunda olan bu kabel sisteminə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadakı türk dövlətləri qatılmaqla Xəzərdən Avropaya “yaşıl enerji” ötürülməsi nəzərdə tutulur. Layihəyə türk dövlətlərinin də qoşulması istiqamətində Bakı əməli təşəbbüslər irəli sürür. Azərbaycan 3 milyard ABŞ dolları dəyərində 10 bərpaolunan enerji layihəsinə sərmayə qoyur və 2 GW yeni güc yaratmağı planlaşdırır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvədə çıxışında “TDT Plus” formatının qəbulunu Türk dünyasının beynəlxalq əlaqələrinin yeni mərhələsi kimi dəyərləndirib. O qeyd edib ki, bu format vasitəsilə TDT digər beynəlxalq təşkilatlarla sinerji yaratmaq və qlobal sistemdə vahid mövqedən çıxış etmək imkanına malik olacaq.
Türk dünyasının müdafiə sahəsində əməkdaşlığını dərinləşdirmək və beynəlxalq hüququn böhranlı şəraitində vahid mövqeyin sərgilənməsi zərurətə çevrilib. Bu səbəbdən, bütün sahələrdə, o cümlədən müdafiə sənayesi və texnoloji əməkdaşlıqda inteqrasiyaya dəstək vermək Zirvənin sonunda imzalanan bəyannamədə əksini tapıb. Eyni zamanda, Azərbaycan–Özbəkistan, Azərbaycan-Qazaxıstan və Azərbaycan–Qırğızıstan birgə sərmayə fondları yaradılıb və yeni layihələrin maliyyələşdirilməsi üzərində işlər gedir.
Qəbələ Zirvəsi göstərdi ki, Azərbaycan “Bir millət – çox dövlət” fəlsəfəsi əsasında Türk dünyasında siyasi, iqtisadi, enerji və təhlükəsizlik inteqrasiyasının hərəkətverici qüvvəsinə çevrilib. TDT-nin Qəbələ Bəyannaməsi Türk dövlətlərini vahid güc mərkəzinə çevirmək istiqamətində növbəti strateji addımdır. Zəngəzur dəhlizi, Yaşıl Enerji Dəhlizi və “TDT Plus” formatı kimi təşəbbüslər Türk dünyasının qlobal aktor statusunu gücləndirəcək və Azərbaycanın liderlik rolunu regionun gələcək onillikləri üçün möhkəmləndirəcək.
Nurlan ABDALOV
XQ