“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nümayəndələri arasında görüş baş tutub.
XQ xəbər verir ki, görüşdə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə əlaqədar qarşıda duran vəzifələr, monitorinq və qiymətləndirmə prosesi üzrə hesabatlılığın optimal qaydada təşkili üzrə məsələlər müzakirə olunub. Əlavə olaraq, Dövlət Proqramı çərçivəsində müəyyən edilmiş layihələrin icra vəziyyəti və növbəti dövrlər üzrə icrası nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov, Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov, Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov və Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Agentlik sədrinin müşaviri Etibar Məmmədov, Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə və Protokol sektorunun müdiri Hafiz Məmmədov iştirak ediblər.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamına əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.
Müşfiq Mirzə
XQ