Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ı çərçivəsində Şərur rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, xüsusilə kənd təsərrüfatı sahəsində mühüm nailiyyətlər əldə olunub.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Ümumi iqtisadi mənzərə və perspektivlər” mövzusunda çıxış edərək bildirib ki, hazırkı dövrdə iqtisadi inkişafın əsas elementləri dayanıqlılığın təmin olunması, innovasiyaların tətbiqi və rəqabət qabiliyyətinin artırılmasıdır. Nazir vurğulayıb ki, muxtar respublikada iqtisadiyyat müxtəlif sahələrdə uğurla inkişaf edir və bu inkişafın davamlı olması üçün sahibkarların rolu xüsusi önəm daşıyır. O, sahibkarları regionun iqtisadi potensialından və dövlətin dəstəyindən səmərəli istifadə etməyə, yeni investisiya layihələri icra etməkdə fəal olmağa, eləcə də mövcud fəaliyyətlərini genişləndirməyə çağırıb.
Sahibkarlığın İnkişafı Fondu idarə Heyətinin sədri Vüsal Novruzov “Mövcud maliyyələşmə imkanları” mövzusunda çıxış edərək, güzəştli kreditlər, dövlət dəstəyi mexanizmləri və yeni layihələr haqqında danışıb.
Sahibkar Yusif Quliyev öz fəaliyyəti barədə məlumat verib, ötən dövrdə Sahibkarlığın İnkişafı Fondunun güzəştli maliyyə vəsaitlərindən faydalandığını diqqətə çatdırıb və dövlətin iş adamlarına yaratdığı imkanlara görə minnətdarlığını bildirib. Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən regionun potensialına uyğun investisiya layihələri, ixrac imkanları və güzəştli kreditlərin verilməsi qaydaları ilə bağlı geniş təqdimatlar edilib.
“Açıq mikrofon” müzakirəsində sahibkarların sualları cavablandırılıb.
Səbuhi HƏSƏNOV
XQ