Naxçıvan Muxtar Respublikası Ədliyyə və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı yoxlayıcı orqanların əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Xalq” qəzetinə bildirilib ki, təlimdə iştirak edənlərə müxtəlif mövzular üzrə ətraflı məlumatlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı və tənzimlənməsi şöbəsinin müdiri Aqibət Əliyev çıxışında sahibkarlıq sahəsində aparılan yoxlamaların əhəmiyyəti, onların qanunvericilik əsasları və yoxlamaların düzgün təşkilinin sahibkarlarla dövlət arasında etimad mühitinin yaradılmasında rolu barədə geniş məlumat verib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Notariat bölməsinin rəisi Nərminə Əlizadə yoxlamaların növləri, reyestrdə qeydiyyat qaydaları və yoxlamaların aparılması zamanı qanuni prosedurların düzgün tətbiqi barədə məlumatlandırıb. O, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli, 1410-IVQ nömrəli Azərbaycan Respublikası Qanununun tələblərinə dair əhəmiyyətli məsələləri diqqətə çatdırıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın hüquqi tənzimlənməsi sektorunun müdiri Elnur İbrahimov təlim iştirakçılarına yoxlamaların təşkili və sənədləşdirilməsi prosesində diqqət edilməli məqamları izah edib, qanunvericiliyə uyğun sənəd dövriyyəsinin vacibliyini vurğulayıb.
Ədliyyə Nazirliyinin sahibkarlıq fəaliyyəti üzrə baş məsləhətçisi Təbriz Eyvazov isə sahibkarlıq sahəsində yoxlamaların keçirilməsi qaydası və hüquqi məsuliyyət məsələlərinə toxunaraq, yoxlamaların qanunlara uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın strateji inkişafı və dövlət xidmətlərinin göstərilməsi sektorunun müdiri Aişə Qəhrəmansoy etik davranış və sahibkarlarla düzgün ünsiyyətin vacibliyini vurğulayıb. O, yoxlayıcı orqan əməkdaşlarının peşəkar və mehriban münasibət göstərməsinin yoxlamaların səmərəliliyinə və sahibkarlıq mühitinin inkişafına müsbət təsir etdiyini bildirib.
Təlimin keçirilməsi yoxlayıcı orqanların əməkdaşlarının peşəkarlığını artırmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların daha şəffaf, qanunvericiliyə uyğun və səmərəli həyata keçirilməsinə xidmət edir.
Səbuhi HƏSƏNOV