Robertin inqilab vədi və Azərbaycana qarşı qəzəb ritorikası
Ermənistanın ikinci prezidenti, xalqımıza qarşı çoxsaylı qanlı cinayətlərin hazırlanmasında və həyata keçirilməsində bilavasitə əli olan Robert Koçaryan mətbuat konfransı keçirərək, Azərbaycan və Ermənistan arasında sülh prosesini gözdən salmağa, öz aləmində, ölkəsinin gedişatdan heç bir mənfəət götürməyəcəyini əsaslandırmağa çalışıb. Koçaryanın dilə gəlməsi nədən qaynaqlanır, bu barədə yazımızın sonunda söz açacağıq. Hələlik isə...
Beləliklə, Koçaryanın üzərində dayandığı ilk məqam bu il avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli Bəyanatdan uduşların dəyərləndirilməsidir. Daha doğrusu, o, Azərbaycanın, ABŞ-ın və Ermənistanın sənəddən potensial qazancını “hesablayıb”. Koçaryanın fikrincə, Birləşmiş Ştatlar dəhliz, yəni Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək quru yolu və Ermənistan-İran sərhədi üzərində nəzarət, habelə Prezident Donald Trampın Nobel Sülh Mükafatına namizəd irəli sürülməsi üstünlüyünü əldə etdi.
“Azərbaycan Ermənistan ərazisindən keçən dəhliz üzərində hüquq, ATƏT-in Minsk qrupunun buraxılmasını və 907-ci düzəlişin ləğvi hüququnu əldə etdi”, - deyən Koçaryan Ermənistanla bağlı hansısa pozitiv fikir bildirsəydi, təəccüblənərdik. Onun iddiasına görə, Vaşinqton bəyannaməsində ölkənin konkret nə qazandığına dair heç bir müddəa yoxdur. Amma: “Nəhayət, Nikol Paşinyan nə əldə etdi? Burada çox konkret bir şey var: o, Trampın imzası olan bir şəkil və hüquqi qüvvəsi olmayan bir kağız aldı. Bu da ona erməni xalqını yenidən aldatmağa imkan verir. Əvvəlcədən belə nəticə çıxarmaq olar ki, Nikol Paşinyan Ağ Evdə sadəcə dekorasiya kimi olub. Orada masa, stul, tablo, bayraq var idi. Paşinyan da həmçinin”.
Göründüyü kimi, Koçaryan Paşinyanı məsxərə predmetinə çevirib. Hərçənd, ikinci prezidentin bununla məhdudlaşmadığı, Nikolu daha ağır sözlərə “qonaq etdiyi” birmənalıdır. Məsələyə qayıdacağıq. İndilik onu deyək ki, Koçaryan Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına da münasibət bildirib. O, məsələni texniki əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirib. Deməli, Qarabağ canisinin mesajı bəllidir – Bakı və İrəvan arasında sülh yoxdur.
Qeyd edək ki, Koçaryan Azərbaycan-Ermənistan barışının xeyli dərəcədə regional kommunikasiyaların işləkliliyindən asılılığını anlamamış deyil. Ona görə bildirir ki, hazırda “Tramp yolu” kimi dövriyyəyə gəlmiş reallığın daxili elementləri genişləndirilməlidir, çünki İrəvanın maraqlarına xidmət etmir. Sən demə, genişlənmə olsa, Azərbaycan tərəfi layihədən imtina edəcək, başqa sözlə desək, razılaşmaya əməl etməyəcəkmiş. Koçaryan fikrini əsaslandırmaq üçün bir neçə cəhəti vurğulayıb. Birincisi, İranın dəhlizdən kənarda qalması. Onun fikrincə, Birləşmiş Ştatlar İranın təmsilçiliyinə icazə verməyəcək. Tehran da sərhədlərin dəyişməsinin yolverilməzliyi mövqeyində qətidir. Üstəlik, Koçaryan dəhlizin tranzit əhəmiyyətinin şişirdildiyini vurğulayır və yekunda belə nəticəyə gəlir ki, regional kommunikasiyaların açılmasına dair məsələ yalnız Azərbaycanın və Türkiyənin maraqlarına uyğundur, başqa heç kəsin. Deməli, Paşinyan Bakının və Ankaranın mənafelərinin qoruyucusu qismində təqdim olunur ki, belə bir təqdimatın Ermənistandakı revanşist və şovinist kəsimin başlıca tezisinin olduğu heç kəsə sirr deyil.
Daha sonra Koçaryan ABŞ-ın Cənubi Qafqazda iqtisadi maraqlarının olmadığını iddia edir. Onun sözlərinə görə, Vaşinqton Çini cilovlamaq siyasəti yürüdür, Azərbaycan Prezidenti isə Çində Zəngəzur dəhlizini Pekini Avropa ilə birləşdirən mühüm yol kimi göstərir. Amma Robertin dedikləri paradoks yaradır. Axı Birləşmiş Ştatların Avropa ilə bağlı maraqları var. Ağ Ev çalışır ki, “köhnə qitə”nin ABŞ-dan iqtisadi asılılğı aradan qalxsın. Bunun üçün ən mühüm vəzifə Avropanın Çin bazarı ilə təmasını gücləndirməkdir. Deyəsən, Koçaryan bunu nəzərə almır və elə fon yaradır ki, sanki Azərbaycan və Türkiyə Birləşmiş Ştatları, elə İranın özünü də loru dildə desək, aldatmaqla məşğuldur. Halbuki belə bir durum ola bilməz. Digər tərəfdən, Prezident İlham Əliyev regional kommunikasiyaların açılmasının regiona və dünyaya faydalarına dəfələrlə aydınlıq gətirib, özü də son dərəcə müfəssəl şəkildə. Yəni Koçaryanın, belə demək mümkünsə, başını böyük siyasətə soxması, kənardan çox gülünc görünür. Halbuki məqsədi Paşinyanı gülünc yerinə qoymaqdır. Əlbəttə ki, özünə xas tərbiyəsizliklə: “Nə varsa, hamısını paylayır, demək olar ki, Ermənistan hesabına “Ana Tereza”ya çevrilib (Paşinyanı nəzərdə tutur – red.). Yaxşı ki, qız olaraq doğulmayıb, yoxsa bu, milli biabırçılıq olardı. Baş verənlər böyük geosiyasi oyunun bir hissəsidir və burada Ermənistan, daha dəqiq desəm, baş nazir topun rolundadır”.
R.Koçaryan bilavasitə Azərbaycan–Ermənistan sülhünün üzərində də dayanıb və bildirib ki, barış mühitinin pozulmaması üçün nəzarət mexanizmi yoxdur. Göründüyü kimi, o, daxilindəki murdar xisləti ortaya qoyaraq, bir növ, hər şeyi öz arşını ilə ölçür. Koçaryan elə təəssürat yaradır ki, sülhün dayanıqlılığı Azərbaycanın əhval-ruhiyyəsindən asılıdır. O, eyni zamanda, bildirir ki, ABŞ avqustun 8-də imzalanmış sənədlər üzrə zəmanətçi rolunu öz üzərinə götürməyib: “Bu, sadəcə hakimiyyətin növbəti hiyləsidir. Məqsəd xalqı aldatmaqdır. Heç bir sülh yoxdur”.
Ermənistanın ikinci prezidenti keçirdiyi mətbuat konfransında ölkənin hərbi büdcəsinin azaldılmasını da tənqid edib. Onun mövcud xüsusda söylədikləri erməni cəmiyyətində qəddar və əndazəsiz Azərbaycan obrazı yaratmağa hesablanıb. Koçaryanın fikrincə, sabit sülh qüvvələr nisbətində balansın təmin edildiyi təqdirdə mümkündür. Yəni, adam yenə çaqqal xislətini işə salır. Çünki onun üçün güclü mütləq zəifi əzməli, namərd davranmalıdır.
Koçaryanın Ermənistanın Azərbaycanla sülh gündəmini gözdən salmağa hesablanmış növbəti fikrini gündəmə gətirərkən, öz aləmində, keçmişlə müqayisə aparıb. O deyib ki, Ermənistanda 44 günlük müharibə zamanı hərbi vəziyyət elan edilmişdi və ölkə savaşda uduzdu. 1992–1993-cü illərdə isə heç bir hərbi vəziyyət və ya səfərbərlik yox idi, ancaq Ermənistan qalibiyyət qazandı. Belə çıxdı ki, qalib tərəf sülhə razılaşmamalıdır. Əslində, bu məxluqun düşüncəsi elə bildirdiyi kimidir. Axı onun rəhbərlik etdiyi hakimiyyət vaxtilə ədalətli sülhdən yayınır, Azərbaycan torpaqlarını işğalda saxlayırdı. Deməli, Koçaryan hazırda güclü tərəf olan ölkəmizin sülhü pozacağını iddia etməklə yenə sırf özünün məkrli baxış bucağını işə salır. İşə salır və Paşinyan üzərinə yüklənərək deyir ki, Azərbaycanla barış sazişi iqtidara gələcək seçkidə istifadə etmək üçün kağız parçasıdır.
Sonda əvvəldə anons etdiyimiz kimi, R.Koçaryanın hansı məqsədlə dilə gəlməsindən söz açaq. Əslində, çox fikirləşməyə ehtiyac yoxdur. Çünki Qarabağ cəlladı məramını özü səsləndirib. Yəni, seçkidən söz düşmüşkən, Robert özünün prosesdə iştirak edəcəyini, baş nazir Paşinyana rəqib olacağını, ən başlıcası isə Ermənistanda inqilab həyata keçirmək niyyətini açıqlayıb.
Ən sonda bunu da bildirək. Görünür, R.Koçaryanın zəncirini əlində saxlayanalar onu açıb buraxmaq qərarına gəliblər. Onların ikinci prezidentin şəxsində Ermənistanı Azərbaycanla sülhdən yayındırmağa hesablanmış qərarının nə kimi nəticələr verəcəyini zaman göstərəcək. Hər bir halda, Koçaryanın indiki kimi, loru dildə desək, barıtı çox eləməsinin ona fayda gətirməyəcəyi bəllidir. Çünki erməni xalqı Moskvanın buyruq qulu olan bu məxluqa nifrətlə yanaşır.
O da aydındır ki, Paşinyan qarşıdakı zaman kəsiyində onu açıqca təhqir edən bu məxluqu tamamilə sıradan çıxarmağa ciddi qol çırmayacaq. Nəzərə alsaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin yayında keçiriləcək, Nikolun müvafiq tədbir görmək üçün kifayət qədər vaxtı var.
R.ƏVƏZ
XQ