Britaniya şirkəti ölkəmizdə əlvan metal hasilatını artırır

post-img

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın “Anglo Asian Mining” dağ-mədən şirkəti ölkə ərazisindəki mədənlərinin işə salındığı vaxtdan bəri yüksək istehsal həcminə nail olub. Bu barədə Britaniya şirkəti məlumat yayıb.

Bildirilib ki, 2009-cu ildə “Gədəbəy” yatağında hasil edilən filizin topa aşındırma üsulundan istifadə edərək qızıl və gümüşün çıxarılmasına başlayan “Anglo Asian Mining” ötən müddətdə fəaliyyətini xeyli genişləndirməyə nail olub. Şirkət ötən il ölkəmizdə yeni yeraltı “Gilar” mis-qızıl mədənini, eləcə də “Dəmirli” mis yatağını işə salıb.

Qurumun məlumatına əsasən, 2026-cı ilin yanvarın sonuna ümumi istehsal həcmi qızıl ekvivalentində bir milyon unsiya həddini aşıb. Bu göstəriciyə isə, təxminən, 851 min unsiya qızıl, 1,9 milyon unsiya gümüş və 30 min tondan çox mis daxildir.

“Anglo Asian Mining”, həmçinin “Gilar” və “Dəmirli” mədənlərinin gücünün artırılması hesabına 2026-cı ildə mis istehsalı həcminin üç dəfə artacağını gözləyir. Qeyd edək ki, təkcə 2025-ci il ərzində şirkət ölkəmizdə 25,061 min unsiya qızıl, 153,332 min unsiya gümüş və 7,915 min ton mis hasil edib.

Britaniya şirkəti 2026-cı ildə ölkəmizdə 28 mindən 33 min unsiyayadək qızıl hasil etməyi planlaşdırır. Cari ildə gümüş hasilatının 170 mindən 210 min unsiyayadək, misin isə 20 mindən 25 min tonadək həcmdə olacağı proqnozlaşdırılır. Bu da o deməkdir ki, şirkət 2026-cı ildə ötən illə müqayisədə qızıl hasilatını 11,7 faizdən 31,7 faizə qədər, gümüş hasilatını 10,9 faizdən 36,95 faizə qədər, mis istehsalını isə 2,5 dəfədən 3,2 dəfəyə qədər artıra bilər.

XQ

İqtisadiyyat