Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində bu ölkənin “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, eləcə də “yaşıl enerji” sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.
Dövlət başçısı ötən illər ərzində iki ölkə arasında, təqribən, 170 sənədin imzalandığını vurğulayaraq siyasi, iqtisadi-ticari, investisiya və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmlərinin yaradıldığını diqqətə çatdırıb. Bu baxımdan Azərbaycan ilə Qazaxıstan arasında 20 il əvvəl imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin, eləcə də Ali Dövlətlərarası Şuranın əhəmiyyəti xüsusi qeyd olunub.
Xatırladaq ki, əlverişli geosiyasi məkanda yerləşən Azərbaycan və Qazaxıstan arasında dostluq, qardaşlıq münasibətləri qədim tarixi köklərə malikdir. Ötən əsrin sonlarında müstəqillik əldə etmiş bu iki türk respublikasının münasibətləri hazırda müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İndi ölkələrimiz arasında bir çox sahələrdə geniş əlaqələr mövcuddur.
Geniş iqtisadi potensiala malik olan iki ölkə arasında bu sahədə əməkdaşlığı inkişaf etdirmək məqsədilə 1999-cu ildə Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb. Ötən müddətdə qurumun 21 iclası keçirilib. Həmin iclaslarda iki ölkə arasında ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində ikitərəfli əlaqələrin mövcud vəziyyəti müzakirə olunub, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müəyyənləşdirilib.
Son illərdə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi və ticarət əlaqələr yüksəliş mərhələsinə qədəm qoyub. Tarixi və mədəni yaxınlıqla yanaşı, iqtisadiyyatın bir-birini tamamlayan strukturu və strateji coğrafi mövqelər bu iki ölkə arasında qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əlverişli zəmin yaradıb. Ümumilikdə, Azərbaycan – Qazaxıstan iqtisadi əlaqələrinin dinamikası getdikcə artmaqda olan ticarət dövriyyəsində özünü qabarıq şəkildə göstərir. Təkcə onu qeyd etmək kifayətdir ki, son illər iki ölkə arasında icarət dövriyyəsi 5 dəfəyə yaxın artıb. Bu vacib məqama toxunan Prezident İlham Əliyev “Kazinform”a müsahibəsində bildirib ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil etdiyi halda, bu ilin yanvar-avqust aylarında 547 milyon dollara çatıb. Dövlətimizin başçısı bu artımın Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.
Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində də əlaqələrin çoxillik tarixi var. Belə ki, hələ keçmiş sovetlər dönəmində Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlaq və Quryev neft mədənlərində qazaxlı həmkarları ilə birgə fəaliyyət göstəriblər. Eyni zamanda, Azərbaycan və Qazaxıstandan olan neftçilər, geoloqlar və mühəndislər Xəzər akvatoriyasında yerləşən perspektivli sahələrin araşdırılmasında da fəal əməkdaşlıq ediblər. Hazırda isə Azərbaycanın Qazaxıstanla energetika sahəsində əməkdaşlığı yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev müsahibəsində neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti, eləcə də bu həcmlərin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında sazişləri xatırladıb.
Ənənəvi enerji əməkdaşlığı ilə yanaşı, Azərbaycan və Qazaxıstan bərpaolunan enerji sahəsində də tərəfdaşlıq imkanlarını araşdırırlar. 2023-cü ilin sonunda imzalanmış anlaşma memorandumuna əsasən, günəş və külək enerjisi sahəsində ortaq layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Qazaxıstanın geniş ərazisi və əlverişli iqlim şəraiti, Azərbaycanın isə investisiya və texnoloji imkanları bu sahədə əməkdaşlığı daha da dərinləşdirə bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Kazinform” əməkdaşının bununla bağlı sualını cavablandırarkən 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzaladıqlarını xatırladaraq deyib ki, bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir.
Dövlətimizin başçısı agentlik əməkdaşına verdiyi müsahibə zamanı ölkələrimiz arasında nəqliyyat-logistika əməkdaşlığını iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamət kimi dəyərləndirərək deyib: “İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır. Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır”.
Prezident İlham Əliyev, həmçinin infrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri olan Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi layihəsinə toxunaraq bildirib ki, 2025-ci ilin martında Bakıda imzalanmış tikinti müqaviləsi və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.
Göründüyü kimi, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi münasibətlər təkcə rəqəmlərlə yox, strateji baxış və qarşılıqlı etimadla da inkişaf edir. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatındakı mövqeləri, Xəzər dənizinin yaratdığı logistika imkanları və artan ticarət dövriyyəsi gələcəkdə daha geniş inteqrasiyanı zəruri edir. Bu münasibətlər isə yalnız iki ölkənin deyil, bütövlükdə, regionun rifahı üçün də mühüm əhəmiyyət daşıyır.
Ruslan ATAKİŞİYEV,
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru
Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələrin genişlənməsi, əslində, bir neçə əsas istiqamət üzrə həyata keçirilir. Birinci istiqamət nəqliyyat və tranzit sahəsində əməkdaşlıqla bağlıdır. Şərq – Qərb nəqliyyat dəhlizi çərçivəsində Çindən Avropaya daşınan yüklərin Xəzər dənizi vasitəsilə ötürülməsi prosesində Azərbaycan və Qazaxıstan arasında sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıq gömrük sahəsini də əhatə edir. Belə ki, Qazaxıstan üzərindən gələn yüklər barədə əvvəlcədən məlumatın alınması malların daha sürətli və səmərəli şəkildə tranzitinə şərait yaradır. Bundan əlavə, Ələt Azad İqtisadi Zonasında da Qazaxıstan şirkətlərinin fəal iştirakı müşahidə olunur. Artıq bu ölkənin bir sıra şirkətləri burada fəaliyyətə başlayıblar. Bu isə Qazaxıstandan gələn məhsulların Ələt vasitəsilə Avropa bazarlarına çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Digər bir istiqamət maliyyə və monetar siyasət sahəsində təcrübə mübadiləsi ilə bağlıdır. Azərbaycan Mərkəzi Bankı ilə Qazaxıstanın maliyyə idarəetməsi üzrə əsas qurumu olan Astana Beynəlxalq Maliyyə Mərkəzi arasında geniş əlaqələr mövcuddur. Bu çərçivədə Azərbaycanda maliyyə bazarlarının imkanlarının genişləndirilməsi, alternativ maliyyə alətlərinin inkişafı istiqamətində əməkdaşlıq həyata keçirilir.
Əhəmiyyətli məsələlərdən biri də kommunikasiya xətlərinin inkişafıdır. Xəzər dənizinin dibi ilə yüksək ötürmə qabiliyyətinə malik fiber-optik kabel xəttinin çəkilməsi layihəsi iqtisadi və strateji baxımdan böyük əhəmiyyət daşıyır.
Bundan başqa, Xəzər hövzəsinin birgə istismarı sahəsində də əməkdaşlıq genişlənir. Bu əməkdaşlıq dənizin gəmiçilik və balıqçılıq potensialından istifadəyə, eləcə də karbohidrogen ehtiyatlarının birgə hasilinə və onların dünya bazarına çıxarılmasına yönəlib.
Nəhayət, bu iqtisadi əməkdaşlığın gələcəkdə kənd təsərrüfatı, turizm və qeyri-neft sektorunun digər sahələrinə də müsbət təsir göstərəcəyi gözlənilir. Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələrin ardıcıl və çoxşaxəli inkişafı hər iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirir.
Mirbağır YAQUBZADƏ
XQ